Şrift:
Saxta lider Kuruşla bağlı tarixi hadisələrə etiraz
31.10.2019 [00:51] - Güney Azərbaycan xəbərləri
İran adlı ölkənin qədim tarixi lideri kimi təqdim edilən Kuruş haqqında təhrif edilmiş faktları tənqid edən video sosial şəbəkələrdə maraq doğurub. Videoda təhrifləri sadalayan şəxs soruşur ki, “tarixi həqiqətləri dilə gətirməyə senzura kimin göstərişi ilə tətbiq edilib”, “kimlər İslam Respublikasında tarixi həqiqətlərin kitab və media orqanlarında öz əksini tapmasına əngəl törədirlər?”
Həmin şəxs həmçinin soruşur ki, “nəyə görə İran tarixində və ədəbiyyatında Kuruşun adı yoxdur?”, “niyə Sədi, Hafiz və digər şairlər öz əsərlərində Kuruşun adını çəkməyiblər” və “məgər o, təriflənəcək və böyük şəxsiyyət olmayıb?”
O, həmçinin Firdovsinin “şahlar poeması”na diqqət çəkib və qeyd edib ki, ədib həmin əsərdə Əhəmənilərdən əvvəl və sonra mövcud olmuş dövlətlərin şahlarının adını çəksə də, Kuruşdan bir kəlmə də olsun heç nə yazmayıb.
“Müasir və qədim tarixçilərdən bir çoxu Pasarqadda Kuruşa aid olduğu deyilən qəbirlə bağlı fərqli fikirlər söyləyiblər. Onlar həmin qəbrin Kuruşa deyil, başqa dövrdə yaşamış digər şəxsə aid olduğu fikrini irəli sürüblər”,- deyə tənqidçi əlavə edib.
Qeyd etmək lazımdır ki, Kuruşla bağlı müxtəlif fikirlər var. Paniranistlər onun ölümünü İran tarixinin “ağır itki”lərindən biri, eləcə də “böyük insanın ölümü” kimi təqdim edirlər.
Digər tərəfdən, əksər tarixçilər Kuruşun ölümünün döyüşlər, zorakılıqlar, qəsblər və qan tökmələrin sonu kimi dəyərləndirirlər. Onların fikirlərinə görə, o, hakimiyyətini qoruyub saxlamağa və digər ölkələri qəsb etməyə çalışan padşah olub. Kuruşun ölümü ilə bağlı da müxtəlif fərziyyələr mövcuddur. Əksər tarixçilər onun döyüşdə həlak olduğunu yazıblar. Qədim yunan tarixçisi Herodot bu barədə yazır ki, 2-ci Kuruş Babili ələ keçirdikdən sonra Massagetləri öz vassalına çevirmək və ərazilərini tutmaq istəyirdi.
Heredot qeyd edir ki, Kuruş özünü irqi baxımdan bütün irqlərdən üstün bildiyinə görə, Massagetləri (Araz çayı ətrafında yaşayan türklər) özünə tabe etməyə çalışırdı. Eləcə də, Kuruş bu bölgənin hökmdarı olan Tomrisi öz “cariyəsi”nə çevirmək istəyirdi. Sak türk qrupundan olan Massagetlərin şahzadəsi Tomriz baş verən döyüşdə Kuruşu məğlub edir və onun başını kəsir. Herodot həmçinin yazır ki, Kuruş namərdcəsinə işlətdiyi hiylə nəticəsində Tomrisin oğlunu qətlə yetirir, daha sonra Massagetlərin düşərgələrindən birinə hücuma keçib, orada olanların hamısını qadınlı-kişili qılıncdan keçirir. Bundan sonra isə Massagetlər Əhəməni ordusunu məğlub edir, nəticədə Tomris Kuruşu öldürür. “Tomris Kuruşun başını kəsdikdən sonra onu Kuruşun öldürdüyü insanların qanları ilə dolu teştin içərisinə qoyub dedi: Ey qaniçən, sən ömrünü günahsız insanların qanını içməklə keçirdin, amma doymadın. İndi al, nə qədər qan istəyirsən, iç və doy!”,- deyə Herodotun tarix kitabında vurğulanır.
Bu günə qədər avropalı rəssamlar tərəfindən Kuruşun Tomris tərəfindən öldürülməsini təcəssüm etdirən müxtəlif rəsm əsərləri çəkilib. Həmin incəsənət xadimlərindən Piter Paul Rubens, Aleksandr Zick, Victor Volfeot, Andreya del Katango və digərlərini misal göstərmək olar. Bəzi tarixçilərin fikirlərinə əsasən, Təbriz şəhərinin adı şahzadə Tomrisin adı olub və zamanla onun tələffüz forması dəyişilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 28 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed