Şrift:
Turanın bozkır ruhunun melodik harmoniyası
03.11.2019 [23:41] - Türk dünyası-Turan
Nilufər Sarıtaşın ifasındakı türkülərin ruhunun meloman dəyərlərinin sirri bundadır. Anadolu və onun çevrəsindəki mədəniyyətin ruhunun bir neçə çaları mövcuddur. Ancaq min ildir bölgənin bütün toplumlarını bir araya gətirən, uzlaşdıran tək mədəni dəyər Səlcuqlu dönəmindən bu günlərə qədər yaşanan və böyük bir qavrama çevrilən türkün Bozkır Mədəni İrsinin akademizm səviyyəsində olmasıdır. Bu irsi zaman-zaman fərqli inanclar və görüşlərə bölərək, onun harmonik düzənini qlobalizm, texnoloji inkişaf, fərqli etnoloji müstəvidə bölmək siyasətləri ortaya atılsa da, irəli sürülən təşəbbüslər baş tutmamışdır. Çünki, insanlığın yaranışından ilahi ruhun duyğularını genetik baxımdan məhv etmək qeyri mümkündür. Bu ruh indi də yaşamaqda və inkişaf etməkdədir. Yetər ki, Nilufər Sarıtaş kimi ünlü bir sənətçini dinləyəsən.

Sözün ruhu musiqidə, musiqinin ruhu sözün içində

İnsanın ruhunu riqqətə gətirmək, duyğuların mənasına varmaq, gördüklərimizi duymaq bütün zamanlarda ciddiyyətlə bağlı olmuşdur. Çünki, sənətdə nə qədər ciddi olursansa, onun mədəni dəyəri də bir o qədər yüksək zirvələrə doğru yönəltmiş olur. Çağdaş türk sənətini min illərin bozkır ruhuna dayanıqlı şəkildə yaşadan çox böyük sənət adamları olmuşlar. Şeirdə, istərsə də musiqidə bu iki ruhun bütünləşməsi isə dünyanın ən böyük möcüzəsi olaraq başa düşülür. Çağdaş dünyada əksər toplumlar öz ilkinlik zamanının ruhundan çoxdan qopsalar da, təkcə türklər özlərinə məxsus olan passionarlığın biosfer düzənində bunun kosmoqonik inanc kultunu quruyub saxlaya bilmişlər. Hər zaman sevə -sevə dinlədiyimiz xalq türküləri bu möhtəşəm mədəniyyətin bariz örnəyidir. Xocamız Pir Sultan Əfəndimizin dediyi kimi:

Halımizı hal eylədik,
Yolumuzu yol eylədik.
Hər çiçəkdən bal eylədik,
Arıya saydılar bizi.

Ünlü sənətçimiz Nilufər Sarıtaşın ifasında dinlədiyimiz “Könül türküləri”, “Dəymə təbib”, “Yara məndə”, “İncədən incə”, “Qanadım dəydi”, “Qara torpaq”, “Bir bilsəydin”, “Nəsib olur Amasiyaya varırsan”, “Yaz gəlir”, “Qara saçlım”, “Dilim yaralı”, “Mən yolçuyam hallalaşaq sabahdan”, “Almanın üstündə narmı soyulur”, “Qalxdım səfər etdim”, “Uzun yol”, “Mehribanım”, “Bağlamam var üç telli”, “Yörük qızı”, “Yolun sonu”, “Uca dağ başında bir quş uçurdum”, “Dağlardan aşdım”, “Mən fələyi gördüm”, “Könül dəftərimi açıb oxudum”, “Yazımı qışa çevirdin”, “İstəmərəm evimdən qürbətə şikayət olsun”, “Önümə bir cığır gəldi”, “Yolun sonu görünür”, “İstəmərəm evimdən qürbətə getmək”, “Qalxdım səfər eylədim” və digər şərqilərin ruhudur ki, Anadolu və onun çevrəsindəki Balkanlar, Orta Doğu, Qafqaz və Türküstan coğrafiyasının əsil sahibinin kimin olmasını bir daha təsdiq etmiş olur. Bu ruh əslində Anadoludakı prototürk mədəniyyətinin tarixi köklərindən Səlcuqlu, Qaraqoyunlu, Ağqoyunlu, Qaramanlı dönəminin dərin dövlətə bağlı mədəni irsinin təsdiqi deməkdir. Bu ruh heç kimsəyə zərər verməz. Bu duyğularda insanlığın ilahi eşq dediyi saflıq, dünyanı sevmək, humanizmin ən ali səviyyəyə qədər ucalması, onun Tanrı qarşısında kosmoqnik dəyərlərinə verilən sonsuz təşəkkürlər və şükranlıqlar gizlənmişdir. Çünki, Tanrıya olan sevgi ilahi duyğuların yaz yağmuru qədər safdır və müqəddəsdir.

Nilufər bir çiçəkdir, insan ruhu qədər saflığa qovuşan çiçək

Anadolumuzda Tokat bölgəsində demək olar ki, hər ailədə əski türkman bozkır mədəni irsi genetik mənada yaşadılmaqdadır. Elə bir ailə tapılmaz ki, orada saz olmasın. Bu ailələrdən birində Nilufər adlı qız cocuğu dünyaya gələndə ona heçdən bu ad verilmədi. Çiçək qədər lətafətli olmasını dilədilər ona. Bir sıra xor kollektivlərində çalışdı, adicə saz almağa ailəsinin parası olmasa da, sonradan saz çalmağı da yaxşıca bacardı. Çoxları kimi öz soyundan və ruhundan qaçaraq indi dəbdə olan “pop” siyasətinin ardınca qaçmadı. Tokatda uşaqlıq çağından dinlədiyi türküləri dilə gətirməklə və onlara öz ruhunu da qatmağın yolunu tutdu. Beləliklə Türkiyənin sınırlarını aşaraq daha böyük səhnələrdə xalq türkülərinin dərin inanc kultunun ən böyük ifaçılarından biri kimi tanındı.

Cənnətdə on səkkiz min irmaq, coşqun axan sel bizdədir,
O can bizdən qaçıb gəzər, arı bizik, bal bizdədir
Kimi sofu, kimi hacı, cümləmiz haqqa duaçı.
Rəsuli Əkrəmin tacı, əba, hırka, şal bizdədir.
Biz ərənlər gerçəyik, xas baxçanın çiçəyiyik,
Ədəb, ərkan, yol bizdədir.

Bax bu ilahi ruhu sadəcə sözlə deyil, həm də musiqinin dili və ruhu ilə ifa etmək hər yoldan ötən şərqiçinin gücü və iradəsi ola bilməz. Nilufər Sarıtaş Ege Universitetinin Türk Musiqi Konservatoriyasının təməl elmlər bölümündə təhsil almaqla həm də xalq türkülərinin intellektual səviyyədə ifaçılıq sirlərini öyrəndi. Daha sonra isə TRT kanalının İzmir radiosu tərəfindən düzənlənən musiqi yarışmalarında Nulifər Sarıtaş özünün savadı və intellektual tərzi ilə deyil, həm də Tokatda ruhuna hakim olan duyğularını da ortaya qoymaqla sənət aləminə yeni bir nəfəsin gəldiyini isbatladı. Əldə etdiyi savadla yetinməyən gənc sənətçi Ərdal Ərzincanın musiqi mərkəzində repertuar dərslərini aldı. Daha sonra isə yeni musiqi yarışmalarına qatıldı. Ən yüksək ödülü isə “Anadolu atəşi-bu torpağın səsi” yarışmasında qazandı. On altı həftə davam edən bu yarışma bütün Anadolu boyunca nəfəsləri belə kəsdi. Türkün min illər boyu bulaq kimi axıb süzülən dupduru bozkır mədəniyyətinin kosmoqonik inanc kultuna söykənən ruhunu melodik mənada kim daha yüksək səviyyədə ifa edəcək, sualının cavabını hər kəs səbrsizliklə gözləyirdi. 2005-ci ildə baş verən bu yarışma Nilufər Sarıtaşın qələbəsi ilə başa çatdı. Əslində onun səsi və ifasında ən çox xoşa gələn səbəb var idi. Anadoluda zaman-zaman irəli sürülən fərqli inancların və baxışların içində türkün ulusal ruhunun dərin izlərinin kök salması, əslində türkün kimlik məsələsində ən böyük strateji önəm daşıyır. Bu mənada onun ifa tərzi, səsi, ifa etdiyi hər şərqinin ruhunda bozkır mədəniyyəti duyğusunun ilğımını melomanik tərzə çevirmək istedadı var idi. Beləliklə Nilufər Sarıtaş ifa etdiyi türkülərdə zərif duyğularını dünyanın ən incə və lətafətli çiçəyinə bənzətməyə nail oldu. İlahi şərqiləri ifa etmək bəzən qeyri normal və ortaçaqdan qalmış bir mədəni irs olmasını deyərək ağız büzənlərə Nilufər Sarıtaş öz məharətli ifa tərzi ilə çox güclü bir zərbələr vura bildi.

Pir Sultanım ey qazilər,
Ürəkdə yara sızlar.
Talibdə pirin arzular,
Bülbül ötər gül içində.

Bu türkü ilə Pir Sultan, Aşıq Veysəl, Qaracaoğlan kimi ünlü fikir adamlarımızın ruhunu yenidən o ulu duyğulara yeni nəfəs gətirmişdir. Əslində belə bir ifaçılıq tərzi türkün ən əski mədəni irsi sayılan halay ənənələrinə bağlıdır. Yəni əski qam-şaman kosmoqonik inanc kultunun duyğularını halay vuraraq, hamını bir ocağın başında birləşdirmək və bu ruhu birlikdə yaşamaq ənənəsini qorumaq deməkdir.

Zaman bizim zamandır, hər kəs buna hazır olsun

Nilufər Sarıtaşın ünlü sənətçi kimi məşhurlaşmasında onun “Bu torpağın səsi” adlı albomunun üzə çıxması da mühüm rol oynadı. O, başqaları kimi gündə hansısa albom çıxrmaqla deyil, bağlı olduğu sənətini hər gün daha üstün səviyyədə inkişaf etdirməklə türk xalq musiqisi sənətində yer almışdır. Sonralar “Can kimi” və “Bu torpağın səsləri” adlı daha iki musiqi albomunu buraxmışdır.
Nilufər Sarıtaş çox gənc olmasına baxmayaraq, demək olar ki, Anadolunu qarış-qarış gəzən və konsertlər verən nadir sənət adamlarından biridir. Onu çox nadir hallarda televizya ekranlarında görmək olar. Çünki, Nilufər Sarıtaş bütün konsertlərini canlı şəkildə ifa edir. O, səsinin və sənətinin heyranları üçün hətta ən uzaq kəndlərdə belə konsertlər verməkdən belə çəkinmir. İfa etdiyi bütün şərqilərdə ilahi duyğuların zərif və incə şəkildə çalarları xüsusilə yer almışdır. Elə bil Nilufər Sarıtaş bu dünyaya o ilahi duyğuları hamı ilə birgə paylaşmaq missiyasını həyata keçirmək üçün gəlmişdir. Böyük öndər Mustafa Kamal Atatürkün 1923-cü ildə Konyada etdiyi çıxışnda bu günlə səsləşən belə bir fikri var: “Dünyada heç bir millətin qadını mən Anadolu qadınından daha çox çalışdım, millətimi qurtuluşa və zəfərə götürməklə Anadolu qadını qadını qədər əmək verdim deyə bilməz. Türk milləti elə analara sahibdir ki, hər bir dövrün böyük adamlarını bu analar yetişdirmişdir. Türk qadını daha böyük nəsillər yetişdirməyə qabiliyyətlidir”.
Bu gün soyuq savaşdan sonra ötən 23 ildə Türkiyə sadəcə qlobal gücə sahib olmaqla iqtisadi, sosial və strateji mənada qüdrətlənməyib. Bu gücə güc qatan əsas dəyərlərdən biri də onun min ildən çoxdur öz ilkinliyini qoruyub saxlayan özgür mədəni həyat tərzidir. Buna sadəcə “Anadolu türküləri”, “Xalq şərqiləri” adını verməklə yetinmək doğru deyil. Nilufət Sarıtaşın ifasında dinlədiyimiz bütün şərqilər kürəsəlləşən türkün mədəni irsini daha uca zirvələrə daşıyan ali bir dəyərdir. Onun ifa tərzi sazla və sözlə bitən deyil. Bu ifaçılıq məktəbi türkün hər təriqətdə bir mərifət var, hər mərifətdə bir təriqət ülküsünün ruhudur. Əslində müqəddəslərin adını şərqilərdə çəkərkən Nilufər Sarıtaşın səsi titrəmir, kövrəlmir, onu dinləyənlərin müqəddəslərə olan inancların incə tərzdə duyğulanmasına, könüllərin hər an büllurtək saf olmasına bağlayır. Bunca duyğulu olmaqla, bizlər həm də türkün əcdadlarının yüksək humanizminin genetik dəyərlərinə yenidən qovuşuruq. Uca Tanrı dərgahında olan yerimizi hər kəsə bir daha anladırıq. Artıq zaman bizim zamandır deməklə, tarixi gələnəklərimizi hər kəslə paylaşmağa belə hazır olduğumuzu göstəririk. Bu yöndə öndə gedən ulusal mədəniyyətimizin daşıyıcılarından biri də Nilufər Sarıtaş adlı bir şərqiçidir. Onun səsinin sehri, ifa etdiyi türkülər min illərdir yol gələn qoca türkün bozkır ruhunun hələ də yaşadığını, yenicə pöhrələnən tərtəzə çiçəklər kimi olduğunu göstərir. Nilufər Sarıtaşı hamıya sevidərən səbəblərdən biri də onun .şərqini oxumaq deyil, daha çox səsi ilə danışmasıdır. Buna hər ifaçıya qismət olmayan bir sənət taleyi demək daha doğru olardı. Ruhunla və səsinlə melodiyanı söyləmək Nilufər Satıaşın sənət uğurunun sirridir. Bu sirrə agah olmaq üçün, onun ifa etdiyi türkülərin ruhunun mahiyyətini Turanın bozkır ruhunun melodik haromiyasının ilğımında yaşamaq lazımdır.

Ənvər Börüsoy, sənətşünas
Bu xəbər oxucular tərəfindən 95 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed