Şrift:
SƏRT İNTİZAMIN NƏCİB TÖHFƏSİ.
06.09.2012 [00:06] - Mədəniyyət
“Dolu” bədii filminin təqdimatı keçirilib.

Hər il avqustun 3-ü Azərbaycan Milli Kino Günü qeyd edilir. Bu əlamətdar hadisə ilə bağlı, bu il də avqustun 3-ü və 4-ü 2012-ci il tarixində “Nizami” kino-teatrında “Dolu” bədii filminin təqdimatı keçirilirdi. Təqdimat tədbirinə mən də dəvət olunmuşdum. Öncə, yadımda qalan yaradıcı kollektiv haqqında qısa məlumat vermək istərdim:
Filmin ssenari müəllifi – Aqil Abbas, rejissoru – Elxan Jəfərov, operatoru – Nadir Mehdiyev, musiqi tərtibatçısı – keçmiçmiş SSRİ xalq artisti, bəstəkar Polad Bülbüloğlu, baş rolda – Məmməd Səfa, “Drakon” rolunda – Rza Rzayev, “Pələng” rolunda – Elvin Əhmədov, “Pələngin” anası rolunda – Gülzar Qurbanova, Ağdam rayonunun İcra Başçısı rolunda – xalq artisti Fuad Poladov, polis rolunda – əməkdar artist Fərhad İsrafilov, müəllim rolunda – əməkdar artist Şamil Süleymanov və s.

Tədbirin rəsmi hissəsindən uzun-uzadı danışaraq, qiymətli vaxtınızı almaq fikrindən uzağam. Yalnız bir şeyi dərin məmnunluq hissi ilə qeyd etməliyəm ki, mərasimdə əsasən Azərbaycanın kübar təbəqəsinə mənsub (ən azından bu, mənim subyektiv fikrimdir) insanlar, o cümlədən, İsmayıl Şıxlının eyniadlı əsəri əsasında “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “Dəli Kür” bədii filmində Cahandar ağanın silah gücünə qaçırdığı, Əliyarın arvadı – Mələk obrazı kimi yadda qalmış, əməkdar artist Zemfira xanım Sadıxova, Azərbaycan və keçmiş Sovet kino sənətində tanınmış digər ziyalılar, kinematoqrafçılar, və digər bir-çox tanıdığım və tanımadığım mədəniyyət əhli, vətənsevər insanlar iştirak edirdi. Bu da təbii idi, çünki dəvət olunanların hər biri xüsusi həssaslıqla seçilmiş insanlar olunduğundan təsadüfi insanlar orada ola bilməzdi.

Filmin nümayişi, sözün əsil mənasında anşlaq idi. Mənim bu tədbirdə iştirakımın əsas səbəbkarı xətrini dünyalarca istədiyim keçmiş tələbəm Mahmənzər xanım oldu. Bir-neçə ildir ki onunla ailəvi dostluq münasibətlərindəyik. Mənzərin həyat yoldaşı Nəsimi də, fikrimcə, istedadlı bir kinorejissordur və yeri gəlmişkən deməliyəm ki, o, məni özünün bu yaxınlarda çəkib-qurtardığı “Dalan” filmində epizodik bir rolda lentə alıb. Mən aktyor deyiləm, amma deyilənə görə, oynadığım rol, sənətkar (Nəsimini nəzərdə tuturam) əlində, uğurlu alınıb!

Təqdimatı keçirilən filmin adı – “Dolu” sözü burada yağmur mənasında işlədilərək, rus dilində “qrad” deməkdir; film Qarabağ kəndlərindən birində, həyətdə, miz arxasında çay içərkən dolu yağması ilə başlayır. Dəyərli oxucularım sual verə bilər ki, 20 yanvar 1991-ci ildə Bakıda qanlı olaylar törətmiş və bu gün də erməni quldurlarına fitva verən bu mənfur rusların dilinin buraya nə dəxli var; məsələ burasındadır ki, həmin “qrad” yağmuru filmdə bu, əlləri qabar, halal zəhmət adamlarının və dinc insanların çay süfrəsini, hətta meyvə bağlarını alt-üst etdiyi kimi, “qrad snaryad”ları nəinki süfrələri, qab-qacağı, həyətləri və ya meyvə bağlarını – onlar bir anın içərisində evləri, mal-qaranı, bütün canlı varlığı viran edi; günahsız insanları – qadınları, qocaları qırıb məhv etdi, zavallı körpə uşaqları da qıydı! Məhz bu zaman rəşadətli gənclərimiz, ər igidlərimiz silaha sarılaraq dərhal səfərbər oldular və Ana Vətənin müdafiəsinə qalxdılar! – Burada ssenari müəllifi Aqil Abbas rus dilində deyilən yağmur “qrad” ilə silah “qrad”ın güclü təzadını çox böyük bir məharətlə işləyib.

Təcrübəli aktyorumuz, mənim adaşım Məmməd Səfa baş rolda o qədər qüsursuz və səlist oynayır ki, sanki o, heç aktyor deyilmiş, gerçəkdən hərbi qulluqçu imiş. Filmin təqdimatından sonra ayrı-ayrı məqamları müzakirə edərkən Məmməd Səfada, əsil komandirlik vərdişlərini müşahidə etdim və söhbət əsnasında onunla bir zarafat da elədim: “Qardaş, siz elə anadangəlmə komandirsiniz ki! Sizin yeriniz ordudur”. Bilmədim xoşuna gəldi, ya acığına, amma etika xatirinə, öz məmnunluğunu bildirdi... Ləzgi qardaşlarımız kimi, sözün yeri gəldi, mən özümü saxlaya bilmirəm ki!

Filmdə “Drakon” rolunu oynayan Rza Rzayev barədə, xüsusilə danışmaq istərdim. Əvvəla, onu deyim ki, mənim Rza ilə görüşüm və onun yadda qalan, olduqca emosional bir rolda oynaması, mənim üçün gözlənilməz olduğu qədər də xoş bir sürpriz oldu. Onun döyüş əzmi, baş verən hadisələrə qəzəbi, satqın bir kənd məmurunu cəzalandırması, aralarında müəyyən inciklik olmasına baxmayaraq yaralanmış dostu “Pələng”i xilas etmə cəhdi; bütün bunlarda Rza (Drakon rolunda) öz real xarakter və temperamentini ortaya qoyub...

On beş ildən artıq idi ki onu görmürdüm. Mahmənzər xanımla söhbətlərimdə, xatirələrimdə sevimli tələbələrim sırasında Rzanın da adını çəkmişdim; düşünürəm, bunu da Mahmənzər qəsdən, öncədən deməmişdi ki mənim güclü sevincimə səbəb olsun. Mən 1989-96-cı illərdə, Azərbaycan Respublikası Təhsil Sisteminin özəl sektorunda mərhum akademikimiz prof.Rasim Əsədovun təşəbbüsü və rəhbərliyi ilə yaradılmış “Futuroloq” Fasiləsiz Təhsil Kompleksində birinci prorektor (və İngiltərə tipli Açıq Universitetin rektoru) vəzifəsində işləyərkən Rza özünün yüksək təlim-tərbiyəsilə yaddaqalan tələbələrimdən biri olub. Kifayət qədər də çılğın və liderlik qabiliyyətinə malik, oğlum Ülvi kimi ucaboy, yaraşıqlı bir dəliqanlı idi. Rzanı digər tələbələrdən ona görə çox istəyirdim ki, onda qorxaqlıq yox idi, mərd idi; nəinki özünəqarşı, o, yoldaşlarına və hətta institut rəhbərliyinə münasibətdə də tələbkar, mübariz və ədalətsevər bir gənc idi. O da mənə qarşı hörmət və rəğbətini gizlətmirdi, eyni zamanda məddahqlığı da sevmirdi. Mən onu filmdə, əsas rollardan birində görüncə az qaldı sevincdən nəfəsim kəsilsin! O zaman beynimdən sanki bir elektrik cərəyanı keçdi və o cərəyan mənə anlatdı ki Rza mənimçün yalnız sevimli bir tələbə deyil, ondan daha çox, bəlkə də, o mənimçün övladım qədər doğma bir varlıqdır! Film özü də olduqca təsirli olduğundan, hətta elə kövrəldim ki, işıqlar yananda bilmirdim nəmli gözlərimi haraya gizlədim! Doğrudur, filmin mövzusu bizim ən ağrılı yerimizdir, lakin ədalət naminə desək, olduqca orijinal səviyyədə həm bədii, həm də sənədli bir film alınıb! Filmdən sonra kinoteatrın həyətində öz təəssüratlarımızla bağlı fikir mübadiləsi edərkən mən Rzanı bir daha bağrıma basaraq onu çox uğurlu rola görə təbrik edəndə, o mənim kövrəldiyimi hiss etdi və dedi: “Mamed müəllim, o zaman bizimlə o qədər sərt rəftar edirdiniz ki hamımız sizdən çəkinirdik!” – Özümü doğrultmağa çalışdım: “Oğlum, mən yalnız özünü tərbiyəsiz, əxlaqsız aparanlara, harınlamışlara qarşı sərt idim; vəzifə borcum bunu tələb edirdi. Bir də ki, o zaman o sərtlik və tələbkarlıq olmasaydı, nəticədə sənin kimi belə bir şəxsiyyət formalaşmazdı!” O, özünə xas olan yüksək etika ilə, öz razılığını bildirdi.

Filmdə digər bir müsbət qəhrəman “Pələng”in anası rolunu aktrisa Gülzar Qurbanova olduqca gözəl oynadı. Yüksək keyfiyyət və incə zövqlə bərpa olunmuş “Nizami” kino-teatrının genişekranlı kino zalında, 10-cu sırada, orta yerlərdə, Gülzar xanım Qurbanova ilə Zemfira xanım Sadıxovanın arasında oturmaqdan böyük şərəf duydum, çünki bu qısa müddətdə (filmin təqdimatından öncə) bu iki nəcib xanımla Azərbaycan mədəniyyəti “ümmanına” baş burub müəyyən qədər fikir mübadiləsi edə bildik. Təbii ki, filmin nümayişi prosesində hamı susmuşdu və hər bir hadisəni diqqətlə izləyirdi. Filmin sonuna yaxın, özümdən asılı olmadan dönüb, Gülzar xanıma baxdım, qaranlıq da olsa, onun gözlərinin yaş içərisində olduğunu aydın gördüm! Doğrusu, özüm də qəhərimi zorla boğurdum – həm Qarabağ mövzusu məni güclü təsirləndirmişdi, həm də dünənə qədər ərköyün uşaq sandığım tələbəmlə qürur duyurdum; ən azından elə düşünürdüm ki, sanki onun bu cür formalaşmasında və filmdə qazanmış olduğu uğurda mənim də müəyyən dərəcədə xidmətim olub. Kövrəlmişdim, ona görə ki 1992-ci ildə digər bir sevimli tələbəm, şəhid Elşən Həsənov öz tələbə yoldaşları ilə və mənimlə vidalaşaraq, son dəfə məhz mənim auditoriyamdan Qarabağa, bir AMON-çu kimi, yola düşmüşdü!... Filmin titrları gedən vaxt ayaq üstə, təxminən 10 dəqiqə sürəkli alqışlar səsləndi. Ayağa qalxaraq əl çalmağa başlayan birinci tamaşaçı, bəlkə də, elə mən özüm idim!

Təqdimatdan sonra həyətdə rəylər, fikirlər, komplimentlər səsləndi və xatirə foto-şəkilləri çəkildi. Mənzər məni öz dostları (yaradıcı kollektiv) ilə tanış edirdi. Mən isə bu dərin təəssüratdan sonra, uzun müddət özümü ələ ala bilmirdim. Mahmənzərin çılğın davranışı və xoş aurası tezliklə mənim də psixoloji durumuma pozitiv sirayiş etdi.
Hörmətli oxucularım! Mən kino sənəti üzrə mütəxəssis deyiləm, ona görə də mümkündür ki, bu sahədə geyri-professionallığım diqqəti çəksin; müşahidə edə biləcəyiniz hər hansı bir qüsura görə, bəri başdan, üzr istəyirəm! – Fəqət mən yalnız adi bir tamaşaçı kimi özəlliklə, təəssüratlarımı sizinlə bölüşmək qərarında bulundum.

Cəfakeş incəsənət adamlarına dərin hörmət və rəğbətlə:
prof.Məmməd Nəcəfzadə –
AMEA-nın əməkdaşı,
Dünya Azərbaycanlıları Konqresi
(XII) Brüssel Qurultayının nümayəndəsi


SƏRT İNTİZAMIN NƏCİB TÖHFƏSİ.

SƏRT İNTİZAMIN NƏCİB TÖHFƏSİ.

SƏRT İNTİZAMIN NƏCİB TÖHFƏSİ.

SƏRT İNTİZAMIN NƏCİB TÖHFƏSİ.

SƏRT İNTİZAMIN NƏCİB TÖHFƏSİ.

SƏRT İNTİZAMIN NƏCİB TÖHFƏSİ.
Bu xəbər oxucular tərəfindən 1817 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed