Şrift:
Brüsseldə Azərbaycan diasporu və mediası konfransında bəyannamə qəbul olunub
08.11.2019 [09:20] - Diaspor
Azərbaycanlıların və digər Türki Xalqları Əməkdaşlıq Mərkəzi (ATXƏM) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Brüssel şəhərində “Avropada diaspor və media lobbiçiliyi” layihəsinin icrasına başlayıb. Avropa Azərbaycanlıları Konqresi (AAK) ilə birgə Brüsseldə “Azərbaycan diasporu və media: əməkdaşlıq səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda keçirilən praktiki konfransda bəyannamə qəbul olunub.
“Biz – 2019-cu ilin noyabr ayının 5-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində “Azərbaycan diasporu və Media: əməkdaşlığın səviyyəsi, problemlər və onların həlli yolları” mövzusunda keçirilən konfrans iştirakçıları qloballaşma prosesinin geniş vüsət aldığı, sivilizasiyalararası və mədəniyyətlərarası dialoqların tarixi zərurətə çevrildiyi dövrdə, eləcə də Cənubi Qafqaz regionunda mürəkkəb proseslərin davam etdiyi şəraitdə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında müasir informasiya texnologiyalarından daha səmərəli istifadə olunması üçün vahid strategiyanın müəyyənləşdirilməsi və Azərbaycan Respublikasının milli maraqlarının qorunması ilə bağlı qarşıda duran vəzifələri geniş müzakirə etdik. Bu gün Azərbaycan Respublikasında informasiya azadlığının təmin olunması, müstəqil kütləvi informasiya vasitələrinin inkişafı və beynəlxalq rəqabətə davamlılığının yüksəldilməsi, medianın maddi-texniki bazasının gücləndirilməsi sahəsində bütün zəruri şərtlər təmin olunub. Məhz bu siyasətin nəticəsidir ki, ölkədə beynəlxalq standartlara uyğun olan azad, plüralist mətbuat formalaşıb, peşəkar jurnalistlər ordusu yetişib. Bu gün Azərbaycan internet istifadəçilərinin sayına görə regionda aparıcı yer tutur. Vətəndaşlar ictimai-siyasi, sosial-mədəni və iqtisadi həyatın bütün sahələrinə dair öz fikirlərini sosial şəbəkədə və ictimai platformalarda sərbəst ifadə etmək hüququna malikdirlər. Müasir informasiya texnologiyaları məlumatın sürətli əldə olunması və yayılması üçün geniş imkanlar yaradıb. Bu gün sosial media platformaları ənənəvi informasiya və müzakirə kanallarını və mətbuatı əvəz etməkdədir. İstənilən məlumat, rəy və mülahizə qısa müddət ərzində internet istifadəçiləri arasında maneəsiz yayılır. Elmi-texniki və texnoloji inkişaf əlverişli informasiya mübadiləsinə imkanlar yaratmaqla yanaşı, eyni zamanda informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik məsələlərini də aktuallaşdırıb. Konfransda qeyd olunub ki, bu gün dünyada, regionda baş verən proseslər, Azərbaycan Respublikasının sosial-iqtisadi, mədəni-hüquqi inkişafı barədə qərəzli informasiya kampaniyalarının aparılmasında, bu aksiyalar təhqir və milli dövlətçilik əleyhinə çağırışların yayılmasında, zorakılığın təbliğində həmin elmi-texniki və texnoloji vasitələrdən də istifadə olunur. Konfrans iştirakçıları bu məsələlərlə bağlı açıq və səmərəli müzakirələr aparıb, Azərbaycan diasporunun və Azərbaycan mediasının bu sahədə birgə fəaliyyətinin perspektivləri və əməkdaşlığın yeni mərhələsində qarşısında duran vəzifələrin müəyyənləşdirilməsində və onların icrasında yekdil qərara gəliblər.
Aparılmış səmərəli müzakirələrin nəticəsində Azərbaycan diasporu və Azərbaycan mediası arasında əməkdaşlığın bundan sonra da genişləndirilməsinə, birgə fəaliyyətin təkmilləşdirilməsinə və daha da gücləndirilməsinə əminliyimizi bildirərək aşağıdakıları bəyan edirik:
– Virtual məkanda dünya azərbaycanlılarının həmrəyliyinin təminolunması və qorunması, onların informasiya mübadiləsi və yayılması sahəsində fəaliyyətlərinin əlaqələndirilməsi, Azərbaycan həqiqətlərin dünya ictimaiyyətinə operativ, əhatəli çatdırılmasında informasiya texnologiyalarından səmərəli istifadə olunması məqsədilə müəyyən işlər görülməli və həyata keçirilməlidir;
– konfrans iştirakçıları Azərbaycan Respublikasında həyata keçirilən sosial-siyasi, iqtisadi, mədəni-hüquqi islahatları yekdilliklə dəstəkləyir, müasir informasiya texnologiyalarının və metodlarının tətbiqi yolu ilə Azərbaycanın üzləşdiyi problemlər, qərəzli münasibət, xalqımıza qarşı törədilmiş terror və soyqırımı aktları barədə məlumatların dünya ictimaiyyətinə çatdırılması, eyni zamanda Ermənistanın yalan və böhtan kampaniyalarının ifşası məqsədilə təsirli tədbirlərin həyata keçirilməsini vacib sayır;
– konfrans Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə daha geniş çatdırılmasında Avropanın media qurumları ilə Azərbaycan KİV-ləri arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulmasında diaspor təşkilatlarının fəaliyyətinin gücləndirilməsinin, Avropada məskunlaşmış azərbaycanlı jurnalistlərin yerli kütləvi informasiya vasitələrində təmsil olunmasının əhəmiyyətini vurğulayır, bu məqsədilə Türkiyənin Qərb dövlətlərindəki media vasitələrinin imkan və təcrübəsindən yararlanmağı tövsiyə edir;
– konfrans Azərbaycan Respublikasının milli maraqlarının virtual məkanda qorunmasında, Azərbaycan həqiqətlərinin təbliğinə yönəldilən layihələrin həyata keçirilməsində, diaspor təşkilatları və Azərbaycan KİV-ləri arasında operativ məsləhətələşmələrin aparılmasında virtual konfransların təşkilinin əhəmiyyətini vurğulamaqla Avropa Azərbaycanlıları Konqresinin nəzdində “Avropa Azərbaycan İnformasiya Mərkəzi”nin yaradılmasını və Azərbaycan Diasporuna Dəstək Fondunun bu təşəbbüsə yardımının vacibliyini bildirir;
– tədbir iştirakçıları Azərbaycanlıların sıx yaşadığı ölkələrdə onların yerli ictimai-siyasi proseslərdə iştirakını və təsir imkanlarını artırmaq, seçkilərdə fəallıqlarını təmin etmək, seçkili orqanlara öz namizədliklərini irəli sürülmüş azərbaycanlıların və türklərin təşviqat və təbliğat kampaniyalarında fəal iştirak etmək, onlara zəruri təbliğat-informasiya dəstəyi vermək məqsədilə diaspor təşkilatları və Azərbaycan kütləvi informasiya vasitələrinin vahid fəaliyyət planının hazırlanması və icrasının zəruriliyini vurğulayırlar;
– konfrans Azərbaycan və Türk diaspor təşkilatlarının birgə və fəal əməkdaşlıq etdikləri Avropa ölkələrində yerli media nümayəndələrinin “Azərbaycanı yaxından tanıyaq!” devzi altında Azərbaycana tanışlıq səfərlərinin təşkilini təklif edir, bu məsələ ilə bağlı Azərbaycan Mətbuat Şurasının, Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondunun (KİVDF) və Azərbaycan Diasporuna Dəstək Fondunun yardımını vacib hesab edir;
- Avropanın informasiya məkanında fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin aparıcı hissəsinin biznes strukturu olmasını nəzərə alaraq, xüsusi Fondun təşkili olunması, eləcə də həmin KİV-lərlə bağlı Avropa Azərbaycanlıları Konqresinin nəzdində Əlaqələndirmə Mərkəzinin yaradılması, bu işə peşəkar jurnalistlərin cəlb edilməsi, Avropa oxucusunun düşüncə tərzinə cavab verən materialların hazırlanması məqsədilə Azərbaycan Mətbuat Şurası və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi zəruri hesab edilir;
– müəyyən səbəblər üzündən Azərbaycanı tərk etmiş, özlərini “mühacir müxalifət” adlandıran, zərərli xarici təsirlərin altına düşən zəif iradəli insanların Azərbaycan Respublikasının beynəlxalq nüfuzuna xələl gətirmək, Azərbaycan dövlətini, ali dövlət məmurlarını nüfuzdan salmaq, Avropa mətbuatında və ictimai rəyində, sosial şəbəkələrdə ölkəmiz haqqında birtərəfli, böhtan xarakterli informasiyalar yaymasına etirazını bildirir və bunun yolverilməz olduğunu xüsusi vurğulayır;
– gəncləri sosial şəbəkədə Azərbaycan xalqına xas olan mənəvi-etik normalara riayət etməyə, fərqli fikir və mövqelərə hörmətlə yanaşmağa, sosial şəbəkələrdə sağlam polemika ənənələrini formalaşdırmağa, milli-mənəvi dəyərlərimizə zidd əməllərə yol verməməyə çağırır;
– sosial şəbəkələrin imkanlarından istifadə etməklə Avropada yaşayan və təhsil alan savadlı, yüksək intellektli azərbaycanlı gənclərinin vətənpərvərlik ruhunu artırmaq, onların Azərbaycanla əlaqələrini gücləndirmək, fəaliyyətlərini düzgün istiqamətə yönəltmək məqsədilə xüsusi proqram-layihələrin həyata keçirilməsini əhəmiyyətli sayırıq.
- Konfrans iştirakçıları Avropa azərbaycanlılarını Vətənin milli maraqlarının müdafiəsi naminə birləşməyə, müasir informasiya texnologiyalarından istifadə edərək Azərbaycan reallıqlarını dünya ictimaiyyətinə düzgün çatdırılmasına fəal qoşulmağa çağırır, Azərbaycan diaspor təşkilatlarının bu bəyanatdan irəli gələn bütün vəzifələrin uğurla yerinə yetirilməsi üçün səylərini əsirgəməyəcəyinə əminliyini bildirir.”

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 465 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed