Şrift:
Qulam İsakzai: "BMT Azərbaycanın məcburi köçkünlərə dəstəyini yüksək qiymətləndirir"
02.11.2019 [11:56] - Gündəm
Bunu BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı məcburi köçkünlərə yardımların göstərilməsi ilə bağlı keçirilən dəyirmi masada çıxış edən BMT-nin Rezident əlaqələndiricisi Qulam İsakzai bildirib. Onun sözlərinə görə, son 27 ildə BMT Azərbaycandakı məcburi köçkünlərə dəstək göstərib və BMT-nin bir neçə qurumu bu işdə iştirak edib. Atəşkəs imzalandıqdan sonra BMT yenə də qaçqınlara dəstək göstərməkdə davam edib: "Hazırda 600 mindən çox köçkün müəmmalı vəziyyətdə yaşayır, yəni, onlar öz doğma yurdlarına nə zaman qayıdacaqlarını bilmirlər. Düzdür, bu təbəqənin böyük qismi rahat, isti evdə yaşayır. Lakin unutmamalıyıq ki, çox sayda insan hələ də tam standartlara uyğun olmayan şəraitdə yaşayır. Yeni qəsəbələrə köçürülməyən insanların problemləri həll edilməlidir. Biz çalışmalıyıq ki, onların şəraitini nisbətən yüngülləşdirək".
Q. İsakzai qeyd edib ki, məcburi köçkünlər arasında işsizlik səviyyəsi də yüksəkdir: "BMT Azərbaycan hökuməti ilə tərəfdaşlıq proqramı üzərində iş aparır. Biz çalışırıq ki, həmin proqram çərçivəsində məcburi köçkünlərin problemini daha müfəssəl şəkildə həll edək. BMT-yə daxil olan bütün qurumlar bu prosesə öz dəstəyini göstərməlidir. Çünki biz məcburi köçkünləri həssas qrup hesab edirik. Dayanıqlıq inkişaf məqsədlərinə çatmaq üçün həssas qrupların cəmiyyətin digər qrupları ilə eyni imkanlardan faydalanmasını təmin etmək lazımdır. Çalışmalıyıq ki, həssas qrup nümayəndəsi olan məcburi köçkünlərə yardımımızı əsirgəməyək. Onlar cəmiyyətin sosial-iqtisadi həyatından təcrid olunmamalıdırlar, inkluzivlik artırılmalıdır".
BMT rəsmisi əlavə edib ki, BMT Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və digər qurumlara potensialın artırılmasına dəstək göstərməyə davam edəcək.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 261 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed