Şrift:
Bakı UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil olub
01.11.2019 [07:08] - Mədəniyyət
Bakı şəhərinin UNESKO-nun “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilməsi ölkəmiz üçün tarixi hadisədir. Ümumilikdə bu şəbəkəyə 246 şəhər daxildir. Bu sözləri açıqlamasında Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini - Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin müdiri Vasif Eyvazzadə deyib. V.Eyvazzadə söyləyib ki, bu il 31 oktyabr - Dünya Şəhərlər Günü münasibətilə UNESKO 48 ölkədən 66 şəhəri “Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edib. Bu şəhərlərin sırasında Azərbaycan paytaxtı Bakı şəhəri də yer alıb. Qeyd edib ki, 2004-cü ildən bəri şəbəkə üzvlərinin yaradıcı potensialı yeddi tematika üzrə müəyyən olunur: incəsənət və sənətkarlıq, xalq sənəti, dizayn, kinematoqrafiya, qastronomiya, ədəbiyyat, media və musiqi. Bu şəbəkə inkişafını yaradıcılıq - musiqi, sənət və sənətkarlıq, dizayn, kino, ədəbiyyat, rəqəmsal incəsənət və qastronomiya üzərində quran şəhərləri bir araya gətirir. Şəbəkə innovasiya və yaradıcılığı yeni şəhər strategiyasının davamlı və daha inklüziv inkişafının əsas faktoru hesab edir: “Şəhərlərin bu siyahıya salınmasında “3 T” prinsipi əsas götürülür, yəni bu prinsipə görə, texnologiya və tolerantlıq nəzərdə tutulur. Siyahıya salınan şəhərlərin qarşısına müəyyən öhdəliklər qoyulur. Həmin tələblər nəzərə alınaraq yol xəritəsi hazırlanmalı və onun əsasında müəyyən işlər görülməlidir. Bu, bizə Bakıda və eyni zamanda regionlarımızda yaradıcı sənayesinin inkişaf etdirilməsinə, eləcə də innovativ layihələrin həyata keçirilməsinə kömək edəcək. Burada əsas məqsəd inkluziv şəhərsalmanın şərtlərinə əməl etməkdir. Hesab edirik ki, bu sahədə görülən işlərdə mərkəzi icra orqanları da xüsusi rol oynayacaq. Bu tarixi hadisə münasibətilə şəhərin brendləşdirilməsi istiqamətində xüsusi iş aparılacaq. Bu da ölkəmizə turist axınının artmasına ciddi təsir göstərəcək. Hazırda Bakı şəhərinin Baş Planı hazırlanır. Biz gələcəkdə Bakıda kreativ mərkəzin formalaşdırılmasına çalışacağıq. Hesab edirik ki, bu layihələr Bakının yaradıcı şəhər kimi statusunun möhkəmlənməsinə təsir göstərəcək”.
Nazirlik rəsmisi vurğulayıb ki, UNESKO-nun yaradıcı şəhərləri mədəniyyəti inkişaf strategiyalarının əsas qayəsi kimi götürərək ən yaxşı təcrübələrini bölüşürlər. O qeyd edib ki, Mədəniyyət və Xarici İşlər nazirliklərinin, Azərbaycan Respublikasının UNESKO yanındakı daimi nümayəndəliyinin səyləri nəticəsində Bakı şəhəri şəbəkənin “dizayn” tematikası üzrə siyahıya salınıb.
“Ölkəmizin mədəniyyətinin inkişafı, dünyada təbliği və təşviqi istiqamətində çoxsaylı işlər görülür. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu yöndə xidmətləri əvəzsizdir. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsində Bakının son illər mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi, dünya ictimaiyyətinin diqqətinin Azərbaycana yönəlməsi, əlbəttə bütün bunlar şəhərimizin brendləşməsinə zəmin yaradan amillərdəndir. Buda ölkəmizin artan nüfuzunun göstəricisidir”, - deyə V.Eyvazzadə bildirib. Qeyd edək ki, Şəki şəhəri “sənət və sənətkarlıq” tematikası üzrə 2017-ci ildən şəbəkənin üzvüdür.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed