Şrift:
Şuşa haqqında bildiklərim və yazdıqlarım...
14.11.2019 [12:35] - Köşə yazarları
... Gözəl şəhərim, yenə də sənin haqqında yazıram. Yenə də sənin Azərbaycan şəhəri olduğunu təsdiqləməliyəm. Təsdiqləməliyəm ki, bu şəhərdə görkəmli musiqiçilərimiz doğularaq Azərbaycanımızın hüsnünə mahnılar qoşublar. Mən necə bu şəhəri təsdiq edim ki, ilahi, buranı elə özümüz tikmişik. Təxminən üç əsr bundan əvvəl Pənahəli xanın Şuşa şəhərini tikməsi barədə sübutmu lazımdır? Ermənilər kimdir ki, mən öz torpağımı onlara sənədlərlə təsdiqləyim ki, bu mənim torpağımdır. Bu mahnı mənim mahnımdır. Bu torpağı geri almaqla biz təsdiqləməliyik. Azərbaycan torpaqları işğaldan azad olunmalıdır. Şuşadan çıxan hər kəs oxuyur. Bu, Şuşanın təsdiqi deyilmi? Şəhərdə indi də bərbad vəziyyətdə qalan tarixi abidələr Şuşanın təsdiqi deyilmi? Əgər, bu erməni şəhəridirsə, bəs onda ermənilər “özlərinin tarixi abidələrini” niyə uçurdurlar? Şuşada 20-yə qədər məscid tikilmişdi. Şəhərdə 160-dan çox incəsənət abidəsi və 170-dən çox digər memarlıq nümunələri, tarixi izləri hələ də özündə saxlayan qala divarları, mağaralar vardı. Məhz buna görə də 1977-ci ildə Şuşa şəhəri tarixi-memarlıq qoruğu kimi elan olunmuşdu. Burada müxtəlif karvansaralar, türbə və mədrəsələr, görkəmli musiqiçilərimizin və hərbiçilərimizin ev muzeyləri fəaliyyət göstərirdi. Cıdır düzündə böyük şairimiz Molla Pənah Vaqifin məqbərəsi isə sovet dönəmində şair və yazıçılarımızın ziyarət yeri idi. Vaxtı ile Qafqazın konservatoriyası sayılan Şuşa M.M.Nəvvabın, M.P.Vaqifin, X.B.Natəvanın, H.B.Mehmandarovun, Ə.B.Haqverdiyevin, N.B.Vəzirovun, Q.B.Zakirin, Y.V.Çəmənzəminlinin, Ü.Hacıbəyovun ve digər böyük sənətkarların vətənidir. Bütün bunlar azmış kimi ermənilər Üzeyir Hacıbəyovun və Bülbülün, həmçinin Xurşud Banu Natəvanın heykəllərini Şuşa şəhərindən Ermənistan ərazisinə aparıblar. Bu abidələri vəhşicəsinə güllələyərək ağır texnika ilə zədələyiblər. Sonradan həmin abidələr çox çətinliklə əldə edilərək Bakıya gətirilib və hazırda İncəsənət Muzeyində nümayiş etdirilir. Bütün bunlar sübut deyilmi!...
Hesablamalara görə, Dağlıq Qarabağ və ona bitişik rayonlarda ümumilikdə 13 dünya, 292 ölkə və 330 yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri qalıb. 40 mindən artıq əşyanın toplandığı 22 muzey və 4 rəsm qalereyası da itkilərimizin tam olmayan siyahısına aiddir... Bütün bunlar sübut deyilmi!...
Bu gün ən kədərli günümdür. Mən Şuşa dərdi yaşamışam, mən Xocalı dərdi yaşamışam. Bu gün bu dərdlər məni öldürüb. Bütün Azərbaycan, bütün dünya mənim yasıma gəlib. Bu gün Xocalı Soyqırımı Günüdür. Bu gün Şuşamızı itirdiyimiz gündür. Mən də bu gün vurulmuşam. Sinəm yaralıdır. Ağır-ağır nəfəs alıram. Bu gün mən bir qoca kimi, bir gənc kimi, körpə kimi güllə yarasıyla şəhid olmuşam. Bu gün mənim 5 yaşlı uşağın üzünü soyan kimi mənim də üzüm soyulub, gözlərim çıxarılıb, əllərim qırılıb, dırnaqlarımı söküblər. Bu gün mən bir dağın döşündə uzanan meyidəm. Bu gün gözlərim açıqdır, amma heç kimi, heç nəyi görmürəm. Soyuqdan tir-tir əsərək səngərdə donan əsgərəm. Sinəmi güllə yalayıb keçib. Al-qırmızı qana bürünmüşəm. Amma dayanıram. Vətən eşqilə düşmən gülləsinə tuş gəlsəm də yenə nəfəs alaraq son gücümü toplayıb düşmən qarşısına əliyalın çıxıram. Yumruqlarım düyünlənib. Qaşlarımı çatmışam. Son məramım arzularımın çin olduğunu görmək, azad torpağımda ölmək, VƏTƏN göylərinin üzünü açıq görmək istəyirəm. Gecədir. Gözüm ulduzlara baxa-baxa yuxuya gedirəm. Əbədi bir ölüm gətirən dərin bir yuxuya! Gözüm yumulur. Mən işıqlı bir sabah görürəm. O sabah ki, mən orada olmayacağam. Ruhlar oynaşır aydın səmalarda. Bu bahar gecikən qaranquşlar kimi ruhların rəqsi də gecikib. Bizim QƏLƏBƏMİZ kimi! Qaranquşlar bir az keçəndən sonra uçub gəldilər. Yuvalarını qurdular. QƏLƏBƏ də gələcək. Biz də YURD-YUVAMIZI quracağıq. Amma torpaqda yatan ŞƏHİDLƏR geri dönməyəcək. Onların ruhudur gecikən. Axı bu gecə onlar hələ mənzil başına çatmayıblar. Ona görə də geri gec qayıdacaqlar. Qaranquşlar kimi!


Ömür dedikləri bir karvan yolu!
Bu, doğrudur.
Bu dünya bir pəncərə,
Hər gələn baxar gedər!
Bu da doğrudur!

Xocalılar da, Şuşalılar da bu pəncərədən baxdılar. Mən də baxdım, sən də baxacaqsan, o da baxacaq. Biz də baxacağıq. Amma bu baxmaqda hərə bir məna görəcək. Kimsə peşman olacaq, kimsə sevinəcək. Amma ümumilikdə götürəndə hamımızı kədər-qəm bürüyəcək. Son məqamda dünyanın vəfasız olduğunu duyacağıq.
Salamat qal, dünya!. Bir də Yer üzünə gəlməyəcəyəm. Salamat qal, dağlar. Çiçəyini, gülünü dərməyəcəyəm!
Qoşa bulaq! Ax, çağla həzin-həzin. Ovuc-ovuc suyunu içməyəcəyəm... ...

* * *

Vətən bizim qanımızda axan qan. Vətən bizim məramımız, məqsədimiz! Vətən bir parça çörək! Vətən torpaqlarımız üçün həsrətlə çırpınan ürək! Vətən mənim yumruğum! Vətən torpağımız, daşımız! Vətən silaha sarılıb, hər dağ-dərə üçün vuruşduğumuz Ana Torpaq! Vətən sinəsində gəzib, min rahiyə dolu gül-çiçəyindən dərib yara təqdim etdiyimiz xoş rahiyəli çiçək dəstəsi! Vətən qorumalı olduğumuz Torpaq! Vətən sinəsində qürurla gəzən oğullar, qızlar! Gəlin, Vətən naminə əlimizə silah alaq. VƏTƏNİ AZĞIN İŞĞALÇILARDAN AZAD EDƏK! Nəhayət, oyanaq, oyanaq, vətən üçün al-qana boyanaq! Üç rəngli bayrağımızı uca dağlarımızın sinəsinə taxaq və dağlarımız kimi vüqarla gəzək! Vətən torpaqlarının şirinliyi bizi birləşdirsin. Bir yumruq kimi! Vətən naminə irəli!
...Azərbaycan-mənim üçün bir dünya. Sərhədləri ürəyimin başından keçən şahanə təbiətə malik bir ölkə! Varlığı-mənim varlığım, acısı-mənim acım, şirinliyi-dilim, gözəlliyi-mənim gözəlliyim, düz sözü-mənim düz ürəyim, onun gücü-mənim yumruğum, aslan kimi nərəsi-mənim nərəm. Oyanışında dağlar lərzəyə gələcək. Duruşundan düşmən qorxuya düşüb qaçacaq. Vaxt, zaman gələcək bu dediklərim həyata keçəcək. Hələ səbr edin. Səbr etmək də gücdür, qüvvətdir. Sən səbr edərsən-düşmən qorxuya düşər. Sarısını udar! O gün uzaqda deyil, qardaşım. Həyat bizim üzümüzə gülür. Hələ biz ucalığa doğru gedirik. Vaxt gələcək ki, Azərbaycan ucaldığı zirvələrdən qartal kimi düşmən üstünə cumub, onu caynaqlarına alıb param-parça edəcək. O gün uzaqda deyil! O gün uzaqda deyil!
… Ürəyim VƏTƏN eşqiylə döyünür. O VƏTƏN eşqiylə ki, 20 faiz torpaqları işğaldadır, bir milyondan çox qaçqını, köçkünü var. O Vətən eşqiylə döyünür ki, sıyrılmış qılınc kimi VƏTƏN torpaqlarını azad etməyə həmişə hazır olduğunu bildirir. O Vətən torpağını ki, onun Şuşa kimi beşiyi qəfəsdədir. Bu qəfəsdə 20 il çırpınan Şuşamızı azad etməyə hamı hazırdır. Başım üstə Azərbaycan bayrağı dalğalana-dalğalana Vətən torpaqlarından düşmənləri qovmağa mən də hazıram. Mən bilirəm ki, çoxumuz buna hazırıq. VƏTƏN bizim üçün hər şeydir. Namuslu, vicdanlı, VƏTƏNİ ürəklə sevən bir vətəndaş kimi hamı VƏTƏN kəlməsi gələndə ayağa dürmalıdır. O bizim anamızdır. Odur bizi ağ günlərə çıxardan. Odur bizləri qaranlıqdan aydınlığa qovuşduran. Torpaq qaradırsa, biz onun üzünü ağartmalıyıq! Onu gül-çiçəkli laləzara çevirməliyik. Torpağın yarası bizim yaramızdır. Yaralarımız çoxdur. 20 Yanvar, Xocalı soyqırımı hələ də öz həllini gözləyir. Biz qisas naminə möhkəmlənməliyik. Torpaq bizi çağırır. Bir vaxt olacaq ki, VƏTƏN oğulları torpaqlarımızı azad etmək üçün ayağa qalxacaq. Bu, mütləq baş verəcək!


Oğul SƏNİ darda qoymaz, ey VƏTƏN!
Onun kükrəməsi, coşması vardır!
Bu gözəl torpağa nəğmə qoşmağa,
Ürəyin şeiri, qoşması vardır!

Biz bəyaz buludları çox sevirik, VƏTƏN! Hər an istəyirik ki, səmaların aydın olsun! Bu aydınlıq bizə QƏLƏBƏ gətirəcək. Hər an biz QƏLƏBƏ naminə vuruşa, döyüşə sıyrılmış qılınc kimi hazırıq, ey VƏTƏN!
... Anamız biz yazarları yazmaq üçün dünyaya gətirib. Ürəyimdən nə gəlirsə, onu yazıram. Mən azadam. Mən göyərçin quşu kimi sülh yayıram. Qartal kimi zirvələrdə uçub, düşməni gözündən vururam. Vətənə sevgim dünyalar qədər böyükdür. O, böyük olduğu qədər əzəmətlidir, yaraşıqlıdır, mənalıdır, gözəldir, dadlıdır, özəldir!
Mənim sevgim kimi nifrətim də böyükdür. O, uca dağların sivri uclu qayaları kimi kəskindir! Sözüm də ona oxşamağa çalışır. Sözübütöv, kəskin olmağa çalışıram.
Analar bizi doğub ki, vətən nəğmələri yazaq. Elə nəğmələr ki, vətəni sevməyi və qorumağı təbliğ etsin! Bizi igidliyə, mərdliyə səsləsin!
Koroğlu babamız, nigar nənəmiz saz çalıb söz oxuduğu kimi, biz də saza baxıb söz qoşur, sıyrılmış qılınc kimi itilənirik, ovxarlanırıq! Düşmən bağrını yarmaq üçün hər an dizimizə taqət, qolumuza qüvvət gəlir.
Biz güclənirik! Güc birlikdədir! Mən hamını birliyə çağırıram. Güclü Azərbaycan və güclü Gürcüstan öz talelərini həll etməyi bacarmalıdır! Birləşib, güclənib, yumruq kimi düşmənin başına çaxılmalıyıq!
… Mən Şuşanı görməmişəm. Sən isə görübsən, ay rus! Yuxularımda Şuşanın dağlarını, Cıdır düzündəki şirin dilli şairimiz Vaqifin qəbrini, İsa bulağına gedən yolda heç nədən xəbərsiz səs-küy salan uşaqların şaqraq səsini, harayını xatırlayıram.

… O gözəl Şuşamı gördünmü, ay rus,
Yox-yox o gözəldən qalmayıb əsər,
Sinəsi üstündə ağrı-acılar,
Başının üstündən küləklər əsər.

Hardadır kaman-tar, Bülbül nəğməsi,
Üzeyir nəfəsi, Xanın xoş səsi,
Dolaşır hər yanı ahı-naləsi,
O Cıdır düzündə solub lalələr.

Tək-tənha Vaqifim “haqdan nə dilər?”
Qoşmalar söyləyər Cıdır düzündə.
Cavanşir qılıncı sıyırıb durur,
Döyüşə çağırır o bizləri də!

Sən isə tankı, topu-tüfəngi, Şuşa döngələrində torpaq uğrunda 400-dən çox ölən, itgin düşən, 600 nəfərdən çox yaralanan insanları xatırlayırsan. İndi hələlik Şuşadan yad səslər gəlir.
Bu, müvəqqətidir. Hələlik deyirəm, Şuşa! Biz gələcəyik! Gələcəyik və Cıdır düzündə dərilməyə həsrət qalan min bir ətirli gül-çiçəkləri toplayib, bu torpaq uğrunda şəhid olan insanlarımızı-qəhrəmanlarımızı ziyarət edəcəyik. Torpağımızın hər qarışına baş endirib, bağışla Şuşam, bir az gecikmişik,-deyə Şuşadan üzr istəyəcəyik. İndi Şuşam yad əllərdədir.

Vaqifim ağlayir, Şuşa düzündə,
Bu gözəl ellərə heç gələn yoxdur.
Dərib bu dağların gül-çiçəyini,
Gözəllər yoluna heç sərən yoxdur.

Sarı bülbül qalıb hay-harayında,
Onun sevdiyi gül baxın, hardadır?
Babəkim əlində sıyrılmış qılınc,
Çağırır bizləri: Vətən dardadır!

Gələcəyik, Şuşam! O günlər uzaqda deyil. Uzaqda deyil!..


***

Görmədiyim Şuşaya

Şuşanı görməmişəm. Adı dillər əzbəri olan İsa bulağının suyundan da içməmişəm. Sadəcə olaraq indiyədək xəyallarımla yaşayaraq, sanki hər düzü, hər qayanı görmüşəm. Cıdır düzündə xəyal atımı minib çapmışam. Şuşa qalasının divarlarını əllərimlə sığallamışam. Şuşa xanı Pənahəli xanın narazı baxışlarını üzərimə tuşlandığını hiss etmişəm. Nəhayət, xəyalım gerçəkləşir… O günü gözləyirəm ki, köhlən ata minib, yalmanına yata-yata Cıdır düzündən keçib Vaqif babama ürəyimin qanı ilə yazdığım şeirimi təqdim edim… Kaş yollar açıq ola… Çapam köhlənimi Şuşaya sarı…

Ah, arzum çin olub, sevinirəm mən,
Qələbə soraqlı xəbərlər gəlir.
Gecələr yatmasam heç ziyanı yox,
Günəşi gülümsər səhərlər gəlir!

Bayrağım ucalıb göylərə sarı,
Yaşılım, həm alım bilinir daha!
Ürəkdə dualar Haqqı səsləyir,
Kədərim, qəmim də silinir daha!

Ürəyim təmizdir – Kağız kimi ağ,
Oraya yenidən sevinc yazacam.
Yollarım Şuşaya uzanır, baxın!
Yamyaşıl ormanda yenə azacam!

İsa bulağını görməmişəm mən,
Suyundan bir ovuc içib gələcəm!
Şuşa qalasının daşı sökülüb –
Daşı-daş üstünə qoyub öləcəm!


Nizami Məmmədzadə,
Azərbaycanın əməkdar jurnalisti
Bu xəbər oxucular tərəfindən 83 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed