Şrift:
Qızıl Xaç Komitəsi Tibb Universitetinin tələbələri ilə görüşüb
26.11.2019 [11:06] - Sağlıq
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşlarının Azərbaycan Tibb Universitetində (ATU) tələbələrlə görüşü olub.
ATU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov universitet rəhbərliyi adından qonaqları salamlayaraq, görüşün məqsədi barədə söhbət açıb. Şöbə müdiri bildirib ki, BQXK-nın Azərbaycan nümayəndəliyi universitetdə könüllülərdən ibarət “İlk yardım” tələbə klubunun təşkil olunmasını, tələbələrə bu istiqamətdə təlimlərin keçirilməsini istəyir.
M.Orucov insanlara ilk yardımın əhəmiyyətinin vacibliyinə toxunaraq yeni yaranacaq klubun ölkəmizdə və universitetlər arasında birinci olacağına da ümid etdiyini bildirib.
Nümayəndəliyin əməkdaşı Tərlan Ağayev çıxışı zamanı özünün ATU-nun məzunu olduğunu bildirib. O, 10 ildən sonra təkrar Tibb Universitetində olmaqdan və tələbələrlə görüşməkdən məmnunluğunu ifadə edib. T.Ağayev münaqişə zonasında ilk tibb yardımının necə təşkil edilməsi ilə bağlı iştirakçılara ətraflı məlumat verib, mövzuya dair videoçarxlar nümayiş etdirib. Nümayəndəliyin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlahə Hüseynova da öz çıxışında BQXK və onun yaradılması məqsədi barədə tələbələri məlunatlandırıb: “Adından göründüyü kimi Beynəlxalq Qızıl Xaç Komitəsi beynəlxalq qurumdur. Mərkəzi ofisi Cenevrədə olan qurum 1863-cü ildə silahlı münaqişələr zamanı münaqişədən əziyyət çəkənlərə, yaralılara humanitar yardım etmək məqsədilə yaradılıb. Təşkilatın Azərbaycan nümayəndəliyi ölkəmizdə Qarabağ münaqişəsi ilə əlaqədar fəaliyyət göstərir”.
İ.Hüseynova, həmçinin BQXK-nın ölkəmizdəki geniş fəaliyyətindən, münaqişə zonalarında görülən işlərdən, saxlanılan şəxslərlə və onların saxlanma şəraiti ilə maraqlanmasından, əsirlikdə olan şəxslərin qaytarılmasında təşkilatın missiyasından, qurumun Azərbaycan Qırmızı Aypara Cəmiyyəti ilə əməkdaşlığından və s. geniş söhbət açıb. Görüşdə, həmçinin tələbələri maraqlandıran suallara ətraflı cavab verilib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 332 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed