Şrift:
“Hər kəs bərabər – hər kəs fərqli” sərgisi təşkil olunub
06.11.2019 [10:57] - Sosial
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində “Hər kəs bərabər – hər kəs fərqli” sərgisi təşkil olunub. Mərkəzimiz indiyədək bir sıra Avropa ölkələrində 20-dək rəsm sərgisini təşkil edib. Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində keçirilən sərgi isə bizim ölkəmizdə təşkil etdiyimiz nadir sərgilərdən biridir. Avropa ölkələrində əsərləri nümayiş olunan gənc rəssamlarla birlikdə Daun xəstəliyinə mübtəla olan uşaqların çəkdiyi rəsmlərin “Hər kəs bərabər – hər kəs fərqli” adlı sərgisini keçirməyi qərar aldıq. Məqsəd ictimaiyyətin diqqətini Daun sindromlu uşaqların problemlərinə cəlb etməkdir.
“Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin direktoru İslam Baxşəliyev noyabrın 5-də Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində keçirilən sərgini bu sözlərlə açıb. O qeyd edib ki, sərginin təşkilatçıları arasında “Qayğı” Sağlam Nəsil Naminə İctimai Birliyi də var.
Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin direktoru Natella Həsənova hər il Dövlət Bayrağı Günü münasibətilə keçirilən ənənəvi sərginin builki iştirakçılarını salamlayaraq onlara öz təşəkkürünü bildirib. Rəsm sərgisində əsərləri nümayiş olunan bütün gənc rəssamlara sertifikatlar verilib.
İştirakçılar kövrək uşaq əllərinin məhsulu olan əsərlərə maraqla tamaşa ediblər: paytaxtın ən baxımlı guşələrindən olan İçərişəhər küçələri, aylı gecədə su doldurub gələn qız, çılpaq budaqlara qonan quşlar, bir-birindən gözəl natürmortlar... Sonra Daun sindromlu uşaqlar rəqs nömrələri ifa edib, “Arşın mal alan” operettasından səhnələr nümayiş etdiriblər. Sərginin iştirakçıları arasında Rusiya, Niderland, İtaliya və Fələstinin ölkəmizdəki səfirləri və Ukrayna səfirinin xanımı da olub.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 16 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed