Şrift:
Xalq artisti Sevda İbrahimovanın 80 illiyi qeyd olunub
02.12.2019 [07:36] - Mədəniyyət
Qara Qarayevin ev-muzeyində görkəmli bəstəkar, xalq artisti Sevda İbrahimovanın 80 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinova açaraq yubilyarın həyat və yaradıcılığından danışıb. Bəstəkarın yaradıcılığının səciyyəvi xüsusiyyətlərindən danışan şöbə müdiri qeyd edib ki, onun əsərləri təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da sevilərək dinlənilir. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə yubilyarın milli musiqimizin inkişafındakı xidmətlərindən söz açıb, onun yaradıcılığı ilə bağlı fikirlərini bölüşüblər. Qeyd edib ki, Azərbaycan musiqi incəsənətinin parlaq nümayəndələrindən olan Sevda İbrahimova öz yaradıcılığı, pedaqoji və musiqi maariflənmə sahəsindəki fəaliyyəti ilə daim diqqət mərkəzindədir. Dahi Qara Qarayevin bəstəkarlıq məktəbini keçmiş S.İbrahimovanın əsərlərində milli üslub, Azərbaycan xalq musiqisi ənənələrinə istinad açıq şəkildə özünü büruzə verir. Bəstəkarın yaradıcılığında “Həqiqət üzüyü” operası, “Vətən şəhidlərinə” kantatası, tar ilə orkestr üçün “Qarabağnamə” konserti, fortepiano və kamera orkestri üçün konsertino, “Qurbansız qalan tarım” elegiyası, atası Mirzə İbrahimovun xatirəsinə həsr etdiyi “Etiraf” və digər əsərləri xüsusi yer tutur.
Çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub. Daha sonra tədbir Sevda İbrahimovanın əsərlərindən hazırlanmış konsert proqramı ilə davam edib.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed