Şrift:
Jakip Asanov: Azərbaycanın qanunvericilik bazasına və məhkəmə təcrübəsinə xüsusi maraq göstəririk
27.11.2019 [07:33] - Hüquq
Ölkəmizdə səfərdə olan Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanovun başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Ali Məhkəmənin mətbuat xidmətindən verilən məlumata görə, sədr R.Rzayev məhkəmə sisteminin müasirləşdirilməsi, ədalət məhkəməsinin səmərəliliyinin artırılması, qanunun aliliyinin təmin olunması sahəsində görülən işlər barədə məlumat verib, bütün bunların insan hüquq və azadlıqlarının etibarlı müdafiəsinə xidmət etdiyini vurğulayıb. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə edildiyini, hakim vəzifəsinə seçim prosedurlarının müasir standartlara uyğunlaşdırıldığını diqqətə çatdıran Ali Məhkəmənin sədri beynəlxalq nüfuzlu hüquq təşkilatları ilə, xüsusən Avropa İnsan Hüquqları Məhkəməsi ilə sıx əməkdaşlıq etdiklərini bildirib.
Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanov Azərbaycanın müasir tələblərə cavab verən qanunvericilik bazasına və məhkəmə təcrübəsinə xüsusi maraq göstərdiklərini ifadə edib. O, Azərbaycanda mövcud qanunvericilik və məhkəmə-hüquq sistemi ilə daha yaxından tanış olmaq üçün əməkdaşlığın genişləndirilməsinin vacibliyini söyləyib. Sonra Ali Məhkəmənin hakimlərinin iştirakı ilə keçirilən görüşdə Qazaxıstan Respublikası Ali Məhkəməsinin fəaliyyəti ilə bağlı təqdimat olub. Tədbirdə inzibati icraat və inzibati prosessual hüququn islahatları, yeni inzibati hüququn tətbiqi və inkişafı ilə bağlı Azərbaycan təcrübəsi müzakirə olunub, xüsusilə inzibati məhkəmələrin fəaliyyəti və bu sahədə mövcud məhkəmə təcrübəsi barədə fikir mübadiləsi aparılıb. Qazaxıstanlı qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olub, Məhkəmə tarixi muzeyinə baxıblar. Qazaxıstan Respublikası Ali Məhkəməsinin sədri Jakip Asanov Ali Məhkəmənin Xatirə kitabına ürək sözlərini yazıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 84 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed