Şrift:
Özbək sənət ulduzları Azərbaycanda çıxış ediblər
26.11.2019 [10:37] - Mədəniyyət
Heydər Əliyev Sarayı möhtəşəm konsertə ev sahibliyi etdi. Tez-tez bir-birindən populyar ifaçıların qonaq olduğu bu tarixi məkan bu gün tamam başqa ab-havada idi. Belə ki, müstəqillik tarixində ilk dəfə özbək müğənnilərinin Azərbaycanın ən aparıcı konsert sarayında çıxışı təşkil olunmuşdu. Elə bu səbəbdən də, hər kəs konsertin başlayacağı anı səbirsizliklə gözləyirdi. Doğurdan da musiqi elə bir universal, ecazkar dildir ki, xalqları yaxınlaşdırır, birləşdirir, doğmalaşdırır, insanların qarşılıqlı ünsiyyətini həyata keçirir. Bakıdakı bu konsert də iki qardaş xalq arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edirdi. Heydər Əliyev Sarayında özbək musiqisinin dünya şöhrətli ulduzları, Özbəkistanın əməkdar artistləri, "Nixol” Dövlət mükafatı laureatları Uluqbek Raxmatullayev və Yulduz Turdiyeva möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Konsertdən əvvəl Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov bildirib ki, bu layihə əsasında özbək musiqiçiləri Bakıda “Özbəkistandan sevgilərlə” adlı konsert proqramı ilə çıxış edirlər.
“Biz istəyirik ki, belə görüşlər ənənə halını alsın. Azərbaycan ifaçıları Özbəkistanın ən böyük konsert salonlarında dəfələrlə çıxış ediblər, lakin özbək ifaçıları ölkəmizdə elə də geniş konsertlər verməyiblər. Tamaşaçılar bu gecə türk dünyasının sənət, mədəniyyət, incəsənət beşiyi olan, Şərqin zəngin musiqi ənənələrini özündə yaşadan qardaş Özbəkistanın tanınmış sənətçilərini dinləyəcək və inanırıq ki, konsert hamının ürəyincə olacaq”, - deyə Samir Abbasov vurğulayıb.
Konsert proqramı “Sizə salam gətirmişəm” musiqi klipinin təqdimatı ilə başlayıb. Əvvəl səhnəyə dəvət olunan Uluqbek Raxmatullayev qonaqları salamlayaraq bu görüşü böyük səbirsizliklə gözlədiyini bildirib. Almaniya, Türkiyə, ABŞ, Rusiya səhnəsində uğurla çıxış edən Özbəkistanın gənc estrada ulduzu qardaş Azərbaycanda çıxış etməkdən məmnunluğunu söyləyib. Bakıda çoxlu dostlarının, pərəstişkarlarının olduğunu bildirən gənc estrada ulduzu özbək mahnıları ilə yanaşı, ilk dəfə Azərbaycan mahnısı da ifa edib. Özbək musiqisinin ulduzu Yulduz Turdiyeva Azərbaycan səhnəsinin onun üçün mühüm və doğma olduğunu qeyd edərək, məhz Bakıda Beynəlxalq Muğam Festivalında çıxışı və burada qələbə qazanmasının karyerasında dönüş nöqtəsi olduğunu vurğulayıb. Yulduz Turdiyeva muğamla yanaşı, estrada janrına üstünlük verir və son zamanlar onun Özbəkistan səhnəsində çıxışı anşlaqla keçir.
Qeyd edək ki, Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. İki ölkə arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Uzun illər ərzində hər iki dövlət SSRİ-nin müttəfiq respublikaları olublar. Ötən əsrin 30-cu illərində kütləvi repressiyalar zamanı on minlərlə azərbaycanlı Özbəkistan torpağında sığınacaq tapıb. Bu gün 40 mindən çox azərbaycanlı Özbəkistan cəmiyyətinin sosial, ictimai, iqtisadi və digər sahələrində fəal iştirak edir. 1966-cı ilin aprelində dağıdıcı zəlzələdən sonra Daşkəndin bərpasında azərbaycanlılar yaxından iştirak ediblər. Müstəqilliyin ilk günlərindən başlayaraq Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 345 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed