Şrift:
Tağı Əhmədovdan "28 May" açıqlaması.
06.09.2012 [01:00] - Sosial
Bakı Metropoliteninin rəisi: “Xalq Cümhuriyyəti dövrünə aid nə varsa hamısı yerində qalacaq”

Bakı metrosunun"28 May" stansiyasının yeni layihəsi hazırlanıb. Yerli mətbuat yazır ki, stansiyanın yeni layihələrinin fotolarında metronun içəri hissələrində divarlarda olan 1918-ci il Xalq Cümhuriyyətinin bəzi tarixi eskizləri yığışdırılıb.

Cümhuriyyət irsinin “28 May” metrostansiyasından silinməsi xəbəri cəmiyyətdə birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun fikrini öyrəndik.

O, öz açıqlamasında bildirdi ki, yayılan xəbərlər yanlışdır: “Çox səhv yazıblar. Buradakı mərmərlər söküləcək və yeniləri ilə əvəzlənəcək. Ancaq Xalq Cümhuriyyəti dövrünə aid nə varsa hamısı yerində qalacaq. Çünki bu, ”28 May" metro stansiyasının əsas atributudur. Yəni Cümhuriyyətin irsi “28 May”dan silinməyəcək. Əgər Xalq Cümhuriyyətinin eskizləri orada olmasa onda stansiyanın “28 May” adlandırılmasının mənası olmaz axı. Belə bir şey ola bilməz. Stansiya yenilənəcək, ancaq atributlar yerində qalacaq. Onda gərək biz stansiyanın adını dəyişək. Bu da qeyri-mümkündür. Hamıdan çox məndən elə Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə inciyər".

Qeyd edək ki, metronun “28 May” stansiyasının Cəfər Cabbarlı meydanında yerləşən əsas giriş-çıxışında yeni eskalatorların quraşdırılması tam sürətlə və təyin olunan cədvələ uyğun aparılır. Bakı Metropolitenindən verilən məlumata görə, 4 ədəd eskalatorun 4-ü də yerinə qoyulub. İki eskalator qaçış sınağına tam hazır vəziyyətdədir. Həftə sonuna qədər digər iki eskalator da sınaq qaçışına hazır olacaq. Gələn həftə ərzində eskalatorların sınağı və təkrar yoxlanması aparılacaq. Eyni zamanda kassa və turniket zalları, maşın zalı və bütün müvafiq sahələrdə təmir-bərpa işi sürətləndiriləcək. Məlum olub ki, yeni eskalatorlar tədris ilinin başlanğıcına, yəni 2012-ci il sentyabrın 15-nə qədər tam hazır vəziyyətdə sərnişinlərin istifadəsinə veriləcək.

Bu il Milli Məclisin 29 iyunda keçirilən iclasında Bakı Metropolitenindən istifadə qaydalarının pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilmişdi. Belə ki, dəyişiklikdə Bakı Metropolitenindən istifadə qaydalarını pozanların cərimə olunması nəzərdə tutulub. Cərimələrin hansı tarixdən tətbiq olunacağına gəlincə, Tağı Əhmədov bildirdi ki, qərarın təsdiqindən sonra icra olunacaq: “Bu sənəd prezident tərəfindən təsdiqləndikdən sonra metroda cərimələr tətbiq ediləcək”.

Günay MUSAYEVA
Bu xəbər oxucular tərəfindən 1356 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed