Şrift:
"Özbəkistan bizim ümumi evimizdir"
15.11.2019 [10:31] - Mədəniyyət
BMT Baş Məclisinin qərarı ilə noyabrın 16-sı bütün dünyada Beynəlxalq Tolerantlıq Günü kimi qeyd olunur. Bu tarixin Özbəkistanda qeyd edilməsi də yaxşı ənənəyə çevrilib. Cəmiyyətdə millətlərarası harmoniya və qarşılıqlı anlaşma ruhunun gücləndirilməsi, milli mənsubiyyətindən asılı olmayaraq, bütün ölkə vətəndaşları üçün bərabər hüquq və imkanların təmin edilməsi Özbəkistanda dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bununla bağlı ölkədə Beynəlxalq Tolerantlıq həftəsi ərzində müxtəlif mədəni-humanitar, elmi-praktiki tədbirlər keçirilir. Belə tədbirlərdən biri də "Türküstan" İncəsənət Sarayında "Özbəkistan bizim ümumi evimizdir" devizi altında incəsənət ustalarının və milli mədəniyyət mərkəzlərinin bədii kollektivlərinin qala – konserti olub. Konsertdə Özbəkistan, Azərbaycan, Türkiyə, Rusiya və digər ölkələr milli mədəniyyət mərkəzlərinin bədii kollektivlərinin ifasında sülh, dostluq və mehribanlığın möhkəmlənməsinə həsr olunmuş mahnılar səslənib.
Ölkəmizi bu tədbirdə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Azərbaycan qızları” rəqs ansamblı təmsil edib. Ansamblın üzvləri bir-birindən gözəl milli rəqslərimizi təqdim ediblər. Tədbirdə çıxış edən xarici ölkələrlə millətlərarası münasibətlər və dostluq əlaqələri Komitəsinin sədri Rustambek Qurbanov bütün iştirakçılara təşəkkürünü bildirərək qeyd edib ki, belə tədbirlər əhalinin, xüsusilə gənclərin cəmiyyətin inkişafına cəlb olunmasına, onların vətənpərvərlik, tolerantlıq hisslərinin daha da möhkəmləndirilməsinə, respublikada yaşayan müxtəlif millətlərin dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunub saxlanılmasına xidmət edir. Tədbir konsertin bütün iştirakçıları tərəfindən "Özbəkistan bizim Vətənimizdir" mahnısının ifası ilə başa çatıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 406 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed