Şrift:
Ünlü yazıçısı Fəriba Vəfi
13.11.2019 [08:52] - Güney Azərbaycan-Təbriz
Çağdaş Güney Azərbaycan ədəbiyyatının ünlü isimlərindən biri də Fəriba Vəfidir.
Onun ən məşhur əsərlərindən "Zirzəmi quşu" və "Tibet arzusu" dünyanın əksər dillərinə çevrilib yayılmışdır. Yaradıcılığına görə çoxlu mükafata layiq görülüb. Əsərləri rus, ərəb, yapon və ingilis dillərinə tərcümə edilmişdir.
Fəriba Vəfi 21 yanvar 1963-cü ildə Güney Azərbaycanın başkəndi Təbrizdə anadan olub. İlk qısa hekayə kolleksiyası "Səhnənin dərinliklərində" 1996-cı ildə nəşr edilib. İkinci qısa hekayə kolleksiyası "Hətta güldüyümüz vaxtda" 1999-cu ilin payızında çap olunub. 2002-ci ildə həmin nəşriyyat Fəriba xanımın ilk romanını – "Zirzəmi quşu" əsərini nəşr etmişdir. Bu roman Gülşiri və Yelda mükafatlarına layiq görülmüşdür. Roman 2009-cu ildə «Syracuse University Press» tərəfindən ingilis dilində, 2010-cu ildə «Ponte 33» tərəfindən italyan dilində, 2012-ci ildə «Rotbuch Werlag» tərəfindən alman dilində, 2016-cı ildə Anadolu türkcəsində, 2018-ci ildə isə «Parlaq imzalar» tərəfindən Bakıda nəşr edilmişdir. Onun ikinci romanı "Tərlan" 2004-cü ildə nəşr edilib. Roman «Sujet Verlag» tərəfindən alman dilində nəşr edilmiş və 2017-ci ildə «LiBeraturpreis» ədəbi mükafatına layiq görülmüşdür. Daha sonra, onun "Tibet röyası" romanı 2005-ci ildə nəşr olunub. Bu roman "Ən yaxşı roman" kateqoriyasında Huşəng Gülşiri mükafatına layiq görülmüşdür. Onun "Dalandakı sirr" romanı 2008-ci ildə nəşr edilmiş, 2011-ci ildə isə «Zulma» tərəfindən fransız dilində nəşr edilmişdir. Fəriba Vəfinin üçüncü kolleksiyası "Villaya olan yolda" 2008-ci ildə çap olunubdur. Onun "Ay tamamlanır" romanı 2011-ci ildə nəşr edilmişdir. Buna əlavə olaraq, 2011-ci ildə "Hamısı üfüqdə" qısa hekayə kolleksiyası nəşr edilmişdir. Fəriba xanımın sonuncu romanı "Sondan sonra" 2014-cü ildə, sonuncu qısa hekayə kolleksiyası "Küləksiz, avarsız" isə 2016-cı ildə nəşr olunmuşdur. Alman Akademik Mübadilə Xidmətinin ədəbiyyat üzrə 2019-cu il üçün xüsusi mükafatına layiq görülən məşhur yazarlar arasında Fəriba Vəfi də var. O, bu ödülü aldıqdan sonra, Berlin şəhərində yaşamaq hüququ qazanmışdır.



Okeana baxan daxma

hekayə

Filmdəki qadın evini satdı. Əşyalarını da. Ona xəyanət edən kişinin paltarlarını və qoyduğu yadigarları bir neçə torbaya doldurub küçənin başındakı zibil yeşiyinə atdı. “Heyif!” – dedim. Paltarların hamısı yeni idi. Rejissor, elə bil, səsimi eşidib kadrı zibil yeşiyindəki paltarlara yaxınlaşdırdı. Sonra kimisə göndərib paltarları ordan götürtdü. Bu hərəkətiylə məni xoşbəxt etdi. Sanki zibil torbalarını götürməyə özüm getmişdim.

Qadın bütün mallarını pula çevirdi. Nəyi var, nəyi yox - hamısını kiçik çantaya qoyub yola düşdü. Arxasında özünə aid heç bir iz buraxmadı. Gedəcəyini təkcə uşaqlıq dostuna dedi. Getməmişdən qabaq bir neçə gününü yaşlı anasıyla keçirdi. Sonra qatardaydı. Bir ara kadrda qısa danışıqdan sonra cib telefonunun ayaqyolunun sifonuna atıldığı göstərildi. Bunu necə edə bildiyini düşündüm. Telefonu
söndürə bilərdi, ancaq o, bütün dünya ilə əlaqəsini kəsdi.

“Təkbaşına qala bilməz” – deyə düşündüm, “Qəti qayıdar. Bu şəkildə əsla gedə bilməz. Yəni, getsə
belə, bunun bir faydası yoxdur ki. Bəs yaddaşını və xatirələrini nə edəcək? Belə asan olsaydı, hər kəs
bu cür edərdi”. Başına ard-arda bəla gələcəyi, bir yerdən problem çıxacağı və geri qayıdacağı firki ilə gözlədim. Tənhalıq məni qorxudurdu. Amma o, qatarın birindən enib digərinə minir, bir şəhərdən başqa şəhərə gedirdi. Gecələr tək-tənha yatır və bəzən yuxusundan dik atılırdı. Axırda bir təpəlikdə okean mənzərələrinin qarşısında daxma tapdı və orada qaldı. Hər gün üzməyə gedirdi. Təkbaşına.

Artıq gecə-gündüz okeana tamaşa edərək oturan və yeganə əyləncəsi bəzən okeana dalıb üzmək olan
bu qadın əsəblərimə toxunurdu. Xoşbəxtdi! Yox, deyildi. Bir dəfə “Lənət olsun bu dünyaya!” – deyib
özünü yatağa atdı. Altındakı döşəkağı ortaya doğru yığıldı. Bu qadının geri qayıdıb, eynilə başqa
insanlar kimi yaşamağa davam etməkdən başqa yolu olmadığını düşündüm. Yəni, təkrar ev almalı,
yenə aşiq olmalı, əvvəlki kimi anasını ziyarət etməli və hər kəs necə edirsə, elə etməliydi.

Rejissordan qadının həyatla barışma səhnələrini gözləyirdim. Dünyadan küsməyin sonu yoxdur.
Belə etməklə bir yerə varmaq olmaz. Bu nəticəyə gəldiyim gündən sonra daha az küsməyə başlamışdım. Bir neçə saat, olmasa, bir neçə gün, o da olmasa, bir neçə həftə, yaxud bir neçə ay – sonra barışmağa məcbursan. Öz-özümə artıq barışmamaq məsələsində əmin olduğum zaman “Tamamilə küsərəm” – deyə düşündüm. Yəni, bəlkə, küsməyin də özünə görə mənası var və mən bunu bilmirəm.

Qadın qayıtmağa məcbur oldu. Çünki anası ölmüşdü. Öz-özümə “Haydı, görək” – dedim. Bu da qadının köhnə həyatına qayıtmasına bəhanə oldu. Ancaq qadın anasının dəfn mərasimindən sonra eyni yerə – təpənin üstündəki daxmaya yenidən qayıtmaq istədi. Sükut və inzivanın insanı qorxutduğu yerə. Uşaqlıq illərindən tanıdığı dostu onun qalmasını xahiş etdi. Qadının diqqətini çəkə biləcəyini düşündüyüm bir kişi vardı. Qadın “Getməliyəm” – dedi. Yenə ona əsəbiləşdim. Getmək üçün necə də rahatlıqla qərar verir.

Filmin bir saatı keçmişdi, amma rejissor hələ heç nə etməmişdi. Qadın okeana baxan daxmaya getdi.
Taxtadan, xoş görünüşlü daxmaydı. Təmiz yataq və köhnə oturacaq vardı. Ağ rəngdə köynək də vardı.
Sanki diqqətsiz şəkildə atmışdılar, oturacağın başına taxılıb qalmışdı. Qolları yerə dəyən köynəyi götürüb qatlamaq istəyirdi. Kamera sürətlə iki qanadı içəriyə doğru açılmış, okeanı görən pəncərəyə sarı döndü. Yavaş-yavaş, bir nəfəslə çölə yayılan rəng, yel və hava xoşuma gəlməyə başladı. Könül oxşayan mahnı suyun kənarından asta-asta aşağı töküldü və dalğanın qalxmasıyla birgə mahnının səsi də yüksəldi. Daxmaya bir dəfə yenə qayıtmaq istəyirdim. Hər şeyə təpənin üstündən tamaşa etmək istəyirdim. Rejissor bu dəfə səsimi eşitmədi, filmi okeanın ortasında ağ quşun qanadında sona yetirdi.


Fəriba VƏFİ
Təbriz, Güney Azərbaycan
Bu xəbər oxucular tərəfindən 104 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed