Şrift:
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytı yenilənib
31.10.2019 [12:29] - Sağlıq
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytının (its.gov.az) məzmunu və dizaynı yenilənib.

Agentlikdən verilən məlumata görə, saytın yeni versiyasının müasir dizaynla tərtib edilməsi ilə yanaşı, onun strukturuna yeni bölmələr də əlavə edilib.

Sayt hazırlanarkən vətəndaşları agentliyin fəaliyyəti və icbari tibbi sığorta sahəsi üzrə ən çox maraqlandıran məsələlər nəzərə alınıb və əvvəlki qaydada Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də fəaliyyət göstərir.

4 səhifədən, 5 bölmədən və 27 altbölmədən ibarət olan saytda qurumun fəaliyyətinə dair xəbərlər və məlumatlarla tanış olmaq, habelə icbari tibbi sığortanın tətbiqi ilə bağlı əhalini maraqlandıran suallara cavab tapmaq mümkündür.

Saytın yuxarı panelində açar sözü yazıb lazım olan məlumatı əldə etmək məqsədilə axtarış bölməsi yaradılıb.

Birinci səhifədən “Sığortaolunanların hüquq və vəzifələri”, “Baza zərfi”, “İstisnalar zərfi” və “TƏBİB” adlı ümumilikdə 4 altbölməyə keçid etmək mümkündür. “Baza zərfi” altbölməsinə daxil olmaqla vətəndaşlar pilot ərazilərdə icbari tibbi sığorta çərçivəsində təminat verilən tibbi xidmətlərin siyahısı ilə tanış ola bilərlər. “İstisnalar zərfi” altbölməsində isə baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin toplusu yer alır. “TƏBİB” altbölməsinə daxil olduqda icbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək tibb müəssisələrinin siyahısı ilə tanış olmaq mümkündür. Həmçinin birinci səhifədə vətəndaşlar “Elektron müraciət” xidmətindən istifadə edərək qurumun fəaliyyəti ilə bağlı təklif, ərizə və şikayətlə müraciət edə bilərlər.

Agentliyin fəaliyyəti ilə əlaqədar xəbər, press-reliz, foto və videomateriallar saytın ikinci səhifəsində mütəmadi olaraq yenilənir.

Növbəti səhifədə agentlik haqqında ümumi məlumat, qurumun strukturu və filialları barədə informasiya öz əksini tapır.

Saytın sonuncu səhifəsində isə “Qanunvericilik” bölməsinə və “Ən çox verilən suallar” altbölməsinə keçid etmək mümkündür. Vətəndaşlar “Qanunvericilik” bölməsinə daxil olaraq normativ-hüquqi sənədlərlə tanış ola bilərlər.

Saytın aşağı panelində yerləşən “Abunə olun” xidməti vasitəsilə istifadəçilər qurumun fəaliyyəti ilə bağlı yayımlanan xəbərlər, elan olunan ən son vakansiyalar haqqında dərhal məlumat əldə edə bilərlər.

Bütün bunlarla yanaşı, sayt vasitəsilə agentliyin rəhbər işçilərinin elektron ünvanlarını öyrənmək, qəbul günlərinin cədvəli ilə tanış olmaq və elektron şəkildə qəbula yazılmaq mümkündür.

Saytda, həmçinin qurumun sosial şəbəkələrdəki səhifələrinə keçidlər də yer alıb.
Bu xəbər oxucular tərəfindən 31 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed