Şrift:
Gömrükçülər 933 kiloqramdan çox heroin aşkarlayıblar
02.12.2019 [08:13] - Hadisə
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya "Volvo" markalı 42BP450/42ZA122 dövlət qeydiyyat nişanlı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub. Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İranın "Ensiye Izadkhah By Order Navid Khan Mohammadi Commercial" şirkətindən Ukraynada fəaliyyət göstərən "Bayramlar LTD" şirkətinə "kivi və nar" meyvə yükü apardığı məlum olub. Yükə baxış keçirən gömrükçülər Azərbaycan vətəndaşı Hüseynov Ramiz Hacıəli oğlunun idarə etdiyi nəqliyyat vasitəsinin qoşqusundakı 26 paletdə, 1152 ədədində kivi və 1550 ədədində nar olmaqla, ümumilikdə 2702 ədəd standart ölçülü plastik yeşiklərdə qablaşdırılan meyvə yükü olduğunu müəyyən edib. Kivi yükü olan 8 paletdəki 768 yeşikdən 471 ədədində kivilərdən "örtücü mal" kimi istifadə edilməklə gizlədilən, kivilərin qablaşdırılmasında istifadə olunan sarı kağızlara bükülmüş vəziyyətdə 1884 ədəd dördkünc formalı bağlamalar aşkar olunub. Şəffaf və sarı yapışqanlı lentlə sarınmış bağlamalarda ümumilikdə qablaşdırılması ilə birlikdə 933 kiloqram 115 qram çəkidə açıq qəhvəyi rəngli, narkotik vasitə - heroin olduğu müəyyən edilib.
Xatırladaq ki, 4 gün əvvəl gömrükçülərin həyata keçirdiyi daha bir uğurlu əməliyyat zamanı Azərbaycandan tranzit keçməklə 304 kiloqram heroinin Ukraynaya daşınmasının qarşısı alınıb. Ümumilikdə son 4 gündə gömrük orqanları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində aşkar edilən 2 fakt üzrə 1 ton 240 kiloqram heroin qanunsuz dövriyyədən çıxarılıb.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 23 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed