Şrift:
ABŞ Konqresinin Reybörn binasının qarşısında qarşı etiraz aksiyası keçirilib
31.10.2019 [10:26] - Xəbərlər, Diaspor
Xəbər verildiyi kimi, oktyabrın 30-da özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi təqdim edən Masis Mailiyan Vaşinqtona səfər edib. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərinin sakini olan Masis Mailiyan Ermənistan və erməni lobbisinin səyləri nəticəsində baş tutan səfəri zamanı ABŞ Konqresinin Reybörn binasında separatçı rejimi təbliğ edən və Azərbaycan ərazilərinin işğalına dəstək qazandırmaq məqsədi daşıyan tədbir keçirib.

Ermənistanın ABŞ-dakı səfirliyi, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin ABŞ-dakı “nümayəndəliyi”, Amerika Erməni Assambleyası, öz büdcəsini Birləşmiş Ştatların erməni icmasının hesabına dolduran Amerika Erməni Milli Komitəsi tərəfindən təşkil edilmiş tədbirə ermənipərəst qanunvericilər də dəvət olunub.

Tədbirlə eyni vaxtda Reybörn binasının qarşısında Azərbaycan icması tərəfindən təşkil olunmuş etiraz aksiyası keçirilib. Aksiyada Vaşinqton və ətraf şəhərlərdəki Azərbaycan icmasının üzvləri iştirak ediblər. Nümayiş iştirakçıları əllərində erməni liderlərinin – Bako Saakyanın, Serj Sarkisyanın və digərlərinin hərbi cinayətkar olmalarını təsvir edən plakatlar tutub, Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı faktları, Ermənistanın vassal dövlət olması, müstəqil siyasi kursunun olmaması, Xocalı soyqırımı, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi barədə məlumatları aksiyaya qoşulanların və ABŞ Konqresinin üzvlərinin diqqətinə çatdırıblar.

Qondarma rejimin tədbirinin başlanmasından bir neçə dəqiqə əvvəl erməni lobbi təşkilatının üzvlərindən biri azərbaycanlı aksiya iştirakçılarının qarşısına çıxaraq qondarma “erməni soyqırımı”ndan danışaraq təxribata cəhd edib. Lakin polis əməkdaşları təxribatın qarşısını dərhal alıblar.

Ermənilərin bu tədbiri Konqresin binalarından birində keçirmələri onun Vaşinqton şəhərinin hər hansı başqa binasında keçirilən tədbirlə müqayisədə daha əhəmiyyətli olması demək deyil. ABŞ Konqresinin 435 üzvündən hər biri Konqresin binasında hər hansı tədbir üçün otaq sifariş edə bilər. Ermənilərin tədbirinin Konqresin binalarının birində keçirilməsinin əsas səbəbi konqresmenləri şirnikləndirmək məqsədilə bu kiçik tədbirin əhəmiyyətini şişirtmək olub, habelə Ermənistanın işğal olunmuş ərazilərdəki qondarma rejimə “legitimlik” qazandırmağa xidmət edib.

Erməni lobbi təşkilatları son həftə ərzində qanunvericilərə məktublar göndərərək onları şirnikləndirmək yolu ilə bu tədbirə dəvət ediblər. Lakin onların səyləri puç olub. ABŞ Azərbaycanlıları Şəbəkəsi qanunvericiləri Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumatlandırmaq üçün yazılı kampaniya keçirib. Kampaniya nəticəsində ABŞ konqresmenlərinə və senatorlarına, yerli media qurumlarına və Dövlət Departamentinə ünvanlanan məktublarda Ermənistanın qeyri-müstəqilliyi, Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin kriminal və qeyri-legitim olması və bu ölkənin ABŞ-ın milli maraqlarına qarşı fəaliyyəti, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinin işğalçı ölkə tərəfindən yerinə yetirilməməsi barədə məlumat verilib. Bundan əlavə, ABŞ Azərbaycanlıları Şəbəkəsi Konqresin bütün üzvlərinə Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə daha ətraflı məktub göndərib və qondarma rejimi Vaşinqtonda reklam edən ermənipərəst şəxslərə və qurumlara məhəl qoymamağa, Azərbaycanın ərazisində mülki əhaliyə qarşı bir neçə qətliam törətmiş hərbi cani qrupunu təmsil edən Masis Mailiyanın dəvətini rədd etməyə və dövlət siyasəti ABŞ-ın milli maraqlarına zidd olan Ermənistanı pisləməyə çağırıb.
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed