Şrift:
Şahmat üzrə Hamburq Qran-Prisinin finalçıları məlum olub
15.11.2019 [10:42] - İdman
Almaniyanın Hamburq şəhərində keçirilən və şahmatçımız Teymur Rəcəbovun səkkizdəbir final mərhələsində mübarizəni dayandırdığı FIDE Qran-Prisində finalçıların adları məlum olub. Polşalı Yan-Kşıştof Duda Teymur Rəcəbovu mübarizədən kənarlaşdıran və yarımfinala qədər irəliləyən rusiyalı Daniil Dubova qalib gələrək finala vəsiqə qazanıb. Y.Dudanın finalda rəqibi fransalı Maksim Vaşye-Laqravı məğlub edərək həlledici mərhələyə vəsiqə qazanan rusiyalı Aleksandr Qrişuk olacaq. Final qarşılaşması noyabrın 15-də keçiriləcək.
Qeyd edək ki, FIDE Qran-Prisinin Moskvada keçirilmiş ilk mərhələsində rusiyalı şahmatçı Yan Nepomnyaşi, Riqada təşkil edilən ikinci mərhələsində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov qalib gəlib. "Grand Prix 2019" seriyasının sonunda ümumi hesabda ilk iki pilləni tutan şahmatçı 2020-ci ildə keçiriləcək iddiaçılar turnirinə vəsiqə qazanacaq. Təmsilçimiz Teymur Rəcəbov dünya kubokunun qalibi kimi artıq iddiaçılar turnirinə vəsiqəni təmin edib. Dörd mərhələdən ibarət turnirdə ümumilikdə 21 şahmatçı gücünü sınayır. Şahmatçıların hər biri turnirin yalnız üç mərhələsində iştirak edə bilər. Qran-Pri turnirinin dekabrın 10-dan 24-dək Təl-Əvivdə keçiriləcək dördüncü mərhələsində həm Ş.Məmmədyarov, həm də T.Rəcəbov mübarizə aparacaqlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 96 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed