Şrift:
DST: Şəhərləri idarə edənlər sakinlərin sağlamlığını qorumağa borcludurlar
01.11.2019 [07:32] - Sosial
Dünyada hər il 40 milyon insan insult, ürək-damar xəstəlikləri, xərçəng və şəkərli diabetdən vəfat edir. Yollarda isə 1 milyon 350 min nəfər həlak olur. Bütün bu insanların yarıdan çoxu isə şəhərlərdə yaşayır. Dünya Səhiyyə Təşkilatı (DST) vurğulayır ki, şəhərlərin hakimiyyət orqanları sakinlərin həyatını xilas edə bilərlər və özünün Dünya Şəhərlər Günü münasibətilə hazırladığı yeni hesabatında buna misallar çəkir.
DST-nin baş direktoru Tedros Hebreyesus hesabatın təqdimatında deyib: “Şəhər hakimiyyətlərinin qərarları milyardlarla sakinin həyatına təsir edir. Şəhərlərdə həyatın daha rahat olması üçün hər bir sakin öz sağlamlığını qorumaq imkanına malik olmalıdır. Bunun üçün ictimai nəqliyyat, təhlükəsiz, təmiz və cəlbedici açıq ictimai məkanlar, sağlam qida və ən əsası, hər kəs üçün əlçatan tibbi xidmət olmalıdır”.
Şəhər merləri, yerli məmurlar və şəhərsalma sahəsində ekspertlər üçün faydalı olacaq hesabatda uğurlu tədbirlər də sadalanır: Pekində və Boqorda tütün əleyhinə tədbirlər, Akkra və Banqkokda yol hərəkətinin təhlükəsizliyi təşəbbüsləri, ahıl insanlar üçün Nyu-Yorkda təhlükəsiz küçələrin yaradılması və s. Əlamətdar haldır ki, 19 uğurlu təşəbbüsdən hesabatda yer almış 15-i inkişaf etməkdə olan ölkələrdə həyata keçirilib. Yol-nəqliyyat qəzalarında ölənlərin 90 faizi və infeksion xəstəliklərdən dünyasını dəyişənlərin 85 faizi məhz bu ölkələrin payına düşür. Eyni zamanda, nəzərə almaq lazımdır ki, dünyanın on meqapolisindən yeddisi də orta və aşağı gəlir səviyyəsi olan ölkələrdədir. Şəhər əhalisinin ölüm hallarında artım da bu dövlətlərdə gözlənilir.
Nyu-York şəhərinin sabiq meri və DST-nin qeyr-infeksion xəstəliklər və travmalar üzrə elçisi Maykl Blumberq qeyd edib: “Qlobal miqyasda daha səmərəli tədbirlər həyata keçirməklə biz milyonlarla insanın həyatını xilas edə bilərik. Biz şəhərlərdəki siyasətçilərə göstərmək istəyirik ki, effektiv planlar tətbiq edərək, real nəticələr əldə etmək mümkündür”.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 33 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed