Şrift:
Azərbaycanlı gənc fotoqraflar klublararası dünya çempionatında iştirak ediblər
03.12.2019 [20:58] - Gənclik
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) təşkilatçılığı ilə 14-cü FIAP Klublarının Dünya Çempionatı keçirilib. FIAP-ın himayədarlığı altında İtaliyada keçirilən klublararası beynəlxalq fotomüsabiqənin nəticələri məlum olub. Müsabiqəyə dünyanın 48 ölkəsindən 207 fotoklub tərəfindən 4118 foto təqdim edilib. Qaydalara görə, hər bir klub 20-dək foto təqdim edə bilər. “Gilavar” Azərbaycan Foto Klubu 20 fotoqrafla Azərbaycanı ikinci dəfə bu yarışmada təmsil edib. Ölkəni bu müsabiqədə çəkdikləri ecazkar fotoları ilə İlqar Cəfərov, Roman İsmayılov, Arif Quluzadə, Tofiq Babayev, Rəşad Mehdiyev (AZƏRTAC), Kərim Abbasov (primetime.az), Dilavər Nəcəfov (“İdman” qəzeti), Ramil Zeynalov (oxu.az), Murad Orucov (Sputnik Azərbaycan), Orxan Əzimov (“Mədəniyyət” qəzeti), Rəsul Rəhimov (Anadolu Agentliyi), Şahin Sərdarov (azvision.az), Valeriy Xlızov (Azərbaycan Gimnastika Federasiyası), Vüqar İbadov (Bakı Media Mərkəzi), Nadejda Cavadova, Süleyman Süleymanlı, Nurlan Tahirli (Azərbaycan Fotoqraflar Birliyi), Məmməd Rəhimov, Aziz Kərimov, və Rüstəm Məhərrəmov (müstəqil fotoqraflar) təmsil ediblər.
Səsvermənin nəticələrinə görə, “Gilavar” Azərbaycan Foto Klubu 318 bal toplayaraq 207 fotoklub arasında 94-cü yerdə qərarlaşıb. İlk onluqda isə Tayvan, Böyük Britaniya, İrlandiya, Rusiya, Çin və İtaliyadan olan fotoklublar yer alıblar. 2018-ci ildə Azərbaycan foto klubu 188 fotoklub arasında 82-ci yerdə qərarlaşmışdı.
“Gilavar” Azərbaycan Foto Klubunun üzvləri mütəmadi olaraq FIAP himayədarlığı altında keçirilən fərdi fotomüsabiqələrdə iştirak edir və mükafatlar qazanırlar. Təkcə 2018-2019-cu illər ərzində klubun fotoqrafları Azərbaycanın adına 70-dən artıq beynəlxalq mükafat qazandırıblar. Qeyd edək ki, Beynəlxalq Foto Sənəti Federasiyası dünyada UNESKO tərəfindən tanınan yeganə fotoqrafiya təşkilatıdır.

DAVAM.AZ
Bu xəbər oxucular tərəfindən 67 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed