Şrift:
“Əhməd bəy Ağaoğlu - 150” mövzusunda elektron məlumat bazasının təqdimatı olub
26.10.2019 [11:27] - Mədəniyyət
Oktyabrın 25-də Milli Kitabxanada görkəmli publisist və tənqidçi, tanınmış şərqşünas alim Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyinə həsr olunmuş tədbir və “Əhməd bəy Ağaoğlu - 150” mövzusunda elektron məlumat bazasının təqdimatı keçirilib.

Tədbir ölkə başçısının Sərəncamına müvafiq olaraq Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi münasibətilə hazırlanmış tədbirlər planı əsasında reallaşıb.

Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə təşkil olunan tədbirdə Əhməd bəy Ağaoğlu haqqında geniş məlumat verilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq görkəmli publisist, ictimai xadim Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən geniş söhbət açıb. Bildirib ki, Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi geniş miqyasda qeyd edilir. Professor çıxışında qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, alimin zəngin elmi irsi tədqiqatçılar tərəfindən yeni aspektdə araşdırılıb, Azərbaycan xalqının maarifləndirilməsində, milli təfəkkürün formalaşmasında göstərdiyi xidmətləri geniş tədqiq olunub.

Bildirilib ki, Əhməd bəy Ağaoğlu təkcə Azərbaycanda deyil, Türkiyədə də ictimai-siyasi fəaliyyətini davam etdirib, türkçülük ideyalarını təbliğ edib.

Professor Kərim Tahirov çıxışında onu da qeyd edib ki, Milli Kitabxana öz növbəsində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinə həsr olunmuş “Əhməd bəy Ağaoğlu - 150” elektron məlumat bazasını hazırlayaraq Milli Kitabxananın www.anl.az saytı vasitəsilə geniş ictimaiyyətə, dünya oxucusuna təqdim edir.

Daha sonra Əhməd bəy Ağaolunun həyat və yaradıcılığı haqqında qısa film nümayiş edilib.

Filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu çıxış edərək görkəmli Azərbaycan ziyalısı, Qərbdə ilk ali təhsil alan, 5 dildə mükəmməl bilən Əhməd bəy Ağaoğlunun geniş ictimai-siyasi və elmi-publisistik fəaliyyəti haqqında söhbət açıb, görkəmli mütəfəkkirin bütövlükdə türk dünyasına xidmət etdiyini söyləyib. Bildirib ki, Milli Kitabxana tərəfindən hazırlanmış elektron məlumat bazası Əhməd bəy Ağaoğlunun zəngin irsinin beynəlxalq aləmdə təbliğinə xidmət edir.

Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Şahbaz Şamıoğlu çıxış edərək Əhməd bəy Ağaoğlunun Şuşada uşaqlıq günlərindən Parisdə təhsil illərinə qədər keçən bir dövrü əhatə edən “Altmış yeddi il sonra”, Maltaya sürgünündən bəhs edən "Mütariqə və sürgün xatirələri", yeni partiyanın qurulması barədə "Sərbəst firqə xatirələri"ndən bəhs edən əsərlərindən geniş söhbət açıb.

Natiq çıxışında Əhməd bəy Ağaoğlunun türk xalqlarının milli azadlıq hərəkatında və mədəni yüksəlişində misilsiz xidmətləri olduğunu xüsusi vurğulayaraq, onun yazdığı əsərlərinin bu gün də aktual olduğunu söyləyib.

Daha sonra Milli Kitabxana tərəfindən hazırlanmış “Əhməd bəy Ağaoğlu - 150” mövzusunda elektron məlumat bazası təqdim edilib. Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı: nəhəng fikir və əməl adamı”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxsiyyətlər Əhməd bəy Ağaoğlu haqqında” “Əsərləri”, “Haqqında”, “Difai partiyası haqqında”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Fotoqalereya”, “Videoqalereya” bölmələri təqdim edilir.

Sonda tədbir iştirakçıları Əhməd bəy Ağaoğlunun 150 illiyinə həsr olunmuş geniş kitab sərgisi ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Bu xəbər oxucular tərəfindən 36 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed