Şrift:
“Balu” şirniyyat sexinin məhsullarının satışı qadağan edilib
22.11.2019 [11:54] - Sosial
Qida Təhlükəsizliyi Agentliyinin 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir. Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən verilən məlumata görə, paytaxtın Sabunçu rayonunda Bakıxanov qəsəbəsindəki Şəfəq küçəsi, 8 ünvanında fəaliyyət göstərən “Balu” şirniyyat sexinə reyd keçilib.
Müəyyən olunub ki, fiziki şəxs Nağıyev Seymur Həsən oğluna məxsus şirniyyat sexi unlu qənnadı məmulatlarının istehsalı ilə məşğul olur. İstehsal üçün yararsız, köhnə tikilidə fəaliyyət göstərən sexdə “Balu” adı altında müxtəlif növ şirniyyatlar hazırlanır. Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin istehsal üçün həddən artıq yararsız olduğu, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb.
Müəssisədə istifadə edilən un kisələri çirkli, birbaşa yerdən və divara bitişik vəziyyətdə saxlanılmaqla, un ələk və maqnit tutuculardan keçirilmədən, çirkli xəmir qarışdıran qazanlarda yoğurularaq, şirniyyatlar sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan sobada bişirildiyi məlum olub. Reyd zamanı xammalın qəbulu, saxlanılması, məhsulun istehsalı, xəmirqarışdıran qazan və digər avadanlıqların yuyulması, hazır şirniyyat məhsullarının saxlanılması eyni sahədə, sanitariya norma və qaydalara cavab verməyən şəraitdə həyata keçirildiyi aşkar olunub.
Yoxlama zamanı sexdə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinə olunmaq üçün Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyasına göndərilib. Həmin məhsulların satışı qadağan edilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 38 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed