Şrift:
Milli faciə ilə üz-üzəyik...
25.10.2011 [14:22] - Müsahibə
"İran rejimi bizə ögey baxır, çünki bu dövlət bizimki deyil"


Mahmud Bilgin: "Güney Azərbaycan torpaqlarının böyük bir qisminin itirilməsi təhlükəsi yaranıb"

Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilginə son dövrlərdə baş verən hadisələrlə bağlı bir neçə sual ünvanladıq. Mahmud Bilginin çox maraqlı məqamlara toxunduğunu əvvəlcədən söyləyə bilərik.


- İsveçdə yaşayan insan kimi necə düşünürsünüz, İrandakı mövcud durumun, Güney Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində göstərilən səyləri yetərli saymaq olarmı?

- Güney Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Güneydəki hərəkata dəstək məqsədilə müəyyən işlər görülür. Ancaq bu işləri yetərli saymaq doğru olmazdı. Daha ciddi işlər görmək mümkündür. Biz 1998-ci ildən başlayaraq Güney Azərbaycan barədə məlumatları dünyanın müxtəlif ölkələrində yaymağa can atmışıq. 2002-ci ildən bu fəaliyyət daha da güclənib. Avropa Parlamentində, Avropa Şurasında müəyyən görüşlərimiz olub. Xarici ölkə televiziyalarında, radiolarında fikirlərimizi səsləndirmişik. Qeyri-fars millətlərin birləşmiş komitəsi də bu istiqamətdə xeyli iş görüb. Amma bayaq dediyim kimi müəyyən problemlər və bu problemləri yaradan səbəblər var. Güneydə yaşayan türklər diktaturanın bərqərar olduğu ölkədən gəldiklərinə görə onlarda mənlik psixologiyası güclü olub. Əgər onlar demokratik ölkədə yaşasaydılar, mənəm-mənəmlik xəstəliyi bu səviyyədə inkişaf etməzdi. Nəticədə bir nöqtəyə vurmağa çətinlik çəkirik. İkinci vacib məqam odur ki, həm Güneydən, həm Quzeydən gələn türklər xarici ölkələrdə yenidirlər, yəni birinci nəsildirlər. Doğrudur, Güney Azərbaycandan xaricə gedənlərin ikinci nəsli başlamaqdadır, amma bu sözləri Quzey Azərbaycandan gələnlər haqqında demək olmaz. Quzey Azərbaycandan gələnlər lap yenidirlər. Yeni gələnlər isə ancaq ölkəni tanımaq, adaptasiya olunmaq haqqında düşünür və buna çalışır. Başqa millətlərin nümayəndələri bineyi-qədimdən müxtəlif ölkələrdə yerləşiblər, özlərini tutublar. Onların lobbi fəaliyyəti ilə məşğul olması daha asandır. Ancaq bizdə dediyimiz kimi vəziyyət bir az fərqlidir. Yeni olduğumuz üçün çətinlik çəkirik. Üçüncü vacib məsələ budur ki, yetərli mənəvi və iqtisadi dəstək yoxdur. Güney Azərbaycan və güneylilər beynəlxalq aləmdən lazım olan dəstəyi görə bilmirlər. Güclü iqtisadi dəstək də yoxdur. Bir çox işləri öz gücümüzə edirik, ancaq bizim də imkanlarımız müəyyən bir yerdə tükənir. Düşünürəm ki, bizə daha çox osmanlı türkləri dəstək ola bilərlər, ancaq onlar da nədənsə çəkinir, kənarda durmağa üstünlük verirlər. Halbuki çox ciddi addımlar atmaq lazımdır. Özəlliklə Urmu gölü məsələsində zamanımız çox azdır. Dünyaya çatdırmalıyıq ki, çox böyük milli faciə ilə üz-üzəyik. Güney Azərbaycan torpaqlarının böyük bir qisminin itirilməsi təhlükəsi yaranıb.

- Urmu gölünün qurumasından danışdınız. Son günlərdə belə bir fikir tez-tez səslənir ki, Urmu gölünü İran hökuməti qəsdən qurudur. Məqsəd Güneydə yaşayan türklərə mənəvi və maddi zərbə vurmaqdır. Bu qənaətləri bölüşürsünüzmü?

- Bu prosesin özülü Haşimi Rəfsəncaninin hakimiyyət dövründə qoyulub. Anti-türk ruhlu Rəfsəncani deyəndə ki, mən islahatlar aparacağam, əkinçiliyi inkişaf etdirəcəyəm, biz düşünməmişdik ki, bunun türklər üçün acı nəticələri olacaq. Rəfsəncani dövründə Urmu gölünün ətrafında çoxlu səddlər tikildi. Proses bu günə qədər davam edir və indiki hakimiyyət işi başa çatdırmağa çalışır. Ümumiyyətlə Urmu gölünün qurudulması tək İranın yox, İranla əlbir olan bir neçə dövlətin işidir. Urmu gölünə tökülən 18 çaya 35 bənd tikmək planlaşdırılır, bunlardan artıq 17-18 tikilib. Bəndlərin tikilməsi indiki durumun meydana çıxmasını şərtləndirib. Urmu gölünün suyunun 80 faizi bu çaylardan gəlir. Suyun 10 faizi yağış hesabına təmin olunur. 10 faizi isə yeraltı göllərdən gəlir. İran hökuməti bəyanlayır ki, göl quraqlıq olduğuna görə quruyur. Amma belə deyil, hazırda çaylardan Urmu gölünə su daxil olmur, əsas problem bax, budur. Bizim dərdimiz yağış deyil, bizim dərdimiz çaylara gələn sudur. 2008-ci ildə Urmu gölünün qurudulmasının qarşısını alacağına söz verən dövlət bu illər ərzində heç iş görmədi, bir sent pul xərcləmədi. Bu məsələ indi parlamentin müzakirəsinə çıxanda isə deyirlər ki, yox, bizim əsas problemimiz bu deyil. Ona görə də bizim əsas şüarımız budur: "Səddləri sındırın, Urmu gölünü doldurun!" Güney Azərbaycan Milli Hərəkatı fəallarının başqa bir gözəl, eyni zamanda ürəkağrıdan bir şüarı da var: "Gəlin gedək ağlayaq, Urmu gölün dolduraq!" Hər dövlət öz torpağını və millətini qorumalıdır. Ancaq İran rejimi fərqli davranır, bizə ögey baxır. Çünki bu dövlət bizimki deyil. İran hər zaman dilimizə, tariximizə, mədəniyyətimizə hücum edib, varlığımıza xor baxıb. Gəlirlərinin sayı-hesabı yoxdur, amma o gəlirlərdən millət üçün xərcləməyə ehtiyac görmürlər. Düşünmək istəmirlər ki, bu millət yazıqdır, bunlar üçün də bir iş görək. Urmu gölünün məqsədli şəkildə qurudulması da bu siyasətin tərkib hissəsidir. Bir məqamı da qeyd edim ki, bu gün İranda əsas alternativ Güney Azərbaycan Milli Hərəkatıdır. İranda yaşayan başqa xalqların da zaman-zaman müəyyən etirazları olub, ancaq ciddi etirazdan, davamlılıqdan söhbət gedə bilməz. Biz təkcə Babək qalasına yürüşlərlə öz gücümüzü, potensialımızı ortaya qoya bilmişik. "Traktor"un oyunlarında belə öz etirazımızı bildiririk, futbol sadəcə bir vasitədir. Ümumiyyətlə millət içərisində çox böyük təşkilatlanma gedib. Urmu gölünün qurdulmasına görə başlanan etirazlar göstərir ki, biz çox ciddi qüvvəyik. Amma dünya da Urmu gölünün qurudulması məsələsinə biganə qalmamalıdır. Çünki Urmu gölü dünyanın rəsmi olaraq mənəvi sərvətləri sırasındadır.
Türkiyə və Azərbaycan Respublikasının da öz mövqeyini ortaya qoyması vacibdir. Ona görə ki, Urmu gölünün quruması bu dövlətlər üçün ekoloji təhlükə yaradır.

- Baş tutan etiraz aksiyalarına toxdunuz. Son günlər sanki etirazlarda bir səngimə müşahidə olunur. Bu nəylə bağlıdır?
- Bizim hərəkat çox soyuqqanlıdır. Biz "kəsək, biçək, həmən qabağa gedək" prinsipilə hərəkət etmirik. Etiraz edən, müqavimət göstərən, zülmlə barışmayan ancaq bizik, elə buna görə diqqətli olmağımız vacibdir. Ötən dövrlərdə bütün məsuliyyəti öz üzərimizə götürərək başqa xalqların əvəzindən də döyüşdük. Səttarxan hərəkatında, Xiyabani hərəkatında bu işi gördük, ancaq yetər. İndi istəyirik ki, yalnız öz problemlərimizlə məşğul olaq, yaranmış şanslardan da istifadə edərək öz məqsədimizə addım-addım yaxınlaşaq.
Hər kəs istəyər ki, məqsədinə daha az itki ilə çatsın.
Hərəkatı xaricdən idarə etmək cəhdləri də səmərə verə bilməz. Qıraqdan deyək ki, vurun, yıxın, gedin qabağa, bu, olmaz. Qərarları hərəkatçıların özləri qəbul edir. Bundan başqa fars-molla rejimi 3 mindən çox insanı həbs etdi. Həbs olunanların yaxınları müəyyən müddət üzdə olmamağa məcburdurlar. Bu amil də hərəkatın fəaliyyətinə müəyyən mənada mənfi təsir göstərir. Ancaq hərəkat böyüyür, etiraz genişlənir və səngimədən, dayanmadan söhbət gedə bilməz.

- Liviyadan sonra növbəti hədəf Suriyadır. Bəşər Əsədin devrilməsindən sonra isə yeni hədəfin İran olacağı bildirilir. İranın hədəf olacağını düşünürsünüzmü?

- İstəsək də, istəməsək də diktatorlar ardıcıl olaraq yıxılırlar. Əksər siyasi şərhçilər bu qənaətdədirlər ki, növbəti hədəf İran olacaq. İran Suriyaya dəstək verməklə prosesin qarşısını almağa cəhd göstərir. İran maliyyə və hərbi dəstəyilə Əsəd rejimini qorumağa cəhd göstərir. Molla-fars rejimi əmindir ki, Əsəd rejiminin çökməsi onların da sonunu gətirəcək. İranın hədəfə çevrilməsi isə bizim işimizə yarayacaq. Bizim üçün böyük bir şans yaranacaq. Əgər bu proses 20 il qabaq baş versəydi, bizim üçün heç bir faydası olmazdı. Çünki 20 il qabaq hərəkat yox idi, təşkilatlanma işi getməmişdi. Bəlkə də etirazlar olacaqdı, amma bu etirazlar faydalı nəticələr doğurmayacaqdı. Ancaq indi dünyada çox ciddi proseslərin getdiyi, diktatorların bir-bir yıxıldığı zamanda Güneydə böyük bir hərəkat var. Hazırda türklər olmadan İranda heç bir dəyişiklik baş verə bilməz. İndi muxtariyyət haqqında danışılır, ancaq elə bir şərait yaranar ki, daha ciddi uğurlar qazana bilərik. İran Urmi gölünü qurutmaqla özü də bilmədən çox böyük etirazlara təkan verib və proses davamlı olacaq. Zaman tam bizim mənfəətimizə işləyir.

- Bir müddət öncə belə bir təklif irəli sürüldü ki, İranda prezident postunun ləğvi, baş nazir postunun bərpası daha məqsədəuyğundur. Bu təkliflərin səslənməsini necə dəyərləndirmək olar: İran islahatlara gedir, yoxsa Xamneyi Əhmədinejadı "vurur"?
- Bu təklifin meydana çıxması birmənalı olaraq hakimiyyətdaxili çəkişmələrlə bağlıdır. Xamneyi istəyir ki, İranın gələcəyi ancaq onunla bağlı olsun. Ümumiyyətlə ali dini rəhbərlə prezident arasında hər zaman problemlər olub. Rəfsəncani, Xatəmi prezident olanda da eyni problemi yaşayıblar. Əhmədinejad da təxminən buna bənzər vəziyyətlə üzləşib. Əhmədinejad nisbətən müstəqil siyasət yeritməklə Xamneyinin qüdrətini azaltmağa çalışır. Subsidiya oyunları ilə camaat arasında hörmət qazanmağa cəhd göstərir. Xamneyi parlamenti öz təsiri altında saxlamaqla qüdrətini qoruyur. Və parlament üzvləri vasitəsilə Əhmədinejada mesaj yollayır ki, əgər sən müstəqil hərəkət etsən, aqibətin yaxşı olmayacaq. Yəni bu iki şəxsin savaşı açıq müstəviyə keçib. Amma prezidentlik postunun ləğv ediləcəyinə inanmıram, dediyim kimi bu, sadəcə bir hədələmədir. Hər halda gələcək İran üçün yaxşı prespektiv vəd etmir, həm daxili çəkişmələr, həm dünyada baş verən məlum hadisələr bu dövlətin ziyanına işləyir.

Müsahibəni götürdü: E.SƏLİMOV
Bu xəbər oxucular tərəfindən 1870 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed