Şrift:
Bakıda musiqi bayramı olacaq
10.09.2012 [11:49] - Mədəniyyət
IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı keçiriləcək



18-29 sentyabr tarixində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyliyə həsr olunmuş IV Beynəlxalq Musiqi Festivalı keçiriləcək.Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival artıq ənənə halını alıb. Bu möhtəşəm festivalın açılışı 4-cü ildir ki, 18 sentyabr "Musiqi Günü"ndə təşkil edilir.

Ötən illərdə olduğu kimi, bu il də festival çərçivəsində Bakının konsert zallarında, teatr səhnələrində və muzeylərində Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, Argentina və İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlərin iştirakı ilə tədbirlər keçiriləcək. Bunlar: Köln Akademie Kamera Orkestri (Almaniya), “Signum” saksofon kvarteti (Almaniya), Zaxar Bronun rəhbərliyi ilə Beynəlxalq müsabiqə qaliblərindən ibarət Kamera Orkestri, “Moskva virtuozları” kamera orkestri (Rusiya), Vladimir Spivakov (dirijor, Rusiya), Gürer Aykal (dirijor, Turkiyə), Solen Paidassi (violin, Fransa), İlya Maksimov (piano, Rusiya), AŞU (saksofon, ABŞ), Kristov Kruaze (cello, Fransa), Canluka Marçiano (dirijor, İtaliya), Anna de la Veqa (fleyta, Argentina).

Azərbaycanın tanınmış dirijor və solistləri, kollektivləri də xarici musiqiçilərlə səhnəni bölüşəcək: Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, Bakı Musiqi Akademiyasının gənclər kamera orkestri, “Contempo” ansamblı, “Furioso Quartet”, Rauf Abdullayev (dirijor), Toğrul Qəniyev (violin), Murad Adıgözəlzadə (piano), Murad Hüseynov (piano), Ağaverdi Paşayev (dirijor), Əyyub Quliyev (dirijor), Şəhla Əlizadə (arfa).

Festival çərçivəsində “Üzeyir evinin qonaqları” adlı yeni musiqi layihəsi təqdim olunacaq. Layihədə gənc istedadlarla görüşlər, kamera musiqisi konsertləri keçiriləcək.

Eyni zamanda C.Puççininin “Canni Skikki” operası (Azərbaycanda ilk ifa), Q.Qarayevin “Yeddi gözəl” baleti, Ağcabədi “Qarabağ” Muğam Mərkəzində Üzeyir Hacıbəyli “O olmasın, bu olsun” tamaşaları nümayiş olunacaq.

Festival çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqında yeni çap olunmuş kitabların təqdimatı və “Üzeyir Hacıbəyli və musiqili qəzəl janrının Azərbaycanda inkişaf yolları” adlı elmi-praktiki konfransın keçirilməsi də nəzərdə tutulub.

Bu ildən etibarən Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi FestivalıRusiyanın "Musiqi Olimpi" Fondu ilə əməkdaşlığa başlayıb. "Musiqi Olimpi" Fondunun xətti ilə gənc beynəlxalq müsabiqə laureatlarının konsertləri keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1381 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed