Şrift:
Qərbi Azərbaycanın Üləmalar Məclisindəki nümayəndəsi: “Tikantəpədəki təfrəqə heykəlini qaldırın”
29.10.2019 [12:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Qərbi Azərbaycanın İran Üləmalar Məclisindəki nümayəndəsi Tikantəpədəki dəf adlanan təfrəqə heykəlinin qaldırılmasını tələb edib.



Oktyabrın 27-də Tikantəpəyə səfər edən Ayətüllah Əsgər Dirbaz Qərbi Azərbaycan valisi Məhəmməd Mehdi Şəhriyari və Tikantəpə Şəhər İcra Hakimiyyətinin başçısı Mahmud Zamaniyə xəbərdarlıq edərək şəhərdə təfrəqə salan heykəlin götürülməsini istəyib.



“Daneşcu qram” Telqram kanalının yaydığı məlumata görə, Qərbi Azərbaycanın Üləmalar Məclisindəki nümayəndəsi səlahiyyətli məsulları bu barədə qərar qəbul etməyə çağırıb.



“Hörtmətli vali, Şəhər İcra Hakimiyyəti başçısı və digər məsullar bu hadisəyə müdaxilə etsinlər. 450 başıuca şəhidi olan şəhərdə belə bir heykələ yer olmamalıdır. Bu şəhərdə gül, mübarizə və mənəviyyatı xarakterizə edən simvol nümayiş etdirilməlidir.”- deyə o bildirib.



Ötən həftə də Tikantəpə, Qoşaçay və “Sayın qala”dan olan yüzlərlə soydaşımız səlahiyyətli vəzifəli şəxslərə məktub yazaraq Tikantəpə şəhərində “Pejak” terror qruplaşmasının simvolunun qaldırılmasına etiraz bildirib, bu məkrli planın arxasında dayanan şəxs və ya şəxslərin cəzalandırılmasını tələb etmişdilər.



Sözügedən heykəl dəf musiqi aləti şəkilində hazırlanıb, heykəldə “Pejak” və “Demokrat” kürd terror qruplaşmalarının simvolu olan “günəş” əks olunub. Heykəl Tikatəpə şəhərinin bələdiyyə başçısı Naseh Məhəmmədxaninin sifarişi və Şəhər Şurasının radikal kürd üzvü Hüseyn Mikailinin nəzarəti ilə hazırlanıb və cari ilin oktyabr ayının 9-da Tikantəpənin Şərifabad məhəlləsində ucaldılıb.

Bu məsələ azərbaycanlıların kəskin etirazına səbəb oldu. Etirazlar genişləndikdən sonra Bələdiyyə İdarəsi geri addım ataraq oktyabrın 13-də terrorçu qruplaşmaların simvolunu heykəlin üzərindən götürdü. Lakin yerli əhali dəf şəkilində hazırlanan “təfrəqə heykəli”nin bir dəfəlik qaldırılması və Hüseyn Mikailinin Şəhər Şurasından kənarlaşdırılmasını tələb edir.



Xatırlatmaq lazımdır ki, Tikantəpədə radikal kürdlərin həyata keçirmək istədikləri planların əksəriyyətinin arxasında Hüseyn Mikaili dayanır. O ötən il Novruz bayramı günlərində azərbaycanlı bir sənətkar tərəfindən hazırlanan “Təkəm” heykəlinə (“Təkəm gəzdirmə” Güney Azərbaycanda Novruz bayramında həyata keçirilən qədim mərasimlərdən biridir) qarşı çıxaraq Bələdiyyə İdarəsinin önündə ucaldılan həmin heykəli yerindən götürülmüşdür.
Bu xəbər oxucular tərəfindən 24 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed