Şrift:
Odessada Azərbaycan icması ilə görüş keçirilib
18.11.2019 [13:47] - Diaspor
Ukraynaya səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin üzvləri Odessa şəhərindəki Azərbaycan icmasının nümayəndələri ilə görüşüblər.
Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Dövlət Komitəsinin aparat rəhbəri Daşqın Rəcəbli ölkəmizin diaspor siyasətindən, xaricdə yaşayan azərbaycanlıların mütəşəkkil fəaliyyət göstərmələri istiqamətində atılan addımlardan söz açıb. Dövlət Komitəsinin irimiqyaslı layihələri, Diaspor TV, Diaspor FM, Diaspor Gənclərinin Yay düşərgələri, Azərbaycan Diasporuna Dəstək Fondu barədə ətraflı məlumat verib. Xarici ölkələrdə yaşayan soydaşlarımızın yüksək təhsil almasının vacibliyi, “Qarabağ” həftəsonu məktəblərinin açıldığı, Komitənin təşəbbüsü ilə “Azərbaycan dili” kitabının hazırlandığı, diaspor xəritəsi vasitəsilə azərbaycanlıların biri-biri ilə ünsiyyət qura bilmələrinin mümkünlüyü, həmçinin “Vətən uzaqda deyil” proqramının mahiyyəti və missiyası icma üzvlərinin diqqətinə çatdırılıb.
Vurğulanıb ki, Dövlət Komitəsi sədrinin xaricə səfərlərinin əhatə dairəsinin genişlənməsi, Azərbaycan diasporu ilə görüşlərin intensivləşməsi, diasporun fəaliyyətində keyfiyyətin yüksəlməsi, soydaşlarımızın birliyinin formalaşması və möhkəmləndirilməsi yolunda mühüm addımların atılması, Koordinasiya şuralarının yaradılması ölkəmizdən kənarda yaşayan azərbaycanlıların təşkilatlanmasında xüsusi rol oynayıb. Çıxışlarda Ukraynadakı diasporumuzun fəaliyyəti yüksək qiymətləndirilib, burada çoxlu sayda azərbaycanlının yaşadığı, onların təşkilatlanması istiqamətində mühüm addımların atıldığı diqqətə çatdırılıb. İcma nümayəndələri Dövlət Komitəsinin diasporla bağlı gördüyü işləri, nümayəndə heyətinin Odessaya gəlməsini və ilk dəfə azərbaycanlı icmanın üzvləri ilə görüş keçirilməsini müsbət dəyərləndiriblər. Görüş zamanı soydaşlarımızın təklifləri və problemləri dinlənilib, onların həlli ilə bağlı addımların atılacağı nəzərə çatdırılıb.

DAVAM.AZ
“Kiyev Bürosu” (Ukrayna)

Bu xəbər oxucular tərəfindən 44 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed