Şrift:
Siyasi dilteantlar problem mənbəyidirlər
10.11.2019 [22:24] - Köşə yazarları
Gürcü qardaşlarımızın "Qurucu David" kilsə kompleksi adlandırdıqları (bizimkilər "Keşikçidağ" deyirlər) bir abidə ilə bağlı son günlər yerli KİV-lərdə və sosial şəbəkələrdə əksəriyyəti pozitiv, bəziləri də hədsiz neqativ olmaqla, müxtəlif fikirlər səslənməkdədir. Adı çəkilən ərazinin tarixən kimə mənsub olması məsələsini qoyuram bir kənara.
Üzümü tuturam "siyasətçi" Şalva Natelaşvili (bu gicbəsəri leyboristlərin nədən özlərinə partiya rəhbəri seçdiklərinə təəccüb edirəm!..) və 2004-2006-cı illərdə Gürcüstanın müdafiə naziri olmuş İrakli Okruaşviliyə (qeyd edim ki, aşağıda deyəcəyim fikirlərimi hər ikisinin facebook səhifəsində inboxlarına rus dilində yazmışam).
Ay gerizəkalı Şalva, biz Orta Asiyadan gəlmələr deyilik, azından get öz alimlərinizin yazdığı "Karlis çxovreba" ("Gürcüstan həyatı") əsərini oxu! Orada haqqımızda nə yazıldığını südəmər uşaqlar da bilir, sən Şalva bunu bilmirsənsə, deməli, zır savadsızın birisən!
İrakli isə öyünür ki, 2005-ci ildə Azərbaycanın xarici işlər nazirinə dedim ki, deyir, bu məsələni həll eləməsəniz, Qırmızı Körpüdə 500 000 qaçqını qarşılamalı olacaqsınız...
Tərcümeyi-halında Tiflis Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirdiyi deyilən bu şəxs təhsil aldığı elmdən xəbəri olmayanın adi bir çoban qədər anlayışı yoxdur ki, 2005- ci il heç də ötən əsrin 90-cı illərinin hərc-mərclik dövrü deyildi və biz-azərbaycanlılar artıq tamhüquqlu Gürcüstan vətəndaşları idik və indi də varıq! Bunun nə demək olduğunu indi get alayarımçıq bitirdiyin fakültənin birinci kursunda ən zəif oxuyan bir tələbədən belə soruş. O, sənə hələ də dərk etmədiyini 1 dəqiqəyə qandırar.

P. S. Ancaq İ. Okruaşvilinin çərənləmələrində bir maraqlı məqam var. 2005-ci il üçün o, azərbaycanlıların Gürcüstandakı sayını 500 000 nəfər olduğunu qeyd edir. Halbuki, rəsmi dairələr bu rəqəmi ondan 2 dəfə az bəyan edirlər. Təxminən 3 il dövlətin ən baş güc strukturunda rəhbər olmuş birisinin, yəqin ki, bu barədə daha dəqiq məlumatı varmış!..

Tapdıq Yolçu,
Rustavi (Gürcüstan)
Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed