Şrift:
Bələdiyyə seçkilərinə həsr olunmuş seminar keçirilib
04.11.2019 [12:19] - Xəbərlər
Bu gün Bakıda Mərkəzi Seçki Komissiyasının (MSK) təşkilatçılığı ilə bələdiyyə seçkilərində müraciətlərin araşdırılmasına həsr olunmuş seminar keçirilib. Tədbir vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən və qərarlardan şikayətlərin araşdırılması məqsədi ilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsi və fəaliyyətlərinin daha da təkmilləşdirilməsinə həsr olunub. Tədbirdə MSK üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın səlahiyyətli nümayəndəsi, MSK nəzdində ekspert qrupunun üzvləri və Katibliyin təmsilçiləri iştirak edib. Seminarda MSK sədrinin müavini Rövzət Qasımov bildirib ki, 2 həftədən çoxdur bələdiyyə seçkilərinə hazırlığa start verilib: “MSK tədbirlər planına uyğun olaraq, bir sıra layihələri gerçəkləşdirib. Bu da bizim növbəti layihədir. Belə ki, bir müddətdir davam edən layihə çərçivəsində Gəncə, Şəki və Masallıda tədbirlər keçirilib. Bakıdakı seminar layihənin son tədbiridir. Tədbirlərdə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı dairə seçki komissiyalarında fəaliyyət göstərən ekspert qruplarının üzvləri üçün ətraflı şəkildə təqdimatlar olunur və onların bu sahədə bilik və bacarıqlarının artırılmasına diqqət yetirilir”.
R. Qasımov qeyd edib ki, seçki prosesində ən mühüm məsələlərdən biri vətəndaşların müraciət və şikayətlərinə baxılmasıdır: “Əvvəllər bu səpkili layihələr həyata keçirmişik. Belə ki, 2008-ci ildə belə bir layihənin əsasını Avropa Şurası Venesiya Komissiyası və Seçki Sistemləri üzrə Beynəlxalq Fondla qoymuşuq. Sonrakı mərhələdə layihəni həyata keçirəcək mütəxəssislər hazırlanıb. Bir neçə ildir ki, Mərkəzi Seçki Komissiyası özü bu layihəni həyata keçirir”.
Daha sonra gündəliyə uyğun olaraq, seminarın praktiki hissəsində mövzular ətrafında müzakirələr aparılıb, kazuslar üzrə müxtəlif şikayət nümunələri nəzərdən keçirilərək əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib. Maarifləndirmə tədbiri 48 seçki dairəsinin dairə seçki komissiyaları üzrə 130 ekspert qrupu üzvünün qanunvericiliyin tələbləri ilə yaxından tanış olmalarına və seçkilərə dair müraciətlərə baxılması ilə bağlı hərtərəfli məlumat əldə etmələrinə imkan yaradıb.

DAVAM. AZ

Bu xəbər oxucular tərəfindən 11 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed