Şrift:
Xəmir xörəkləri hazırlanarakən əsasən kəpəkli un və qara yulaf unundan istifadə etmək tövsiyə olunur
15.11.2019 [12:10] - Sağlıq
Azərbaycanın milli mətbəxi dedikdə ağlımıza dünyanın qədim, zəngin və ləzzətli yeməkləri ilə bol olan bir mətbəx gəlir. Milli mətbəximizdə 2 minə yaxın xörək məlumdur. Əlbəttə, bu mətbəxi dəqiq araşdırmaq çox da asan deyil. Milli mətbəximiz təkcə xörəklər, onların hazırlanma texnologiyasından ibarət deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Milli mətbəximizin tarixi də elə xalqın tarixi qədər qədimdir. Kulinariyamız öz tarixi kökləri və özünəməxsusluğu ilə digər xalqların mətbəxlərindən xeyli fərqlənir. Əbəs yerə deyil ki, Azərbaycan xörəkləri yüksək dad, tam keyfiyyətləri ilə dünyada məşhurdur. Qida Təhlükəsizliyi Agentliyinin ünvanlandığı maarifləndirici materialda qeyd olunur ki, xəmir xörəkləri Azərbaycan mətbəxində xüsusi yer tutur. Yay mövsümündə xəmir xörəklərindən az istifadə etmək daha məqsədəuyğundur, çünki xəmir xörəklərindən çox istifadə etmək halsızlıq və yorğunluğa səbəb olur. Havaların soyuması ilə əlaqədar qida rasionuna müəyyən dəyişikliklər etmək olar. İnsanlar soyuq havalarda xəmir xörəklərindən - əsasən də xəngəl, xəşil, düşbərə, əriştə və gürzədən daha çox istifadə edir. Xəmirdən hazırlanmış şorbalar soyuqdəymənin qarşısını almaq üçün geniş istifadə olunur.
Xəmir xörəklərinin kalorisi yüksək və karbohidratla zəngin olduğu üçün normadan artıq qəbul ediləndə orqanizmdə ciddi problemlər yarada bilər. Həmin xörəklər əsasən nahara salınmalıdır ki, yeyildikdən sonra aktiv iş həyatı həzmi asanlaşdırsın. Axşam isə xəmir xörəklərinin qəbulu tövsiyə olunmur, çünki həzm prosesi çətinləşir.
Yaxşı olardı ki, həftəlik qida rasionunda xəmir xörəklərindən az istifadə edilsin. Hər həftə mütəmadi şəkildə qutab, xəngəl və un məmulatlarından istifadə məsləhət görülmür. Xəmir xörəklərinin ət və toyuqla qarışdırılması tövsiyə olunmur. Həmin qidaların tərəvəz və ya qatıqla yeyilməsi məsləhətdir. Xəmir xörəklərini hazırlayarkən istifadə edilən una da diqqət yetirmək lazımdır. Xəmir xörəklərində əsasən kəpəkli un və qara yulaf unundan istifadə etmək tövsiyə olunur. Çünki buğda unundan fərqli olaraq kəpəkli unun həm kalorisi aşağıdır, həm də rahat həzm olunur. Ona görə də yulaf, çovdar və kəpəkli undan hazırlanan xəmir xörəkləri daha faydalıdır. Xəmir xörəklərindən düzgün qaydada istifadə edilməsi insan sağlamlığına heç bir zərər vermir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 45 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed