Şrift:
Məcburi köçkün probleminin həlli onların qayıdış hüququnun təminatı ilə bağlıdır
28.11.2019 [11:13] - Hüquq
Qaçqın problemi bu gün bir çox ölkələr üçün aktualdır və bu sahədə beynəlxalq müstəvidə aparılan müzakirələr mühüm əhəmiyyət kəsb edir, bununla belə məcburi köçkünlərlə bağlı məsələlərə daha az yer ayrılması narahatlıq doğurur. Bu fikirləri Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov ADA Universitetində qaçqın və məcburi köçkünlərlə iş sahəsində aparılan dövlət siyasəti haqqında xarici diplomatlara mühazirəsi zamanı deyib.
Diplomatlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri, səbəbləri və mövcud vəziyyəti, münaqişə nəticəsində ölkəmizin üzləşdiyi humanitar böhran və onun hələ də davam edən fəsadları barədə məlumat verilib. Bildirilib ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılması ilə bağlı dörd qətnaməsi, eyni zamanda digər beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməmiş qalır.
Diplomatlara məlumat verilib ki, məcburi köçkünlərin sosial problemlərinin həlli ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün kompleks tədbirlər görülür. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü və çağırışı ilə özəl sektor bu işə qoşulub və artıq onlar tərəfindən bir neçə yaşayış kompleksi tikilərək məcburi köçkünlərin istifadəsinə verilib. Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız ölkəmizin işğal altındakı ərazilərinin azad edilməsi və beləliklə, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə, beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkünlüyü vurğulanıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 426 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed