Şrift:
Dəbdəbəli ehsan qadağası nə zaman tətbiq olunacaq - rəylər
05.11.2019 [12:37] - Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev
Bir neçə il bundan öncə ölkədə dəbdəbəli ehsan verilməsinin rəsmi surətdə qadağan olunacağı bildirilsə də, təəssüf ki, bu ənənə davam etdirilməkdədir. Təxminən 2-3 il əvvəl bir sıra rayonlarda, Bakının bir çox kəndlərində, o cümlədən Sağan, Balaxanı yas mərasimlərində kənd ağsaqqallarının məsləhəti ilə yemək verilməsi aradan qaldırılmışdı. Mərasimlərdə ehsan olaraq yalnız çay və xurma verilirdi. Həmçinin Şirvan zonalarında, Qazax, Şəmkir, Tovuz rayonlarında da yas mərasimlərində ehsan süfrələri yığışdırılmışdı.

Naxçıvanda artıq bir neçə ildir ki, təmtəraqlı yas mərasimləri keçirilmir. Yerli rəhbərliyin sərt qadağası sayəsində ehsan süfrələri ancaq çay süfrəsi ilə məhdudlaşdırılıb. Məlumata görə, bu bölgədə ehsan qadağası hələ də hökm sürməkdədir. Bu bölgədə qəbiristanlıqlar lüzumsuz çəpərlərdən təmizlənir, qəbir daşları müəyyən edilmiş ölçülər çərçivəsində götürülür.

Beləliklə, bu ənənənin daha da dərinləşəcəyi, bütün regionları əvəz edəcəyi gözlənilsə də, sonradan yavaş-yavaş yenidən sıradan çıxmağa başladı. Hazırda Naxçıvandan başqa qeyd olunan digər bölgələrdə bu gün də dəbdəbəli ehsan mərasimi davam etməkdədir. Məlum məsələdir ki, yaxınını itirmiş yas sahibi uzun-uzadı ehsan süfrəsi açmaqla həm mənəvi, həm də maddi cəhətdən daha ağır vəziyyətə düşür, əksər hallarda borc götürməli olur.



Qeyd edək ki, bir neçə ay bundan əvvəl Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Yeni Müsavat”a verdiyi müsahibəsində yas mərasimi ilə bağlı dəyişikliklərin olacağı barədə anons vermişdi. O, uzun-uzadı yas məclislərinin insanların iş rejiminə təsir göstərdiyini dilə gətirmişdi:

“Deyək ki, haradasa yas məclisidir, amma insanlar işləyirlər, iş vaxtıdır. Maksimum müddət 10 dəqiqə olmalıdır. Gəldin, başsağlığı verdin, dur, get! Sən gəlib iki saat oturursan yas məclisində... Bəziləri dövlət məmuru, icra başçısı, polis rəisləridir, onların o qədər işi var ki. Əlacsızlıqdan gəlirlər, orada otururlar. Tez gedəndə deyirlər niyə məclisi tez tərk elədi? Belə şeylərlə insanların vaxtını almaq olmaz. İstəyirik ki, bütün bunların hamısını qanuna daxil edək və bu məsələlər birdəfəlik öz həllini tapsın”.

S. Novruzov xüsusən də Bakı şəhərində ehsan verilərkən israfçılığa yol verildiyini diqqətə çatdırmışdı:

“Naxçıvan Muxtar Respublikasında bu məsələ bütövlükdə həll olunub və artıq ənənə şəklini alıb. Bir dəfə ehsan verilir, o da 3 mərasimində, özü də bir saat müddətində. Həmçinin orada bir cür yemək ola bilər. Meyvə, digər nemətlər masaya qoyula bilməz. Ehsan masasında çay, limon, xurma, halva ola bilər. Bunlar da ehsan sayılır. Azərbaycanın bəzi ərazilərində də məsələlər yoluna qoyulub. Amma bəzi yerlərdə bu ənənəni pozurlar. Yəqin ki, biz bu kimi hallarla mübarizə məqsədilə addımlar atacağıq. Xüsusilə Bakı şəhərində. Elə yerlər var ki, qazanc məqsədilə istifadə edirlər və insanlar arasında fərq yaranır. Hansı ki, insanlar arasında fərq olmamalıdır, hamı bərabərdir”.



Keçmiş sovet ölkələrinin əksəriyyətində bu ənənə artıq inzibati olaraq ləğv edilib. Artıq Özbəkistanda da 2020-ci ilin yanvarından başlayaraq, həm toy, həm də yas məclisləri ilə bağlı qadağa qüvvəyə minəcək. Qaydaya əsasən bu ölkədə yas mərasimi ancaq 3 gün çəkəcək, yeddi, cümə axşamları, 20 gün, 40 gün, il kimi məclislərin keçirilməsinə icazə verilməyəcək.

Digər müsəlman ölkələrində də israfçı yas mərasimləri keçirilmir. Məsələn, Türkiyədə daha çox Quran oxunur, halva paylanır. Ərəblər isə acı qəhvə verirlər. Bəzi hallarda ehsan da paylayırlar. Onlar daha çox ac insanları doyurmaq məqsədilə bunu edirlər. Baş daşı məsələsində də Azərbaycanda israfçılığa yol verirlər. Bunun dinlə əlaqəsi yoxdur. ancaq gedir. İslamın qaydaları var ki, israf etməməlisən.

Bəs qanun səviyyəsində ölkəmizdə dəbdəbəli ehsan qadağasına nə zaman son qoyulacaq? Ümumiyyətlə, inzibati yolla bu məsələni tənzimləmək mümkün olacaqmı?

Fərəc Quliyev: “Hesab etmirəm ki, bunu qanun şəklinə həll etmək doğrudur və yaxud mümkün olsun”

Mövzu ilə bağlı millət vəkili Fərəc Quliyev “Yeni Müsavat”a danışıb:

“Bu məsələ hər birimizi düşündürür. Yəni cəmiyyətimiz üçün də bu məsələ çətindir və təbii ki, dəyişikliklər mütləq olmalıdır. Çünki insanlar yorulur, əksəriyyətin dəbdəbəli ehsan verməyə imkanı olmur. Məsələn, çox gözəldir ki, Naxçıvanda müəyyən qədər bu məsələ tətbiq olunub. Bildiyiniz kimi, orada ehsan mərasimi çox sadələşdirilib.

Hesab etmirəm ki, bunu qanun şəklində həll etmək doğrudur və yaxud mümkün olsun. Yalnız maarifləndirmə, tanınmışları nümunə, önrək göstərmək yolu ilə dəbdəbəli ehsan və toy mərasimlərinə son qoya bilərik. Bir daha qeyd edirəm, düşünmürəm ki, bunu qanuni yolla həll edə bilərik. Yalnız dini rəhbərlərin fitvası, böyük iş adamlarını, məmurları nümunə göstərməklə problemi aradan qaldırmaq olar".

Əhməd Qəşəmoğlu: “Düşünməliyik ki, dəbdəbəli yasd mərasimləri bizim adət-ənənələrə xələl gətirir və bu, sosial bəladır”

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd etdi ki, yalnız inzibati yolla məsələni həll etmək mümkündür: “Elə məsələlər var ki, onları maarifləndirmə və bu kimi yollarla həll etmək mümkün deyil. İnsanlara bu barədə nə qədər deyiriksə, sanki eşitmirlər. Bizim toplum artıq o vəziyyətdədir ki, nə qədər faydalı məsləhət verilsə də, eşitməməzlikdən gəlir. Üstəlik, çoxlu sayda işbaz adamlar var ki, onlar öz maraqlarına uyğun olaraq, deyilənlərin əksinə gedir. Bu məsələlərdən biri də toy və yas mərasimləridir. Düşünürəm ki, bu məsələdə inzibati müdaxiləyə çox böyük ehtiyac var və bu mütləqdir. Bu, Naxçıvan nümunəsində özünü aydın göstərir. Bildiyiniz kimi, Vasif Talıbov bu barədə göstəriş verib və özü də rəhbərlik səviyyəsində məsələyə ciddi nəzarət edir. Ona görə də bu bölgədə məsələ öz həllini tam tapa bildi.

Beləliklə, hazırda Naxçıvanda yas mərasimləri dəbdəbəli keçirilmir. Məlum olduğu kimi, illər öncəyə qədər bu bölgədə də qəbiristanlıqlarda dəbdəbəli qəbir daşları mövcud idi. Hətta ilk baxışda adama elə gəlirdi ki, qəbiristanlıqda çoxmərtəbəli nəsə tikiblər. Bunun özü də böyük israfçılıqdır. Lakin yerli hakimiyyətin birbaşa göstərişindən sonra bütün bunlar ləğv edildi. Bu, çox gözəldir. Çünki İslamın özündə də tələb var ki, bir nəfər dünyasını dəyişəndə, yerdə qalanların ilk borcu odur ki, cənazə namazını qılıb, onu dəfn etsinlər. Yerdə qalan digər adətləri isə camaatın özü icad edib. Dinin tələb etdiyi cənazə namazı və dəfndir.

Düşünməliyik ki, dəbdəbəli yas mərasimləri bizim adət-ənənələrə xələl gətirir və bu sosial bəladır. İnsanlar çox böyük çətinliyə düşürlər. Hətta toy mərasimi o qədər ağır olmur. Çünki insanlar bu mərasimə planlı şəkildə hazırlaşır. Lakin yas mərasimi qəfildən olur. Dəfələrlə şahidi olmuşuq ki, qəfil gələn yas zamanı insanların heç çörək almağa belə imkanı olmur. Bu zaman çox ağır bir vəziyyət yaranır, insanlar bilmir nə etsin. Ölən yaddan çıxır, yas sahibi başını itirir ki, mərasimi necə yola verə bilsin.

Hesab edirəm ki, bu məsələnin həllini istəməyən, öz məqsədləri üçün çalışan ayrı-ayrı mafioz şəbəkələrdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”
Bu xəbər oxucular tərəfindən 735 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed