Şrift:
Avropa Şurasının Bakı ofisi: Üzv ölkələrin İstanbul Konvensiyasına qoşulması vacibdir
06.11.2019 [11:47] - Köşə yazarları
“Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartları gücləndirmək” layihəsi ilə bağlı konfrans keçirilib. Konfransda çıxış edən Avropa Şurasının Bakı ofisinin rəhbəri Zoltan Hernyes bildirib ki, gender bərabərliyinin təşviqi ilə bağlı müxtəlif layihələr həyata keçirilib. Onun sözlərinə görə, 2018-2019-cu ildə bu istiqamətdə həyata keçirilən layihə Avropa Şurası və İsveç hökuməti tərəfindən dəstəklənib.
Z. Hernyes deyib ki, qadınlar sosial həyatda hələ də stereotiplər və seksizmlə üzləşirlər: “Qadın haqları insan hüquqlarının bir hissəsidir və bu, təbliğ olunmalıdır. Bu istiqamətdə məsuliyyət həm hökumətin, həm vətəndaş cəmiyyəti nümayəndələrinin, həm də medianın üzərinə düşür. Çünki onların qarşısında müəyyən vəzifələr dayanır”.
O, Avropa Şurasına üzv ölkələrin İstanbul Konvensiyasına qoşulmasının vacibliyini vurğulayıb. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, gender məsələləri dünyanın hər bir ölkəsində olduğu kimi, Azərbaycanda da aktualdır. O qeyd edib ki, bununla bağlı Azərbaycanda hüquqi baza formalaşıb, hökumət bu istiqamətdə müəyyən tədbirlər həyata keçirir.
Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq bölməsinin rəhbəri, müşavir-elçi Simona Qatti bildirib ki, Aİ Qadınlara qarşı bütün diskriminasiya formalarının aradan qaldırılması ilə bağlı BMT-nin Konvensiyasına sadiqdir. Regionlara səfər etdiyini vurğulayan S. Qatti orada qadınlarla bağlı stereotiplərin daha güclü olduğunu bildirib: “Qadınların müəyyən işlər və bacarıqlara yiyələnməsinə fərqli yanaşılır”.
Konfransda Ombudsman Aparatının, Milli Televiziya və Radio Şurasının nümayəndələri, BDU-nun hüquq və jurnalistika fakültələrinin nümayəndələri mediada gender bərabərliyi ilə bağlı çıxışlar ediblər.

DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 20 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed