Şrift:
Xivədə Azərbaycan-Özbəkistan dostluğu təntənəsi
12.11.2019 [10:37] - Türk dünyası-Turan
Özbəkistanın Xarəzm vilayətində keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri çərçivəsində qədim Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan tədbir keçirilib. Mərasimdə Azərbaycanın və Özbəkistanın elm, mədəniyyət, incəsənət xadimləri, alimlər, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.
Tədbir çərçivəsində təşkil olunan sərgidə Azərbaycanın mənzərələrini əks etdirən fotolar, milli musiqi alətləri, qədim əşyalar və suvenirlər nümayiş edilib. Xarəzm vilayət hakiminin müavini Timurbek Davletov Özbəkistanla Azərbaycan arasındakı dostluq münasibətlərindən danışıb, əlaqələrin möhkəmləndilməsi istiqamətində görüləcək işlərdən söz açıb. Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov deyib ki, əsrlərin yadigarı Xivə şəhərində belə bir tədbirin baş tutması ölkələrimiz arasındakı yüksək səviyyəli əlaqələrdən xəbər verir. S.Abbasov Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzvlüyündən, dövlət başçısı Şavkat Mirziyoyevin Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşündə iştirakından, Azərbaycan və Özbəkistan dövlət başçılarının görüşündən danışıb. O bildirib ki, bu görüş əməkdaşlığımızı daha da inkişaf etdirəcək.
“Kaspi” qəzetinin təsisçisi, yazıçı-publisist Sona Vəliyeva qədim tarixə malik Xarəzm torpağında mədəniyyət günlərinin keçirilməsindən məmnun olduğunu söyləyib. Xivə şəhərində Azərbaycan-Özbəkistan dostluğuna həsr olunan bu tədbirdə Azərbaycan muğamlarının və xalq mahnılarımızın səslənməsi insanlara böyük sevinc bəxş edir. S.Vəliyeva belə səfərlərin tez-tez keçirilməsinin vacibliyini vurğulayıb. Sonra AMM-nin hazırladığı bədii proqram təqdim olunub. Tələbələr “Qarabağ şikəstəsi”nin sədası altında Qarabağa aid milli geyimləri nümayiş etdirib. Konsert proqramında Azərbaycanın Əməkdar artistləri, tanınmış muğam ustaları Ehtiram Hüseynov və Bəyimxanım Vəliyeva Azərbaycan xalq mahnı və muğamlarını ifa ediblər. Xanəndələri tarda Azərbaycanın Əməkdar artisti, 2017-ci ildə Səmərqənddə keçirilən “Şərq təranələri” XI Beynəlxalq Musiqi Festivalının qalibi Sahib Paşazadə müşayiət edib. AMM-nin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblının üzvləri tərəfindən milli rəqslərimiz nümayiş olunub.
Xatırladaq ki, mədəniyyət günləri AMM-nin, “Özbəkturizm” Dövlət Komitəsinin, Azərbaycandakı “Kaspi” qəzeti və eyniadlı təhsil şirkətinin və Xarəzm vilayət hakimiyyətinin dəstəyi ilə keçirilir.

DAVAM.AZ
“Daşkənd Bürosu” (Özbəkistan)
Bu xəbər oxucular tərəfindən 374 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed