Şrift:
Türkiyəni 9 yerə parçalamaq cəhdləri - Cümhuriyyətin 96 yaşı tamam olur - TARİX
29.10.2019 [10:08] - Xəbərlər, Türkün şanlı tarixi
Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasından 96 il ötür.



1914-1918-ci illərdə Osmanlı İmperiyasının Birinci Dünya müharibəsində məğlub olmasından sonra qalib dövlətlər - İngiltərə, Fransa, İtaliya və Yunanıstan Türkiyənin böyük hissəsini işğal edirlər.



Osmanlı ordusunun zabiti Mustafa Kamal bu işğalı qəbul etməyərək, 1919-cu il mayın 19-da Samsun şəhərində Milli Azadlıq Hərəkatına start verir.

1920-ci il mayın 11-də İstanbuldakı Osmanlı hökuməti ilə qalib dövlətlər arasında Türkiyə ərazilərinin böyük hissəsinin işğalını rəsmiləşdirən təslimçi Sevr müqaviləsi imzalanır.

Təslimçiliyi qəbul etməyən və Mustafa Kamalın rəhbərliyi altında birləşən müqavimət qüvvələri işğalçılara qarşı Qurtuluş Savaşına başlayırlar.

1920-ci il sentyabrın 14-də ümumi səfərbərlik elan edilir.

Qurtuluş Savaşı 1922-ci il avqustun 30-da türk millətinin tam qələbəsi ilə başa çatır. 1923-cü il oktyabrın 13-də Ankara paytaxt elan olunur. Oktyabrın 29-da isə Böyük Millət Məclisində Türkiyə Cümhuriyyətinin qurulduğu rəsmən elan edilir. Lozanna sülh konfransında uzun müzakirələrdən sonra Türkiyə mövcud sərhədlər çərçivəsində böyük dövlətlər tərəfindən tanınır. 1934-cü ildə Türkiyə Böyük Millət Məclisində Mustafa Kamala "Atatürk" soyadı verilir.



Həmin dövrdə Türkiyə və Azərbaycanın əlaqələri haqqında Modern.az-a danışan tarixçi Nəsiman Yaqublu qeyd edib ki, o dövrdə vəziyyət olduqca mürəkkəb idi. Onun sözlərinə görə, beynəlxalq dövlətlərin Türkiyəyə qarşı “səlib yürüşləri” davam edirdi:



“Xüsusilə, Sevr müqaviləsinin şərtlərinə görə, Türkiyəni az qala 9 yerə parçalamaq cəhdləri var idi. Bu vəziyyət qurtuluş savaşına aparırdı. Belə durumda Türkiyənin Qafqazda yaranmış dövlətlərə, xüsusilə Azərbaycan Xalq Cümhuriyyətinə ciddi kömək etməsi qeyri-mümkün idi.

Vəziyyətin gərginliyi Türkiyəni həmin dövrdə bolşevik Rusiyası ilə yaxınlaşmaq məcburiyyəti qarşısında qoydu. Azərbaycanı da işğal etmiş Rusiya ilə Türkiyənin yaxınlaşması müəyyən siyasətçilərimizdə narazılıq yaratsa da, onlar başa düşürdülər ki, bu qaçılmaz durumdur. Məhəmməd Əmin Rəsulzadənin həmin dövrdə “Qurtulan Şərqin simvolu” məqaləsi dərc olundu. Atatürkdən bəhs edən bu məqalədə M.Ə.Rəsulzadə başa düşərəkdən etiraf edirdi ki, Türkiyə həmin Rusiya ilə yaxınlaşmağa məcbur idi. Rusiya isə Türkiyənin düşdüyü bu vəziyyətdən və beynəlxalq şəraitdən istifadə edərək, ətrafındakı keçmiş çar Rusiyası bölgələrində işğal planını davam etdirirdi. O cümlədən Azərbaycanı işğal etdi”.



N.Yaqublu söyləyib ki, Türkiyənin qurtuluş savaşına, Cümhuriyyətin yaradılmasına, Azərbaycan Xalq Cümhuriyyəti qurucularının, görkəmli şəxslərin münasibəti müsbət olub:



“Məsələn, Əhməd bəy Ağaoğlu böyük sevgisi ilə qeyd edirdi ki, Türkiyə Cümhuriyyəti yaradılıb. Əli bəy Hüseynzadə də müasir, modern Türkiyə Cümhuriyyətinin qurulmasını müsbət qarşılayırdı. Təbii ki, Sovet Azərbaycanının o dövrdə Türkiyə ilə əlaqələri ancaq Rusiya vasitəsilə mümkün idi. Müsbət əlaqələr sistemi yox idi.

1925-ci ildə Türkiyənin axırıncı səfiri Azərbaycan ərazisindən çıxıb getmək məcburiyyətində qaldı. Çünki artıq Azərbaycan yox, Moskva var idi. Türkiyə səfirinin ölkəmizdə qalması Bakıda deyil, Moskvada saxlanması anlamına gəlirdi. Ona görə, səfir öz fəaliyyətini yekunlaşdırıb, ölkəmizi tərk etdi. Bununla Azərbaycan və Türkiyə arasında birbaşa diplomatik əlaqələr tamamilə kəsildi, ancaq Moskva vasitəsilə əlaqə qurmaq olardı.

İstənilən halda Türkiyədəki inkişafa Azərbaycanın münasibəti müsbət idi. İndi də böyük sevgi ilə yanaşırıq. Hər il Türkiyə Cümhuriyyətinin Respublika günü qeyd edirilir və biz də buna şərik oluruq. Nə yaxşı ki, Türkiyə kimi dövlət var və mövcuddur”.
Bu xəbər oxucular tərəfindən 79 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed