Şrift:
Dubayda Ermənistanın Dağlıq Qarabağ ətrafında vəziyyəti qızışdırmaq cəhdlərinə həsr olunmuş konfrans keçirilib
08.09.2012 [15:14] - Gündəm, Diaspor
Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və daha sonra əfv olunması ilə bağlı Ermənistan tərəfindən qaldırılan isteriyaya və bununla da Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesindən çıxmaq haqda çağırışlara cavab olaraq Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” cəmiyyətinin sədri Samir İmanovun təşkilatçılığı ilə Dubayda konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, “Qarabağ probleminin dünyada sülhə və təhlükəsizliyə həqiqi təhdidləri” adlı konfransda BƏƏ-də yaşayan soydaşlarımızla yanaşı yerli ictimaiyyətin nümayəndələri, o cümlədən ərəb siyasi ekspertləri və alimlər, eləcə də türk diasporunun təmsilçiləri iştirak ediblər.

“Azərbaycan” cəmiyyətinin sədri Samir İmanov konfransı giriş sözü ilə açaraq Dağlıq Qarabağ probleminin tarixi, Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunun Ermənistan tərəfindən işğal olunması barədə məlumat verib. Azərbaycan ərazilərinin işğalının bütün region üçün təhlükə mənbəyi olduğunu qeyd edən S. İmanov bu münaqişənin eyni zamanda bütün bölgənin, birinci növbədə elə Ermənistanın özünün iqtisadi inkişafına ciddi əngəl yaratdığını vurğulayıb. O yeritdiyi işğalçı siyasətinə görə Ermənistanın regionda gerçəkləşdirilən nəhəng layihələrdən təcrid olunduğunu bildirib.

BƏƏ-in nüfuzlu “Al-Bayan” qəzetinin konfransda iştirak edən jurnalisti qəzetin 8 sentyabr tarixli sayında “Dağlıq Qarabağ – partlayış üçün çubuqlar” adlı məqalə yazıb. Məqalədə son həftə Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycanla Ermənistan arasında gərginliyin artdığı, Amerika Birləşmiş Ştatları və Rusiyanın bununla bağlı narahatlıqlarını ifadə etdikləri qeyd olunub. Müəllif Budapeştdə NATO-nun təlimləri zamanı erməni zabitini öldürmüş Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və daha sonra əfv olunmasından sonra Ermənistanın Azərbaycana müharibə xəbərdarlığı göndərdiyini bildirir. Müəllif sual qoyur ki, “Nə üçün indi?”.

Sualın cavabında jurnalist problemin Fransa və Rusiyada keçirilmiş seçkilərdən sonra qabardılmağa başladığını qeyd edir. O eyni zamanda Fransa və Türkiyə münasibətlərinə də toxunaraq Fransanın keçmiş prezidenti Nikola Sarkozinin ermənipərəst mövqe tutması ilə fərqləndiyini bildirir. Müəllif Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələri şərtləndirən motivləri araşdırır: “İbtidai motiv neftdir və xüsusilə də ABŞ üçün. İkinci motiv Türkiyə və həmişə ermənilərə yaxınlığı ilə seçilən Rusiya arasında Suriya ilə bağlı durumdur. Üçüncü motiv Rusiyanın keçmiş sovet respublikaları arasında mövqeyini möhkəmlətmək istəyidir”.

Moskvanın bu məqsədlə mövcud münaqişələrdən rıçaq kimi istifadə etdiyini qeyd edən müəllif bir müddət əvvəl Rusiyanın Gürcüstana qarşı atdığı addımları, o cümlədən Abxaziya və Şimali Osetiyanın müstəqilliyini tanıdığını xatırladır. Məqalədə Rusiyanın keçmiş sovet məkanında, həmçinin Türkiyənin regionda özünün siyasi və iqtisadi nüfuzunu artırmağa çalışdığını və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etmək istədiyi qeyd edilir. Məqalədə bu mövzunun yaxın günlərdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə olunacağı qeyd olunur.
Bu xəbər oxucular tərəfindən 1161 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed