Şrift:
Bu gün Milli Dirçəliş Günüdür
17.11.2019 [13:20] - Siyasət
1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan hadisələrlə bağlıdır. Keçmiş Sovet rəhbərliyinin Qarabağ məsələsi ətrafında apardığı antiazərbaycan siyasəti nəticəsində XX əsrin 80-ci illərinin sonunda Azərbaycanda anti-sovet xalq hərəkatı təşəkkül tapdı. 17 noyabr 1988-ci ildə Bakının əsas meydanı sayılan Azadlıq meydanında (keçmiş Lenin meydanı) Azərbaycan xalqının uzunmüddətli mitinqləri (17 noyabr - 5 dekabr, 1988-ci il) başladı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərəkatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.

17 noyabr mitinqinin tələbləri

Azərbaycan höküməti iqtisadi əlaqələri kəsəcəyi haqqında Ermənistana qəti xəbərdarlıq etməlidir. Televiziya birbaşa canlı yayımla verəcək ki, Topxanada nə işlər görülür.
Ağdam şəhərində qadağa saatı 24 saata ləğv edilməlidir.
Dağlıq Qarabağ Muxtar Vilayətində partiya və sovet orqanları buraxılmalıdır. Orada Azərbaycanın hüquqi, siyasi və iqtisadi normaları bərpa edilməlidir.
Noyabrda açılan sessiyada iştirak edəcək SSRİ Ali Sovetinin 63 deputatı bu haqda məlumat verməlidir. Əks halda onların Azərbaycana qayıtması məqsədəuyğun deyil. Axşam saat 6-yadək vaxt vermişik...
Burada oturub gecələmək şərtilə 24 saata şərtimizə əməl olunmasa nümayiş qeyri-müəyyən vaxtadək uzanacaq.

1988-ci il hadisələri haqqında tarixi arayış

Bu tələblərdən göründüyü kimi mitinqdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin dayandırılması, Dağlıq Qarabağda antiazərbaycan siyasəti yeridən qurumun ləğv edilməsi, əks təqdirdə Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq edilməsi, Azərbaycandan olan deputatların SSRİ Ali Soveti sessiyasında Ermənistanın təcavüzü ilə əlaqədar məsələ qaldırması başlıca tələblərdən idi. Bu tələblər Azərbaycan rəhbərliyini qane edirdi, lakin hökumət nümayəndələri mitinqi dayandırmağı tələb etdikdə mitinqçilər tələbləri yerinə yetirilməyincə meydanı tərk etməyəcəklərini bildirdilər. Burada "Moskvanın fitnələrinə son qoyulsun!", "Suverenlik!", "Azadlıq!" şüarları səslənməyə başlandı. Bundan Moskvaya təzyiq edib respublikalarda hakimiyyəti ələ keçirmək istəyən qüvvələr istifadə etməyə çalışırdılar. Bakının bəzi rayonlarında vəziyyət qəsdən gərginləşdirilir, xuliqanlıq hərəkətləri törədilirdi. Naxçıvanda dövlət orqanları binasına hücum edilmişdi, noyabrın 22-də Gəncədə əhali ilə ordu arasında qanlı toqquşma baş vermiş, 160 nəfər yaralanmış, üç əsgər və bir uşaq həlak olmuşdu. Noyabrın 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində xüsusi vəziyyət və komendant saatı tətbiq edildi. Küçələrə ağır silahlı qoşun hissələri yeridildi. Meydan səngimək bilmirdi. İnsanlar küçələrə çıxarılmış tankların lülələrinə qərənfillər taxır, əsgərləri camaatın tələbləri ilə tanış edir, qan tökməməyə çağırırdılar. Nümayişçilər meydana Azərbaycan SSR-in oraq çəkicli bayrağı ilə gəlmişdisə, bir neçə gün sonra - noyabrın 19-da burada ilk dəfə 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırıldı. Hər gün yüz minlərlə adam tankların, əsgərlərin arasından keçib meydana axışırdı. Çox vaxt mitinqçilərin sayı milyon nəfəri ötürdü. Gecələr meydanda qalanmış tonqalların ətrafında minlərlə adam qalırdı. Xalq artıq mitinqlə mümkün olan nəticəni əldə etmişdi. Ölkə rəhbərliyi mövcud problemə Azərbaycan xalqının münasibətini bilmişdi. Lakin erməni millətçiliyinə, separatizminə qarşı heç bir tədbir görülmürdü. İndi təşkilatlanmaq, mübarizəni demokratik vasitələrlə davam etdirmək lazım idi. Cəmiyyətin bunu dərk edən qüvvələri mitinqdən tədricən uzaqlaşırdılar, meydanın mühasirə həlqəsi daraldılırdı. Dekabrın 3-də hərbi hakimiyyət mitinqçilərdən meydanı tərk etməyi tələb etdi. Dekabrın 4-də isə gecə hərbçilər hücum edib zorla meydanı boşaltdılar, burada gecələyən mitinqçiləri həbs etdilər. Meydan dağıldıqdan sonra da bir neçə gün Bakıda və başqa şəhərlərdə etiraz tətili və nümayişləri keçirildi.

Azadlıq üçün ayağa qalxan "İlin xalqı"

Hər il təqvim dəyişəndə 1989-cu ildə xarici mətbuatda Azərbaycan xalqının “İlin xalqı” elan olunması hadisəsi xatırlanır. “Newsweek” jurnalının 25 dekabr 1989-cu il buraxılışının üz qabığında "Standing up for freedom People of the Year" sözləri yazılmışdı. Üz şəklində doğrudan da Bakının şəkli verilib və “People of the Year” (İlin xalqı) yazılıb. Amma jurnalın içində Azərbaycanın “İlin Xalqı” elan olunması və ya ümmumiyətlə Azərbaycan haqqında heç bir şey yazılmayıb. “Newsweek” jurnalı 1989-cu ildə ümumi olaraq bütün dünyada etirazlarda iştirak edən hər kəsi “İlin Adamları” elan etmişdi. Həmin nömrədə Çin, Polşa, Baltikyanı ölkələr, Macarıstan və Almaniya haqqında məqalələr var. Amma bizim haqda heç bir qeyd yoxdur. Üz qabığındakı fotoda Bakıdakı etirazın olması belə yazılmayıb.
Bakı fotosunu seçilməsinin səbəbi fotoda həm insan kütləsinin, həm də komunizmin əsas simalarından olan Leninin heykəlinin olmasıdır. Bu foto həmin ildə dünyada komunizmə qarşı xalqların etirazını sözlərsiz gözəl ifadə edirdi. Bu şəklin belə bir tanınmış jurnalın üz qabığında çıxmasının səbəbi Bakıda olan etirazların insan sayına görə dünyada ən böyüklərdən olduğundandır. Mitinqlərin möhtəşəmliyi səbəbindən, 1989-cu ildə bütün dünyanı bürümüş etiraz dalğasını rəmzi kimi məhz Bakıdakı mitiqin şəkli seçilmişdir və dolayı olaraq həmin meydanda olan bütün insanlar Newsweek jurnalı tərəfindən İlin Adamları seçilmişdir. Amma, etirazlar yalnız Bakıda olmadığından, dünyanın hər bir yerində totalitar rejimlərə etiraz edən hər kəsi ilin adamı elan edilmişdi. Azərbaycanlılar da onların arasında idi.

P.S. “Davam” saytı və qəzetinin yaradıcı əməkdaşlarının adından bütün xalqımızı bu bayram münasibətilə təbrik edirik!

DAVAM.AZ

Bu xəbər oxucular tərəfindən 166 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed