Şrift:
Kommunal xidmətlərin inkişafında Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
22.11.2019 [09:57] - İqtisadiyyat
“Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin Tədbirlər Planının icrası ilə bağlı cari ilin yekunu üzrə İşçi Qrupunun növbəti iclası keçirilib. Energetika Nazirliyindən verilən məlumata görə, işçi qrupunun sədri, Energetika nazirinin müavini Samir Vəliyev strateji yol xəritəsində ilin sonunadək tamamlanması nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinin qarşıda duran əsas vəzifə olduğunu bildirib və hesabatların yekun qiymətləndirmələr nəzərə alınmaqla yeni qaydalara uyğun hazırlanaraq təqdim edilməsinin vacibliyini qeyd edib. İclasda 2019-cu il ərzində strateji yol xəritəsinin Tədbirlər Planının bütün bəndləri üzrə görülən işlər diqqətə çatdırılıb. Qeyd olunub ki, kommunal xidmətlər sektorunda təkmil normativ hüquqi bazanın yaradılması istiqamətində “Elektroenergetika haqqında”, “Qaz təchizatı haqqında”, “Su təchizatı və tullantı suları haqqında” yeni qanun layihələri, istilik enerjisindən istifadə qaydaları hazırlanıb və razılaşdırılma mərhələsindədir. Elektrik stansiyalarının istismar müddətinin və istehsal güclərinin artırılması ilə bağlı Reablitasiya Proqramı hazırlanıb və əlavə istehsal güclərinin yaradılması təmin edilib. Bundan əlavə, elektrik enerjisi verilişinin keyfiyyətinin yüksəldilməsi istiqamətində də müvafiq işlər aparılıb, itkilərin azaldılması üçün yeni sayğaclar quraşdırılıb, “Elektrik enerjisinin əsas keyfiyyət göstəricilərinə nəzarət və elektrik enerjisinin keyfiyyət göstəricilərini təhrif edən mənbənin (mənbəyə istiqamətin) təyin edilməsi” metodikası hazırlanıb. İclasda elektrik enerjisi istehlakçılarının sərfiyyat proqnozlarının nəzərdən keçirilməsi, istilik təchizatı üzrə tariflərin təkmilləşdirilməsi, enerji təchizatında modernləşdirmə işləri üçün baş planın hazırlanması və digər məsələlərlə bağlı müzakirələr aparılıb. İclasda İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərişıq” ASC, “Azəristiliktəchizat” ASC, “Azərsu” ASC və digər qurumların nümayəndələri iştirak edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 309 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed