Şrift:
“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESCO-nun dəyərləri” konfransı
25.11.2019 [08:54] - Mədəniyyət
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutu UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası ilə birlikdə “İmadəddin Nəsiminin fəlsəfəsi və UNESCO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirib.
Tanınmış alim və mütəxəssislərin iştirak etdiyi tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək prezident İlham Əliyevin böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.
AMEA-nın Fəlsəfə İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə İmadəddin Nəsiminin istər ədəbiyyat, istərsə də fəlsəfə sahəsində əvəzsiz zəngin irs qoyduğunu qeyd edib. O bildirib ki, hürufilik Nəsimi tərəfindən nəinki Azərbaycanda, eləcə də Şərqdə geniş yayılıb və bunun sayəsində şair Misir, İraq, İran və Anadoluda ən tanınmış simalardan birinə çevrilib. Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov Azərbaycan-UNESCO əlaqələrindən danışıb, bu əlaqələrin inkişafında I vitse-prezident Mehriban Əliyevanın müstəsna rolunu diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Nəsimi irsi ilə bağlı fikirlərini bildirib, onun əhəmiyyətindən danışıb.
Mədəniyyət nazirinin müavini, AMEA-nın müxbir üzvü Sevda Məmmədəliyeva bildirib ki, Nəsimi öz yaradıcılığı ilə insanı ən ali həqiqət kimi ucaldıb, dövrün hökmdar və şairlərini öz təsiri altına salmağı bacarıb.
Fransanın Azərbaycandakı səfiri Zakari Qross öz ölkəsi ilə Azərbaycan əlaqələrinin əhəmiyyətini diqqətə çatdırıb. O, Nəsimi yaradıcılığının ümumbəşəri dəyərlərindən bəhs edib. AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova bildirib ki, Nəsimi klassik Azərbaycan poeziyasına mühüm yeniliklər gətirmiş böyük söz ustadıdır. Türkiyənin Azərbaycandakı səfirliyinin mədəniyyət üzrə məsləhətçisi İrfan Çiftçi qeyd edib ki, İmadəddin Nəsimi həqiqət tərəfdarı idi. Onun yaradıcılığında insana sevgi, məhəbbət duyğuları əsas yer tutur. Sonra Azərbaycan və digər ölkələrdən olan alimlərin “İmaməddin Nəsimi şəxsiyyətinin və fəlsəfəsinin özəllikləri”, “Nəsimi sirrinə bir baxış”, və digər mövzularda məruzələri dinlənilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 286 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed