Şrift:
“Avro-2020”nin final mərhələsinin püşkü atılıb
02.12.2019 [07:47] - İdman
Rumıniyanın başkəndi Buxarestdə futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının (Avro-2020) final mərhələsinin püşkü atılıb. Püşkün nəticələrinə əsasən, Türkiyə millisi İtaliya, Uels və İsveçrə yığmaları ilə birlikdə A qrupunda yer alıb. Danimarka, Finlandiya, Belçika və Rusiya seçmələri B, Niderland, Ukrayna, Avstriya və UEFA Millətlər Liqasının A, yaxud D liqasının qalibi olacaq komanda C qrupunda mübarizə aparacaqlar. D qrupunda İngiltərə, Xorvatiya, Çexiya və Millətlər Liqasının C liqasının qalibi yarışacaqlar. İspaniya, İsveç, Polşa və B liqasının qalibi olacaq komanda E qrupunda yer alıblar. Sonuncu - F qrupunda isə Millətlər Liqasının A və ya D Liqasının qalibi, Portuqaliya, Fransa və Almaniya seçmələri qarşılaşacaqlar. Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.
Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun 3, dörddəbir final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. Qardaş ölkənin – Türkiyənin yığma komandası Bakıda iki oyun keçirəcək. Təqvimə əsasən, iyunun 13-də Uels və İsveçrə yığmaları Bakı Olimpiya Stadionunda qarşılaşacaqlar. Türkiyə millisi iyunun 17-də Uels, iyunun 21-də isə İsveçrə ilə görüşəcək.
Qeyd edək ki, “Avro 2020”yə son 4 vəsiqə uğrunda UEFA Millətlər Liqasında daha yaxşı çıxış etmiş 16 komanda mübarizə aparacaq. Noyabrın 22-də püşkatmadan sonra liqalar üzrə yarımfinallarda qarşılaşacaq rəqiblər aşağıdakı kimi müəyyənləşib:

A liqası: İslandiya – Rumıniya və Bolqarıstan – Macarıstan.
B liqası: Bosniya və Herseqovina - Şimali İrlandiya və Slovakiya – İrlandiya.
C liqası: Şotlandiya – İsrail və Norveç – Serbiya.
D liqası: Gürcüstan – Belarus və Şimali Makedoniya – Kosovo.

Bu görüşlər gələn ilin martında keçiriləcək. “Avro-2020”nin final mərhələsində qruplarda ilk iki yeri tutacaq komandalar, habelə üçüncü yeri tutan yığmalar arasında ən yaxşı nəticə göstərən yığmalar səkkizdəbir finala yüksələcəklər. Avropa çempionatının final mərhələsi iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Çempionatın final matçı Londonun “Uembli” stadionunda baş tutacaq.

DAVAM.AZ
“Avropa Bürosu”
Bu xəbər oxucular tərəfindən 21 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed