Şrift:
Azərbaycanda güclü yağışlar nəticəsində çökmə baş verən körpü yenidən tikiləcək
11.09.2012 [16:20] - Xəbərlər, Hadisə
"Azəryolservis" ASC güclü yağışlar nəticəsində körpünün uçması ilə bağlı rəsmi açıqlama verib.
"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib ki, güclü yağışlar nəticəsində sentyabrın 11-nə keçən gecə saat 02:00 radələrində Bakı-Şamaxı yolunun 236-cı kilometrliyində Türyançay üzərindəki uzunluğu 75 metr olan üç aşırımlı körpünün orta dayaqının birində 30 sm çökmə baş verib. Bununla da nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Sürücülər alternativ olaraq Bakı-Qazax yolunun Ucar-Yevlax hissəsindən istifadə edə bilərlər.
Mürsəliyev bildirib ki, həmin körpünün Bakı-Şamaxı-Yexlax avtomobil yolunun yenidən qurulması çərçivəsində sökülərək yenidən tikilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, ümumilikdə bu yolda olan yeddi körpüdən altısının sökülərək təzədən tikilməsi, birinin isə təmiri nəzərdə tutulmuşdu.
Mürsəliyevin sözlərinə görə, artıq körpünin sökülməsi üçün servis yolu salınıb. Güclü yağışlar həmin servis yolunu da yuyub. Yaxın günlərdə servis yolu bərpa olunduqdan sonra körpü söküləcək.
Yevlax rayonu da daşqınlardan ciddi ziyan görüb. Belə ki, ötən gecə yağan güclü yağışlardan sonra Əlican çayının daşması Yevlaxın iki kəndində fəsadlar yaradıb. Ümumilikdə 20-dək həyət su altında qalıb.
Güclü yağış Astarada da fəsadlara səbəb olub. Dünən gecə saatlarından başlayan və hazırda davam edən yağış Astara rayonunun Maşdan kəndinə ciddi ziyan vurub.
Həmçinin, Boz Dağın ətəyində yerləşən Meyvəli kəndinin yaxınlığından keçən sel ötürücü kanalın daşması ilə nəticələnib. Sel suları daxili yolları da qismən yuyub. Hazırda əraziyə texnikalar cəlb olunub və suyun kəndlərdən çıxarılması üçün kanalların qazılması və bənd vurma işləri aparılır.
Bu xəbər oxucular tərəfindən 674 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed