Şrift:
“Onlar SSRİ-yə yox, Türkiyəyə qayıtmaq istəyirdilər”
11.09.2012 [12:55] - Xəbərlər, Müsahibə
Nəsiman Yaqublu: “Ərdoğanın bəhs etdiyi 146 nəfər içərisində tanınmış ziyalı olmayıb”

“1945-ci ildə SSRİ tərəfindən güllələnən şəxslər II Dünya savaşı zamanı Almaniyanın tərəfinə keçən, daha sonra isə Türkiyəyə pənah aparan şəxslər imiş”.

Bu sözləri açıqlamasında tarixçi-alim Nəsiman Yaqublu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın 146 azərbaycanlının Stalinin zülmündən xilas olmaq üçün Türkiyəyə gəldiyi və SSRİ-yə təhvil verilərək güllələndiyi barədə səsləndirdiyi fikrə münasibət bildirərkən deyib.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının toplantısında Azərbaycandan mühacirət edən bir qrup ziyalının Türkiyəyə sığınmasından, lakin 1946-cı ildə SSRİ-nin o vaxtkı rəhbəri Stalinin həmin azərbaycanlıları Türkiyədən geri istəməsindən bəhs edib.

O bildirib ki, həmin vaxt Türkiyədə iqtidarda olan Cümhuriyyət Xalq Partiyası (CHP) 146 azərbaycanlını SSRİ-yə təslim edib. Ərdoğan bu hərəkətinə görə CHP-ni qınayıb və tənqid edib: “Hökumət azərbaycanlı aydınları sərhəddə rus hərbçilərinə təslim edib. Halbuki azərbaycanlılar yalvarıb-yaxarıblar ki, bizi təslim etməyin. Rus əsgərləri azərbaycanlı aydınları qolları bağlı vəziyyətdə təslim alıb sərhədin o tayına keçirən kimi hamısını güllələyiblər”.

N.Yaqublu hesab edir ki, SSRİ-nin sərhədlərini keçmək o qədər də asan deyildi: “1945-ci ilin fevral ayının 4-də ABŞ, Böyük Britaniya, sovet dövlətlərinin iştirakı ilə Krımda Yalta konfransı keçirildi. Həmin konfransda qərara alındı ki, II Dünya müharibəsi başa çatır, müharibə bitəndən sonra hər bir dövlət digər dövlətin vətəndaşını ona qaytarmalıdır. Yəni, İngiltərə sovet vətəndaşını sovet dövlətinə, Sovet dövləti İngiltərə vətəndaşını İngiltərəyə qaytarmalı idi. O zaman adıçəkilən qərar əsasında Türkiyə ABŞ və Böyük Britaniyanın təsiri altında, eyni zamanda Sovet dövlətindən ehtiyatlanaraq, gərginlik yaşanmaması üçün onun ərazisinə gələn sovet vətəndaşlarını SSRİ-yə təhvil verməyə başladı. Türkiyə ərazisinə gələn Azərbaycan vətəndaşları o zaman müharibədə əsir düşən və yaxud könüllü şəkildə almanların tərəfinə keçən legionerlər idi. Həmin legionerlər Türkiyəyə pənah gətirmişdilər, amma həmin Krım müqaviləsinə əsasən, Türkiyə dövləti onları SSRİ-yə təhvil verdi. Təhvil veriləndən sonra onlar SSRİ tərəfindən ya güllələnir, ya da çoxları ömürlük, yaxud 25 illik Sibirə göndərilirdi. Onların təxminən 150 nəfərinin Sovet dövlətinə verildikdən sonra güllələnməsi haqqında məlumat Türkiyə cəmiyyətinə və ictimaiyyətinə çatdırıldı, bu da böyük etiraz doğurdu. Bir qədər keçəndən sonra ABŞ və Böyük Britaniya həmin əsirlərin SSRİ tərəfindən güllənməsini bildikdən sonra rəsmi şəkildə sovet dövlətinə etirazını bildirdilər. Xüsusən ABŞ-ın sonradan prezidenti olan Birləşmiş Qüvvələrin rəisi, general Eyzenhauer 1945-ci ilin noyabr ayında bu mövzu ilə əlaqədar ilk dəfə etirazını bildirdi. Az sonra ABŞ prezidenti Ruzveltin həyat yoldaşı Eleonor Ruzvelt ABŞ Konqresinə müraciət edərək əsirlərin SSRİ-yə verilməməsi təklifi ilə çıxış etdi. Bir qədər keçəndən sonra Britaniyada “Dunay üzərində alovlar” bədii filmini də çəkdilər. Bu filmdə sovet dövlətinin əsirlərini necə güllələməsi öz əksini tapmışdı. Bu, dünya ictimaiyyətində böyük etiraz doğurdu. Bütün bunlardan sonra nə ABŞ, nə Böyük Britaniya, nə də Türkiyə əsirləri SSRİ-yə təhvil verdi”.

N.Yaqublu onu da qeyd edib ki, 1947-ci ildə Məhəmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan-Türkiyə Cəmiyyətinin xətti ilə 4 minə yaxın azərbaycanlı Türkiyəyə gəldi və burada sığınacaq tapdı: “Türkiyə dövləti də onların təhlükəsizliyini təmin etdi. Artıq bir də onları SSRİ-yə təhvil vermədi. Yalnız qısa bir müddətdə 150-yə qədər adam təhvil verilmiş, onlar da güllələnmişdilər. Eyni zamanda həmin vaxt ABŞ və Böyük Britaniyanın təhvil verdiyi əsirlər SSRİ tərəfindən güllələnmişdi. Sonradan bu təkrar edilmədi və Türkiyə dövləti bu insanlara ikinci bir vətən oldu. Həqiqətən, onlara sığınacaq verdi və onlar da tamhüquqlu vətəndaşlar kimi Türkiyədə yaşamağa başladılar”.

Tarixçi-alim bildirir ki, Rəcəb Tayyib Ərdoğanın bəhs etdiyi 146 nəfər içərisində tanınmış ziyalı olmayıb: “Müharibə zamanı ya yaralanmış, ya əsir düşmüş, ya könüllü vətəndaşlar idi ki, onlar SSRİ-yə yox, Türkiyəyə qayıtmaq istəyirdilər. Çünki SSRİ-də onların təhlükəsizliyi təmin olunmurdu. O zaman təhvil verilmiş və güllələnmişdilər.Yenə də deyirəm ki, bu hadisə bir dəfə oldu, sonradan təkrarlanmadı”.

Nərgiz/Gündəlik Teleqraf qəzeti
Bu xəbər oxucular tərəfindən 1799 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed