Şrift:
“Qarabağ” muğam qrupunun Tiflisdə möhtəşəm konserti
30.10.2019 [23:58] - Mədəniyyət
Tiflisdəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində “Qarabağ” muğam qrupunun konserti olub. Konsert Beynəlxalq Muğam Mərkəzinin “Azərbaycan (muğamlar, xalq mahnıları və təsniflər) və gürcü (folklor) musiqi mədəniyyətləri: tarixi köklər, müasir əlaqələr və perspektivlər” layihəsi çərçivəsində təşkil olunub. Muzeyin elmi işçisi Leyla Əliyeva çıxış edərək Azərbaycan ilə Gürcüstan arasındakı dostluq münasibətlərindən danışıb, bu cür tədbirlərin mədəni əlaqələrimizin inkişafına və daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul əməkdaşı Anar Hidayətov çıxış edərək konsertin təşkilatçılarına təşəkkür edib. Bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirən A.Hidayətov deyib: “Bu gün Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Əlaqələrimizin belə yüksək səviyyəyə çatmasında mədəniyyət və incəsənət xadimlərinin də böyük rolu var. İnanıram ki, bu cür tədbirlər bizi daha da yaxınlaşdıracaq və dostluğumuzu daha da möhkəmləndirəcək”.
Diplomat bu cür tədbirlərin torpaqlarımız işğaldan azad edildikdən sonra Şuşada, Laçında, Füzulidə, Zəngilanda və digər rayonlarda da təşkil olunacağına ümidvar olduğunu vurğulayıb. Sonra muzeyin nəzdində saz ifaçısı Nargilə Mehdiyevanın rəhbərliyi ilə fəaliyyət göstərən “Meydan” musiqi qrupunun aşıqları, eləcə də Gürcüstanın qadınlardan ibarət “Nanina” Xalq Çalğı Alətləri Ansamblı və “Eqari” Etnocaz İnstrumental Ansamblı maraqlı musiqi nömrələri ilə Bakıdan gəlmiş nümayəndə heyətini salamlayıb. Daha sonra səhnəyə “Qarabağ” muğam qrupu çıxıb.
Paytaxt Tiflislə yanaşı, Rustavi şəhərindən, Marneuli, Qardabani, Bolnisi və digər rayonlardan gəlmiş tamaşaçılar muğam qrupunu alqışlarla qarsalayıblar. Azərbaycanın Xalq artisti Mənsum İbrahimov tamaşaçılara minnətdarlığını bildirib. O, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tezliklə torpaqlarımızın azad ediləcəyinə və bu cür konsertlərin həmin ərazilərdə keçiriləcəyinə əminliyini ifadə edib.
Tamaşaçılar M.İbrahimovun konsertdə ifa etdiyi “Laçın”, “Sarı gəlin” mahnılarını və “Qarabağ şikəstəsi”ni ayaq üstə alqışlayıblar.
Azərbaycanın xalq və bəstəkar mahnılarının, muğamının mahir ifaçısını bu konsertdə Azərbaycanın Əməkdar artistləri Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança) və Kamran Kərimov (nağara) müşayiət ediblər. Konsertin sonunda Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov muzeyə tar hədiyyə edib. Muzey rəhbərliyi BMM-in direktoru, Xalq artisti Murad Hüseynovu, tədqiqatçı-alim Gülhüseyn Kazımovu və Xalq artisti Mənsum İbrahimovu fəxri fərmanla təltif edib. Konserti izləyənlərin sırasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Dövlət Folklor Mərkəzinin direktoru Georgi Donadze, Gürcüstan Xalq Mahnıları və Musiqi Alətləri Muzeyinin direktoru Revaz Kodrikadze və başqa şəxslər də olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 25 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed