Şrift:
Monqolustan Beynəlxalq Türk Akademiyasına üzvlüyü nəzərdən keçirir
01.11.2019 [13:43] - Türk dünyası-Turan
Monqolustan Beynəlxalq Türk Akademiyası ilə əməkdaşlığı genişləndirmək və təşkilata üzvlüyü nəzərdən keçirmək niyyətindədir. Bunu Beynəlxalq Türk Akademiyasını ziyarət edən zaman Monqolustan Baş Nazirinin müavini Ölziysayxan Enxtüvşin deyib.
Qızıl Orda dövlətinin yaranmasının 750 illik yubileyi münasibətilə Beynəlxalq Türk Akademiyasının təşkil etdiyi dəyirmi masada iştirak edən qonaq ölkəsinə qayıtdıqdan sonra bununla bağlı xüsusi komissiyanın yaradılacağını diqqətə çatdırıb. O bildirib ki, elmi inteqrasiyanın əhəmiyyətini nəzərə alan Monqolustan 2014-cü ildən Beynəlxalq Türk Akademiyası ilə yaxından əməkdaşlıq edir və onun fəaliyyətini diqqətlə izləyir. Həyata keçirilən ortaq layihələr, ölkə ərazisində aparılan birgə arxeoloji tədqiqatlar ortaq tariximizlə bağlı maraqlı və yeni məqamlar, tapıntılar ortaya çıxarıb.
Ölziysayxan Enxtüvşin Beynəlxalq Türk Akademiyası ilə artıq xeyli vaxtdır birgə layihələr, elmi tədqiqat ekspedisiyaları həyata keçirildiyini və çox gözəl nəticələr əldə edildiyini bildirərək deyib: “Bu il 750 illiyini qeyd etdiyimiz Qızıl Orda dövləti bizim ortaq tariximizdir. 2020-ci ildə Tonyukuk abidəsinin 1300 illik yubileyini Beynəlxalq Türk Akademiyası ilə birlikdə UNESKO səviyyəsində qeyd etməyə hazırlaşırıq. Monqolustan ölkə ərazisindəki qədim türk irsinin, Çingiz xan, Qızıl Orda kimi ortaq tarixi dəyərlərin və abidələrin qorunmasına böyük önəm verir”.
Qazaxıstan Baş Nazirinin müavini Berdibek Saparbayev Monqolustanı Akademiyaya müşahidəçi üzv olmağa çağırıb və bütün türkdilli ölkələrin bundan məmnunluq duyacağını bildirib. O deyib ki, yüz illər boyu birlikdə yaşayan, ortaq dövlətçilik ənənələri olan bu ölkələri sıx tarixi tellər bağlayır. Artıq Macarıstan və Özbəkistan Akademiyaya üzv olub. Ortaq dəyərləri paylaşan digər dövlətlərin də bu quruma qoşulması Akademiyanın nüfuzunu daha da artıracaq. Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırali qədim türk yazılı abidələrinin, maddi və mənəvi mirasının çox qiymətli bir hissəsinin məhz Monqolustanın ərazisində olduğunu, ortaq irsimizin dünyaya daha yaxından tanıdılması üçün bu ölkə ilə əməkdaşlığa xüsusi önəm verildiyini, bu məqsədlə artıq birgə tədqiqatların aparıldığını bildirib.
Qeyd edək ki, ölkə ərazisindəki qədim türk abidələrinin qorunub saxlanmasına verdiyi töhfəyə görə Monqolustan Baş Nazirinin müavini “Vilhelm Tomsen” medalı ilə təltif edilib. Tədbir çərçivəsində Qızıl Ordanın tarixi ilə bağlı bir sıra kitabların təqdimatı da keçirilib və türk dünyasının müxtəlif bölgələrindən eksponatların toplandığı Türk Muzeyi ziyarət olunub.

DAVAM. AZ
Qazaxstan (Astana)

Bu xəbər oxucular tərəfindən 30 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed