Şrift:
Dar Ağacında heykəlləşən milli qürur
22.11.2019 [23:00] - Köşə yazarları
Azərbaycan Milli Hökumətinin baş prokuroru Firudin İbrahiminin xatirəsinə

Firudin İbrahimi güneyli-quzeyli Azərbaycan tarixinin şərəfli səlnaməsində imzası olan nadir şəxsiyyətlərimizdən biridir. 1945—1946-cı illərdə Azərbaycan Demokrat Firqəsi tərəfindən yaradılan Milli Hökumətin baş prokuroru kimi 26 yaşında əqli, zəkası, hüquqi biliyi, idarəetmə siyasətinin mahir bilicisi kimi ad qazanmış Firudin İbrahimi bütün zamanların qəhrəmanlarından biridir.
XX əsrdə dünyada cəmiyyətlərin sosial-ictimai mənada feodalizmin qalığı olan monarxiya rejimlərindən demokratik dövlət modelinə keçid mərhələsi uğrunda bəşəri mənada böyük inqilablar baş verdi. Şərq aləmində bu inqilabın beşiyi qoca Təbriz idi. Məşhrutə İnqilabının mahiyyəti məhz bundan ibarətdir. Feodalizmin amansızcasına demokratik dövlət modelinə qarşı çıxması İran xalqlarının və Cənubi Azərbaycanın taleyində dərin yaralar buraxmışdı. 1905-1911-ci illər Məşrutə Hərəkatı və Şərq aləmində ilk dəfə olaraq əncümənlərin yaradılması demokratik və konstitutsiyalı dövlət modelinin yaradılması üçün atılan ilk addım oldu. 1917-1920-ci illərdə Təbrizdə Şeyx Məhəmməd Xiyabaninin liderliyi ilə baş qaldıran “Azadistan” Hərəkatı da Məşrutə Hərəkatının davamı idi. Bu iki cahanşümul inqilabi proses Cənubi Azərbaycanın bütün Şərq aləmində dünyada baş verənlər demokratik cəmiyyətin qurulmasına xidmət edib. Bu inqilabi proseslərin alovlu çağında Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Astara şəhərində noyabr ayının 21-də İbrahimilər ailəsində Firudin adlı oğlan dünyaya gəldi. Erkən yaşlarından yerli feodalların, xüsusilə Rza Şah Pəhləvi despotizmini qəbul etməyən Firudin İbrahimi də öz üsyankar səsini qaldırmaqda idi. O, çox yaxşı dərk edirdi ki, İran xalqlarının və Cənubi Azərbaycanın öz hüquq və azadlıqlarını əldə etməsi üçün savadlı olmaq, hüquqi cəhətdən bunun əsaslarını təmin etmək lazımdır. Ona görə də Tehran Universitetin hüquq fakültəsinə daxil olur. Tələbə olduğu müddətdə dünya hüquq elminin bütün prinsiplərini dərindən öyrənir. Cəmiyyətdə vətəndaş hüquqlarının qorunması istiqamətində beynəlxalq təcrübələri mənimsəyir. Bununla yanaşı, gənclərin fəallığı konsepsiyalarını irəli sürür. Firudin İbrahimi o şəxslərdəndir ki, artıq 23 yaşında Cənubi Azərbaycanda və bütün İran cəmiyyətində hüquqi müstəvidə Rza Şah Pəhləvi istibdadından qorxmadan ona qarşı mübarizə aparan və bir sözlə gəncliyin simvoluna çevrilmişdi. “Xavəri nov” (Yeni Şərq) qəzetinin vasitəsilə ideyalarını yaymaqla ədalətli cəmiyyət, insan haqlarının qorunduğu ölkə siyasətini gündəmə gətirirdi. O, bütün məqalələrində şah istibdadına və onun yerlərdəki feodallara qarşı çıxırdı. Sadə insanların istismarına, dilənçi kökündə və acı məhrumiyyətlər içində çabalamağa məcbur edilməsinə qarşı Firudin İbrahimi öz məqalələrində cəsarətli şəkildə qamçılayan çıxışlar edirdi. Onun hər məqaləsi, dərin zəkasının məhsulu olan ideyaları, heç nədən qorxmadan və cəsarətlə sözü düz deməyi bacarması gənclər arasında böyük coşqularla qarşılanırdı. Bir sözlə, Azərbaycan Milli Hökumətinin intişar tapması istiqamətində baş verən proseslərdə Firudin İbrahiminin də mislsiz rolu olmuşdur.

Xalqının rifahı üçün mübarizənin önündə gedən Baş Prokuror

1945-ci il 21 Azər tarixində Seyid Cəfəri Pişəvərinin rəhbərliyi və Azərbaycan Demokrat Firqəsinin sayəsində yaranan Milli Hökumət Cənubi Azərbaycanda, eləcə də istibdad zülmü altınd ainləyən bütün xalqlar tərəfindən çox böyük coşqularla qarşılandı. Yeni yaranan Milli Hökumət Rza Pəhləvi irticasının, istismarçı siyasətin və yerli feodalların dəhşət saçan zülm və işgəncələrinə son qoydu. Firudin İbrahimi Milli Hökumətin Məclisinin üzvü olmaqla yanaşı, həm də Baş Prokuror vəzifəsinə təyin edildi. Onu da qeyd edək ki, 26 yaşında Şərq aləmində bu yaşda baş prokuror statusunu daşıyan ikinci şəxs olmamışdır. O, gecə-gündüz bilmədən, Milli Hökumətin sosial və ictimai ədalət konsepsiyasına uyğun şəkildə fəaliyyət göstərirdi. Cənubi Azərbaycanda ədalətli cəmiyyətin hüquqi əsaslarının təməlli şəkildə həyata keçirilməsi siyasətinə rəhbərlik edirdi. Rza Şah istibdadı rejimini bərpa etmək və yerli zülmkar feodalların əksinqilabi qüvvələrinə qarşı mübarizə aparan “Babək” adlı könüllü dəstələrin əsas təşkilatçılarından biri də Firudin İbrahimi idi. O, hökumət idarələri ilə yanaşı, əhalinin yeni cəmiyyətin qurulmasında yaxından iştirak edirdi. Firudin İbrahimi baş prokuror olmaqla yanaşı, “Ettelat”, “Ajir”, “Rəhbər”, “Mərdom”, “Zəfər”, “Siyasət”, “Mərdan” və Milli Hökumətin tribunası “Azərbaycan” qəzetlərində geniş məqalələrlə çıxışlar edirdi. Milli Hökumətin əsas üzvlərindən biri kimi Firudin İbrahimidə olan zəngin enerjinin tükənməzliyi çoxlarını heyrətə gətirirdi. Azərbaycan və fars dillərində nüfuzlu qəzetlərdə məqalələrinin dərc olunması ictimai fikrin inkişafı üçün böyük təkan demək idi. Firudin İbrahimi Milli Hökumətin üzvü və millət vəkili kimi yorulmaq bilmədən böyük quruculuq işləri görürdü. O, kabinetdə heç bir zaman oturmazdı. Daim əhali ilə görüşlərə qatılar, xalqın hüquq və azadlıqların pozmağa çalışan yerli ərbabların və mövhumatçı mollaların qarşısını alardı. Ərdəbil, Xoy, Meşkin, Mərənd, Sulduz, Həmədan, Səlmas, Əhər, Urmu, Qoşaçay, Zəngan, Əhər, Culfa və digər şəhərlərdə yorulmaq bilmədən əhali və Milli Hökumətin yerli təşkilatları ilə canlı şəkildə təmas quraraq cəmiyyətin idarə olunması istiqamətində öz tövhələrini verərdi. Süni şəkildə sabotaj yaradanlara qarşı amansızcasına mübarizə aparırdı. Ona görə də Baş Prokuror kimi xalq tərəfindən çox sevilirdi.

Beynəlxalq konfransda ilk dəfə Azərbaycan dilində Firudin İbrahimi çıxış etmişdir

Bütün Şərq aləmində və Cənubi Azərbaycan Milli Hökumətinin beynəlxalq səviyyədə nüfuzunun artırılması, istibdada və zülmə qarşı xalqların mübarizəsi, ictimai ədalət konsepsiyasına söykənən hüquqi dövlət quruculuğu prinsiplərini ilk dəfə ortaya atan da məhz Firudin İbrahimi olmuşdur. O, 29 iyul – 15 oktyabr 1946-cı il tarixdə Fransanın paytaxtı Parisdə 21 dövlətin iştirak etdiyi “Beynəlxalq Sülh Konfransı”nda Milli Hökuməti təmsil etməklə Cənubi Azərbaycandakı proseslərin müsbət tərəflərini işıqlandırmış və ədalətli cəmiyyət modelini isbat edə bilmişdir. Bu beynəlxalq konfransın əhəmiyyəti bir də ondan ibarət idi ki, dünya tarixində ilk dəfə olaraq Firudin İbrahimi doğma dilində, yəni Azərbaycan dilində çıxış etmişdi. Daha sonra, o bu beynəlxalq tədbirlə bağlı “Sülh uğrunda” adlı analitik silsilə məqalələri ilə Milli Hökumətin “Azərbaycan” qəzetində çıxış etmişdir. Onun ən çox yadda qalan və ictimai fikir tərəfindən böyük maraqla qarşılanan ideyalarından biri də “Azərbaycan danışır” və “İftixarlı tariximizdən bir neçə parlaq səhifə” adlı silsilə yazılarıdır. Bu məqalələr Azərbaycan xalqının milli şüurunun oyanmasında müstəsna rol oynamışdır. 19 məqalədən ibarət olan bu silsilə yazılar Təbrizdə “Azərbaycanın qədim tarixi haqqında” adlı kitabda dərc olunmuşdur. Firudin İbrahiminin Parisdə Beynəlxalq Sülh Konfransında çıxış etməsindən ən çox qorxan da şahpərəst irtica rejimi olmuşdu. O, Tehran hökumətinə belə cavab vermişdi:
"Mənim pasportum Təbriz polis idarəsi tərəfindən verilmiş və Azərbaycan dilində yazılmışdır. Ona görə də mən bu pasportu həmişə əziz yadigar kimi saxlayacam".
O, həmin konfransda Misir, Əlcəzair, Tunis, Mərakeş və digər müstəmləkə rejimləri və yerli feodallar tərəfindən əzilən xalqların nümayəndələri ilə görüşdə Milli Hökumətin əldə etdiyi uğurların təcrübəsini onlara ətraflı şəkildə izah etmişdi. “Ərəb Dövlətləri Liqası”nın üzv dövlətlərinə anladırdı ki, ədalətli cəmiyyət qurmağın timsalında Milli Hökumətini örnək olartaq göstərməkdən qürur duymuşdur. O, bu görüşlərdə xüsusilə bir faktı belə vurğulayırdı:
“Hər bir millət həqiqi azadlıq əldə etmək və öz müqəddaratına sahib olmaqdan ötrü yalnız bir qücə söykənməlidir. O da millətin birliyi və bu birlikdən əmələ gələn qüvvədir".
Bir mühüm faktı da qeyd etmək gərəkdir ki, Milli Hökumətinin rəhbəri Seyid Cəfər Pişəvəri 3 sentyabr 1946-cı il tarixində Azərbaycan Demokrat Firqəsinin yaranmasının bir illik bayramı münasibətilə Təbrizin Dövlət Teatrında düzənlənən tədbirdəki nitqində Firudin İbrahiminin “Paris Sülh Konfransı”ndan göndərdiyi hesabatları çox yüksək səviyyədə qiymətləndirərək demişdir:
"Bizim hərəkatımız dil vasitəsilə dünyada nüfuz və şöhrətə malik ola bildi. Dünya bildi ki, beş milyonluq bir xalq var ki, öz dillərində yazıb və oxuyur... İndi dünyanın əzilən millətləri bizi alqışlayır və bizə nicat verən bir millət kimi baxırlar".

Edam olunmaq həyatın sonu deyil

Firudin İbrahimi Paris Sülh Konfransından döndükdən sonra Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirirdi. Lakin 12 dekabr (21 Azər) 1946-cı il tarixində o dövr üçün Şərqin ən qəddar diktatoru kimi tanınan Rza Pəhləvi beynəlxalq irticanın, satqınların dəstəyi və güclü nizami ordu ilə Milli Hökuməti devirmək üçün hərəkətə keçdi. Cənubi Azərbaycanın Milli Hökuməti qoruyan Fədai Ordusu və alovlu vətənpərvərlər yenidən şah üsuli-idarəsinin yaranmasına qarşı birgə mübarizə apardılar. Rza Pəhləvinin nizami qoşunları Təbrizə böyük qüvvə ilə daxil olmuşdu. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin binasında 34 saat davam edən silahlı müqavimət dünya tarixinin şanlı səhifələrindən biridir. 40 minlik şah ordusuna qarşı bu binada min nəfərə yaxın Milli Hökumətin üzvləri və fədailər qətiyyətlə mübarizə apardılar. Çoxlu itkilər verən və yaralıların sayının həddən artıq olması, silah-sursatın tükənməsi sayəsində, Milli Hökumətin binası ələ keçirildi. Bu zaman Baş Prokuror Firudin İbrahimi də həbs olundu. Zindanda ağır işgəncələrə məruz qalan Firudin İbrahimi bütün əzablara mərdliklə dözdü. Sınmadı. Əyilmədi. Rza Pəhləvi kimi qanlı qiktatorun yağlı vədlərinə və firəvan həyat təkliflərinə qarşı çıxdı. Zindan həyatı onun nə qədər ləyaqətli şəxsiyyət olduğunu bir daha sübut etdi.
Firudin İbrahimi İran xəbər agentliklərinin birinin "Siz prokuror olduğunuz zaman hansı işləri icra etmisiniz?" sualına belə cavab vermişdi: "Biz məhbusların cinayət işlərini araşdırdıq, mürtəce qanunlar əsasında həbs edilən günahsız insanları azad etdik. Xalqın hüquqlarını müdafiə etməklə onları satqın hakimlərin zülmündən xilas etdik".
1925-ci ildən hakimiyyətdə olan və bütün həyatı boyu Cənubi Azərbaycana qarşı kin və nifrət bəsləyən Rza Pəhləvinin nəzarəti altında olmaqla rejimin ədalətsiz məhkəməsində və 1947-ci ilin may ayının 23-də Təbrizin Səttarxan Xiyabanında meydanda dar ağacına aparılanda da Firudin İbrahimi azadlıq carçısı olduğunu və bu amala sədaqətini başını əymədən nümayiş etdirmişdir. Məhkəmədə şah rejimini ittiham edən nitqi dünyanın irtica rejimlərinə qarşı qolları zəncirli olsa da, sinəsini qürurla irəli verərək Firudin İbrahimi demişdi:
"Gün gələcək ki, bütün İran xalqlarını öz hüquqlarından məhrum edənlər, onların mədəniyyət və milli qürurlarını tapdalayanlar, öz ciblərini və kisələrini qızılla doldurmaq xatirinə zəhmətkeş insanları istismar edənlər xalq qarşısında törətdikləri xəyanət və cinayət əməllərinə görə cavab verməyə məcbur olacaqlar".
May ayının 22-də Təbrizin “Gülüstan Bağı”nda və günəşli havada istibdad rejiminin başında oturan Rza Pəhləvinin xüsusi qərarı ilə dar ağacı qurulmuşdu. Günrota saat 12.00-da uca boylu, enli kürəkli, əynində milə-mil pencək, ağ köynək və boynunda qırmızı qalstuk, şux qamətli yerişi ilə dimdik addım atan, ayaqları və qolları zəncirli Firudin İbrahimi şahın jandarmlarının müşaiəti ilə edam mərkəzinə gətirildi. Bu acı mənzərəni ürək yanğısı, göz yaşları ilə ürəkləri sızıldayan insanlar seyr edirdilər. Birdən əhali təlatümə gəldi. Jandarmalara və şah qoşununa hücum etmək istədilər. Xalqın nahaq yerə qanının töküləcəyindan ehtiyat edən Firudin İbrahimi əlini yuxarı qaldırdı, səbrlə və uca səslə dedi:
“Mənim əzizlərim, həmvətənlilərim, səbr edin, qoy qan tökülməsin! Çox keçməz Azərbaycan xalqı qələbə çalacaq və yenidən Azərbaycanda Milli Hökumət qurulacaq. Yaşasın Azərbaycan xalqı! Yaşasın doğma Ana Vətənimiz Azərbaycan!..”
Bunun ardınca Milli Hökumətin Mirmehdi Etimad tərəfindən yazılmış və bəstəkar Cahangir Cahangirov tərəfindən bəstələnmiş sürudunu (himn) oxudu:

Ey vətənim Azər¬bay¬can,
Əbədi odlardan nişan.
Adlı-sanlı keçmişin var,
Sən böyütdün qəhrəmanlar.
Qoca Şərqin çırağısan,
Azadlığın bayrağısan...........

Rza Pəhləvinin Təbrizə göndərdiyi xüsusi cəza dəstələri, jandramlar və ordu birlikləri hərəkətə keçərək qorxa-qorxa Firudin İbrahimini dərhal edam etdilər. Belə bir mənzərə tarixdə rast gəlinən nadir hadisələrdən biridir. Qəddar rejim necə də qorxaqmış. Dar ağacının qarşısında əzəmətli duruşu ilə, qorxu-hürkü bilmədən baxışları ilə Firudin İbrahimi istibdad rejiminin cəlladlarına meydan oxumuşdu. Qoca Təbrizin yaşlı insanları bu mənzərəni hələ də qürurla xatırlayırlar. Bu günümüz və gələcəyimiz naminə Milli Hökumətin ortaya qoyduğu ideallar uğrunda yaşayır.

Ey vətənim Azər¬bay¬can,
Əbədi odlardan nişan.
Adlı-sanlı keçmişin var,
Sən böyütdün qəhrəmanlar.

Qoca Şərqin çırağısan,
Azadlığın bayrağısan.
Tarix boyunca yadigar
İftixarlı asarın var.

Sənsən bizə ana, Vətən,
Sənsən bizə nemət verən.
Sənsən bizə ruhi-rəvan,
Yaşa-yaşa Azər¬bay¬can!

Azər¬bay¬can, Azər¬bay¬can,
Aslanların məkanısan.
Sən qurduğun yeni həyat,
Xalqımıza verdi nicat.

Gözəl günlər gətiribsən,
Səttarxanlar yetiribsən.
Qoy yurdumuz cənnət olsun,
Düşmən bağrı qanla dolsun.

Ənvər BÖRÜSOY
Bu xəbər oxucular tərəfindən 320 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed