Şrift:
“Karate 1” turnirində ölkəmizi 13 idmançı və kata komandası təmsil edəcək
27.11.2019 [06:35] - İdman
Böyüklərdən ibarət milli komandamız noyabrın 29-dan dekabrın 1-dək İspaniyanın paytaxtı Madriddə “Karate 1” Premyer Liqa turnirində iştirak edəcək. Azərbaycan Milli Karate Federasiyasından verilən məlumata görə, turnirdə ölkəmizi 13 idmançı və kata komandamız təmsil edəcək. Belə ki, kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınlardan ibarət milli komandanın baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Asiman Qurbanlı, Şahin Atamov (hər ikisi 84 kq-dan yuxarı), eləcə də Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), Fəridə Abiyeva (61 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) çıxış edəcəklər. Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyev (komanda) isə baş məşqçi Vahid Ayvazovun rəhbərliyi ilə kata yarışlarına qatılacaqlar. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının cari mövsümdəki son mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlər Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar. “Karate 1” Premyer Liqa turnirinin Madrid mərhələsində 89 ölkədən 737 karateçi yarışacaq. Nüfuzlu yarışın nəticələrinə əsasən idmançılar dünya reytinqi ilə yanaşı, Olimpiya reytinq xalları da qazanacaqlar.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 98 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed