Şrift:
“Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik təklif edilir
29.11.2019 [10:16] - Hüquq
Əmək və Əhalinin Sosial Müdafiəsi və Təhsil nazirliklərinin birgə İşçi Qrupunun hazırladığı "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna dəyişiklik təklif edilib.
Bunu "Nəsimi" filminin surdo-tərcümə formatındakı təqdimat mərasimində çıxış edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbəri Hidayət Abdullayev bildirib. Onun sözlərinə görə, qanunvericiliyə təklif olunan yeni dəyişikliklərdə eşitmə və ya nitq məhdudiyyəti olan şəxslər üçün əlavə imkanların yaradılması da nəzərdə tutulub: "Yəni, televiziya proqramlarında, kino və videofilmlərdə subtitr və ya surdo-tərcümə sisteminin tətbiq edilməsi də qarşıda duran işlər sırasındadır".
Aparat rəhbəri bildirib ki, xüsusi qayğıya ehtiyac duyan şəxslərin reabilitasiya yönümlü sosial xidmətlərlə təminatı ölkədə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. O qeyd edib ki, Prezident İlham Əliyevin imzaladığı 1 iyun 2019-cu il tarixli “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” sərəncam həmin insanlara göstərilən sosial xidmətlərin istiqamətlərinin və əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişlənməsini təmin edib: "Sərəncam nazirliyin sifarişi ilə sosial xidmət layihələri üzrə yaradılan, günərzi xidmət və reabilitasiya yönümlü mərkəzlərin sayının 3,5 dəfədən çox artmasına imkan verib. Hazırda 200-ə yaxın belə mərkəz tərəfindən əsasən uşaqlardan ibarət 8 mindən çox şəxsə sosial xidmətlər göstərilir". H.Abdullayev eşitmə və nitq qabiliyyəti zəif olan sağlamlıq imkanları məhdud uşaqlar üçün də reabilitasiya və surdoloji xidmət mərkəzlərinin sayının 2-dən 10-a çatdırıldığını deyib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 439 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed