Şrift:
Bakının Baş planı üzrə strateji sessiya keçirilib
28.11.2019 [11:23] - İqtisadiyyat
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakının Baş planı üzrə yanaşmaların müzakirəsinə həsr olunan Strateji sessiya keçirilib. Əvvəlcə Baş planın hazırlanmasına dair videoçarx nümayiş etdirilib. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Anar Quliyev paytaxtın Baş planı və bu sahədə görülmüş işlər barədə danışıb. Bildirib ki, Baş plan üzrə komitə tərəfindən İşçi qrupun ilk iclası cari ilin iyunun 27-də keçirilib. İlk görüşdə Bakı şəhərinin konsepsiyası və əsas prioritetlərilə bağlı məsləhətləşmələr aparılıb. Eyni zamanda, Bakının Baş planı layihəsində yeniliklər də tətbiq edilib: “Bunlar strateji layihələrin seçilməsi və müəyyənləşdirilməsi, onların işlənilməsi ilə əlaqədar fəaliyyət istiqamətidir. Baş planın reallaşdırılması əsasən strateji layihələrin həyata keçirilməsi üzərində qurulacaq. Odur ki, bir çox dövlər qurumlarının bir araya gəlməsindən istifadə edərək komitə tərəfindən strateji layihələrlə bağlı təkliflər irəli sürülüb. İndiyədək Baş planla bağlı 59 layihə təklif edilib və 70 fərdi görüş keçirilib. Bu müzakirələrdə yeni fikirlər səsləndirilib” .
O qeyd edib ki, şəhərin inkişafı ilə bağlı tədbirlərin əsasən 4 prioritet üzrə qurulması planlaşdırılır. Bunlardan biri şəhərin mərkəzi ilə yanaşı, gələcəkdə yeni alt mərkəzlərin inkişaf etdirilməsidir. Məqsəd şəhərin mərkəzində yükü azaltmaqdır. Digər prioritet isə şəhərin ərazilərindən səmərəli istifadə etmək, dayanıqlı inkişafın təmin olunması, həmçinin Bakının tarixi mərkəzinin sonrakı inkişafında bu tarixi – memarlıq və mədəni irsi nəzərə almaqdır. Ən nəhayət şəhərin yeni sanaye sahələrinin müəyyənləşdirilməsi və onların inkişafı üçün şəraitin təmin edilməsidr. Ötən yarım il ərzində bu istiqamətdə komitə çox böyük işlər görüb. Bu gün artıq müvafiq şəhərsalma baxışları və yanaşmaları müəyyən olunub ki, bundan sonrakı texniki işlər məhz həmin razılaşdırılmış yanaşmalar üzərində qurulacaq. A.Quliyev diqqətə çatdırıb ki, Bakı şəhərinin Baş planının ilkin versiyasının təqdimatı 2020-ci ildə olacaq. Bununla bağlı maliyyələşmə məsələləri və layihələrin icra məkanlarının seçilməsi ilə bağlı potensial yeni layihə təklifləri də verilə bilər. Layihələrin maliyələşmə mənbəyinin fərqli olacağını deyən komitə rəsmisi bildirib ki, burada həm özəl investisiyanın, həm də dövlət vəsaitinin yönəldilməsi nəzərdə tutulur. Həmçinin qeyd edilib ki, Bakının mərkəzi üçün planlama və müfəssəl planın hazırlanması komitənin növbəti il ərzində görəcəyi işlərdən biridir.
Bakı şəhərinin Baş planının hazırlanması üzrə tenderin qalibi Almaniyanın “AS+P şirkətinin nümayəndəsi Yoaxim Şares “Bakı şəhərinin baxışının əsas inkişaf hədəfləri”, “Mütəşəkkil çoxmərkəzli şəhər” mövzularında təqdimatlarla çıxış edib. Paytaxtımızın çox gözəl tarixi abidələri olduğunu məmnunluq hissi ilə qeyd edən şirkət təmsilçisi şəhərdə yeni tikiləcək binalarla bu abidələrin harmoniya təşkil etməsi təklifini irəli sürüb.
Azərbaycan Memarlıq və İnşaat Univeritetinin rektoru Gülçöhrə Məmmədovanın “Mədəni tarixi irsimizin mühafizəsi” mövzusunda çıxışı sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sessiyada “Baş planla bağlı yanaşmalar və həllər: ekspert müzakirələrinə baxış”, “Strateji layihələr portfeli” və digər aktual mövzular üzrə müzakirələr aparılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 357 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed