Şrift:
Marneulidə İmaməddin Nəsimiyə həsr olunmuş musiqili gecə keçirilib
04.11.2019 [19:56] - Borçalı
Borçalı vilayətinin Marneuli rayonunda dahi Azərbaycan şairi İmaməddin Nəsiminin anadan olmasının 650 illik yubileyi qeyd olunub. Tədbir Azərbaycanlı Qadın Jurnalistlər Assosiasiyasının həyata keçirdiyi "Gürcüstanda Nəsimi günləri" layihəsi çərçivəsində Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin, Gürcüstan Azərbaycanlıları Konqresinin və Marneuli İnkişaf və Təhsil Mərkəzinin birgə dəstəyi ilə reallaşıb.
Assosiasiyanın sədri Sevil Yusifova tədbiri çıxış edərək dahi şairin yubileyinin yüksək səviyyədə keçirilməsi ilə bağlı Azərbaycan Prezidentinin müvafiq Sərəncamı barədə məlumat verib. Gürcüstanda bu cür tədbirlərin keçirilməsinin iki ölkə arasında mədəni əlaqələrin inkişafına xidmət etdiyini xüsusi qeyd edib.
Deputat Ruslan Hacıyev bildirib ki, Azərbaycanın dahi şairi Nəsimi Gürcüstanda da çox sevilir. Onun sözlərinə görə, bu cür tədbirlər gənc nəslin milli özünüdərk prosesində mühüm rol oynayacaq.
İnkişaf və Təhsil Mərkəzinin rəhbəri Emil Əhmədov Marneulidəki məktəblərdə Nəsimi yaradıcılığına böyük maraq olduğunu vurğulayıb. O, bu cür tədbirlərin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Konqresin sədri Hüseyn Yusubov da "Gürcüstanda Nəsimi günləri"nin keçirilməsini yüksək qiymətləndirib.
Tədbirdə çıxış edənlər Nəsimi yaradıcılığına nəzər salıb, dahi Azərbaycan şairinin şeirlərində vətənə, insana, haqqa bağlılığın əsas yer tutduğunu bildiriblər. Sonra Marneuli məktəblərinin şagirdləri Nəsiminin şeir və qəzəllərindən parçalar söyləyiblər.
Həzin musiqi sədaları altında keçən tədbir iştirakçılar tərəfindən alqışlarla qarşılanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 19 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed