Şrift:
Türkün kimlik tarixini sənətdə yaşadan sənətkar
04.12.2019 [01:23] - Gündəm
Müstəqillik dövrü Azərbaycan incəsənətində qədim və zəngin tarixi ənənələrə malik olan keramika sənətini, xalqımızın ağrılı-acılı tarixini əks etdirən mükəmməl kompozisiyaları və Türk dünyası üçün önəmli olan abidələri ilə zənginləşdirən, Azərbaycanın hüdudlarından uzaqlarda şöhrət qazanan istedadlı sənətkarlardan biri Məzahir Avşardır. Başdan-başa öz tarixi ilə açıq səma altında muzey olan hər qarış torpağımızı və əsrlər boyu yaşanan ağır faciələri öz əsərlərində yaşadaraq təbliğ edən və bütün dünyaya hayqıraraq kim olduğumuzu bəyan edən böyük sənətkarımız Məzahir Avşarın əsərləri bu gün ümumbəşəri xarakter daşıyır.
1955-ci ildə Ağcabədi rayonunun Avşar kəndində dünyaya gələn sənətkar bütün həyatını Azərbaycan həqiqətlərini sənət dili ilə dünyaya çatdırmağa həsr etmişdir. Müəllimlik fəaliyyətinə Azərbaycan Memarlıq və İnşaat Mühəndisləri Universitetində başlayan rəssam, 2000-ci ildən Səlcuq Universitetinin Rektorluğunun dəvəti ilə Türkiyə Cumhuruyyətində öz fəaliyyətini yüksək səviyyədə davam etdirməyə başlamışdır. Müxtəlif sərgi və Beynəlxalq Simpoziumların iştirakçısı olan rəssamın əsərləri yüksək mükafatlara layiq görülmüşdür. 1999-cu ildə Türkiyə Prezidenti tərəfindən Ankara Cankaya köşkündə "Türk dünyasına xidmət" mükafatı ilə mükafatlandırılmışdır.
Öz xalqının tarixini vərəq-vərəq əhatə edən rəssamın əsərləri öz bədii həlli, ideya və formasına görə hadisələr, tarixi olaylar haqqında dolğun məlumatları özlərində əks etdirir. Yaradıcılığının birinci mərhələsində müxtəlif tarixi mövzulu kompozisiyaların sırasında Azərbaycan xalqının ağrı, acılı tarixini əks etdirən, 1989-cu ildə işlənmiş "Göyçə qaçqını" əsərini göstərmək olar. 1988 - 1991-ci illərdə işğalçı sovet sisteminin himayədarlığı ilə ermənilərin tarixi torpaqlarımız olan Göyçə mahalından 200 mindən artıq həmvətənlərimizi zor gücü ilə öz torpaqlarından sürgün etmələri və bu torpaqlara yiyələnmələri, didərgin düşmüş insanların əzab-əziyyətləri rəssamın "Göyçə qaçqını" əsərində, ümumi bir obrazda cəmlənmişdir. Üzərində rəmzi olaraq olmazın işgəncələrə məruz qalan ana və balanın sxematik təsviri verilmiş bu kompozisiyada yalnız qorxudan bərəlmiş gözlər və balasını qucağlayan ananın əlləri nisbətən qabarıq təsvir olunmuşdur. Böyük bir faciəni əks etdirən kompozisiya mövzuya uyğun olaraq qara rəngdədir. Nisbətən qabarıq verilən formalar isə ağ rənglə təsvir olunmuşdur. Bədii həll, forma və ifadə baxımından mövzunu əhatə edən bu kompozisiya ana və bala simasında bu ağır taleyi yaşayan insanların faciələrini özündə ifadə etmişdir.
Erməni təcavüzünün və vandalizminin qurbanı olaraq 1988-91-ci illərdə öz tarixi torpaqlarından 100 minlərlə həmvətənlərimizin vəhşicəsinə qovulmasına həsr olunmuş kompozisiyalar arasında "Əskəran" kompozisiyası da sənətkarın yaradıcılığında yer almışdır. Üç hissədən ibarət kompozisiyada dəhşət və qorxu ilə gözləri yuxarı zillənmiş insanların sxematik təsviri verilmişdir. Təsvirlərə diqqət edəndə insanların üzlərindəki qorxu və təlaş hissləri insanı dəhşətə gətirir. Saçları ifadə edən kəskin xəttlər və tünd fon kompozisiyanın ifadə qüvvəsini daha da artırmışdır.
Rəssamın yaradıcılığının birinci mərhələsində daha çox Azərbaycanın tarixi və onun faciələri öz bədii ifadəsini tapmışdır. Fərqli üslublar və formalar kompozisiyaların mövzularını tam şəkildə ifadə edərək ideya və formaların ümumi ahəngdarlığını yaratmışdır. Bu mərhələnin xarakterik xüsusiyyətlərindən ən başlıcası insan obrazlarında xarakter, emosiya hisslərinin canlı ifadəliyidir desək yanılmarıq. Bununla yanaşı mövzu müxtəlifliyi və onların fərqli üslub və texniki üsullarla həlli rəssamın yaradıcılığının rəngarəngliyini təşkil etmişdir.
Sənətkarın yaradıcılığının ikinci mərhələsində bir sıra dəyişikliklər baş vermişdir. Əvvəlki mərhələdə rəssamın əsərləri aydın, səmimi, tamaşaçıya daha yaxın və qavranması daha asan olduğu halda ikinci mərhələdə əsərlər artıq bir xalqın yox, bütün Türk dünyasının tarixini əhatə etməklə dünyavi olmuş, fəlsəfi tutumu artmış, forma mücərrədliyi və texniki cəhətdən mükəmməlliyinə görə daha əlçatmaz olmuşdur. Bu mərhələdə formalar daha çox dinamik plastikliyi ilə deyil, daşın xarakterini özündə ifadə edən donuq, daşlaşmış xarakteri ilə özünü biruzə verir. Bu əsərlər sanki, Türk dünyasının daşlaşmış tarixini özündə əks etdirmişdir.
Məzahir Ərtuğ Avşarın yaradıcılığının ikinci mərhələsinin başlanğıcını təşkil edən "Turan", "Bengü daş", "XXI əsr", "Xaqan" kompozisiyaları yeni, daha dərin düşüncə tərzinin məhsullarıdır. Forma və üslub baxımından öz yaradıcılığında köklü dəyişikliklər edən rəssam öz əqidəsinə sadiq qalaraq daha mükəmməl və dünyəvi əsərlər yaratmışdır. Bu mərhələnin ilk monumental kompozisiyalarından olan "Bengü daş" (1989) bütün Türk dünyasınının tarix və mədəniyyətini ehtiva etmişdir. Türk mifologiyasına əsasən əbədi həyatın rəmzi sayılan bu möcüzəvi daş sonu olmayan əbədi bir varlığı ifadə edir. Türk dünyasının əzəli, əbədi varlığını ifadə edən Orxon yazıları ilə yazılı bu bengü daş mifologiyaya görə əbədi həyatı ifadə edən daş tısbağa formasının üzərində verilmişdir. Bir sıra qədim türk dövlətlərində daş kitabələr kimi istifadə olunan nəhəng daş tısbağa formaları tarixi əks etdirən daş kitabə-bengü daşlarla birləşərək bu kompozisiyada əzəmətli bir forma ortaya çıxartmışdır. Türk dünyasının əzəmətini və tarixini özündə əks etdirən bu kompozisiya öz bədiiliyinə görə fərqlənir.
Keramika sənətində özünəməxsus ifadə tərzi olan Məzahir Ərtuğ Avşar yaradıcılığı keramik kompozisiyalarda bütövlükdə türk tarixi, mənəviyyatı və mübarizlik ruhu lə yoğrulmuşdur. Tarixin daşlaşmış səifələrini ifadə edən bu kompozisiyalar forma etibarı ilə daha konkret, monumental və daha çox rəmziləşmiş formadadır. Bu əsərlər bütövlükdə böyük Türk dünyasının ruhu hopdurulmuş bir sənətkar ürəyinin bu hissləri ifadə edə biləcək dərin fəlsəfi obrazlar toplusudur. Müxtəlif silsilə xarakterli kompozisiyalardan biri olan, rəssamın 2001-ci ildə işlədiyi milli mənəvi dəyərlərimizi əks etdirən "Dədə Qorqud" dastanına həsr etdiyi relyef kompozisiyalarda təsvir olunan obrazlar ifadə baxımından maraq doğurur. Dörd təsvirdən ibarət olan kompozisiyada "Dədə Qorqud" dastanının obrazları canlandırılmışdır. Türk dünyasının qəhrəmanlıq və müdriklik rəmzinə çevrilən "Dədə Qorqud" dastanı milli kimliyimizi təsdiq edən bir abidədir. Rəssam bu silsilə kompozisiyalarında aparıcı obrazları canlandırmaqla IX əsrlə XXI əsr arasında körpü rolunu oynamışdır.
Müstəqillik dövrü Azərbaycan keramika rəssamları arasında Məzahir Avşardan sonra bütün yaradıcılığını türk xalqlarının tarixinə və mədəniyyətinə həsr edən ikinci bir rəssam çətin ki, tapılar. Bütün ruhu ilə Türk tarixini əks etdirməyə çalışan rəssamın yaradıcılığı müxtəlif bayağı mövzulara yox, məhz türkçülüyün və xalqın ovqatını tərənnüm edən ayrı-ayrı mövzularla zəngindir. Bu mövzular müxtəlif texniki proseslər, üslublar və forma müxtəlifliyini əhatə etmişdir ki, bu da rəssamın yüksək peşəkarlığını ortaya qoymuşdur. Müxtəlif üslub və formalarla zəngin olan bu əsərlərdəki əsas xüsusiyyətlərdən biri də məhz onların dərin fəlsəfi mənasının bədii cəhətcə uğurla həll olunmasıdır. Rəssamın soy kökə, xalqın acılı, şirinli tarixinə həsr olunmuş əsərləri gələcəklə keçmiş arasında körpü rolunu oynayaraq bu yolçuluqda hamını düşündürməyə vadar edir.
Rəssamın Türkiyə yaradıcılığında xüsusi önəm daşıyan Konya şəhərində ucaltdığı abidələrə öncədən ümumi bir nəzər salmağa ehtiyac duyulur. Daha çox türk dünyasının mübarizlik tarixini əks etdirən bu keramik kompozisiyalar öz əzəməti ilə monumental heykəltaraşlıq əsərlərini xatırladır. Memarlıq ansamblı ilə uyarlıq təşkil edən bu abidələr şəhərin görünüşünə xüsusi bir rəng qatmışdır. Mövzu etibarı ilə eyni olub böyük Türk dünyasının qəhrəmanlıq səlnaməsini əks etdirən bu əsərlər forma və kompozisiya baxımından tam fərqlidirlər. Daş, qaya, təkər formalarını əks etdirən bu kompozisiyalar bədii həllinə görə bir-birindən kəskin formada fərqlənsə də bütün kompozisiyalarda forma və ideya mövzunu tam şəkildə ifadə etmişdir. Sənətkarın "Təkər" (2001), "Xəbərdarlıq" (2001), "Soy ağacı" (totem) (2001), "Sarıqamış şəhidlərinə" (2002) adlanan, Türk dünyasının qəhrəmanlıq tarixini əks etdirən dörd monumental əsərləri Konya şəhərini bəzəməkdədir. Bu abidələrdən biri olan "Soy ağacı" (totem) xatirə abidəsi Səlcuq Universitetində-Süleyman Dəmirəlin adını daşıyan Mədəniyyət Mərkəzinin önündə yerləşir. Quruluşca hər, iki kub formasından sonra arakəsmələri olan və ümumilikdə üzərində qabarıq formaları olan 10 kub formasından ibarət bu monumental kompozisiyanın hündürlüyü 5,5 metrdir. Üst-üstə yığılmış kub formalarının hər tərəfə baxan səthləri üzərində yerləşən qabarıq formalarda verilmiş lent şəkilli təsvirlərdə Türk tarixinin şərəfli səifələrini və qəhrəmanlıq ruhunu əks etdirən türk igidlərinin maska üzləri əks olunmuşdur. Kompozisiyada qabarıq formalar üzərində qəhrəmanların obrazlarının sxematik görünən təsvirləri ilə yanaşı həm də qədim türk damğaları təsvir olunmuşdur. Bir-birinə söykənərək səmaya ucalan bu obrazlar türk dünyasının və onun şanlı tarixinin əzəmətini tərənnüm edir. Keçmişdən bu günə silsilə şəklində təsvir olunmuş bu türk igidlərinin maska təsvirləri həm də şərəfli və qəhrəmanlıq dolu bir yolçuluğu əks etdirmişdir. Kompozisiya baxımından bir-birindən fərqli şəkildə təsvir olunmuş maska üzlər bədii cəhətdən maraqlı həll olunmuşdur. Kompozisiyanın rəng həllində istifadə olunan mis oksid maskaları təsvir edən gilin öz rəngindən fərqlənərək onu tünd göstərməklə dahada əzəmətli etmişdir. Gilin rəngində verilən sxematik təsvirlər kompozisiyada kontrastlıq yaradaraq təsvirlərin aydın oxunmasını təmin etmişdir.
Bütün Türk dünyasının əfsanəvi atası sayılan Oğuz Xanın törəmələri olan, 24 oğuz boylarını təmsil edən "Təkər" kompozisiyası 2001-ci ildə Səlcuq Universiteti şəhərciyində ucaldılmışdır. Ağacdan hazırlanmış, oturacaq ilə birlikdə 4,5 metr olan bu monumental abidə dairəvi təkər formasındadır. Təkərin sağ tərəfində əfsanəyə görə Oğuz Xanın ikinci-göydən enən mələkdən dünyaya gələn və 12 Oğuz boyunu təmsil edən Bozoxların damğaları, sol tərəfdə isə Oğuz Xanın yerdən olan arvadından dünyaya gələn və daha 12 Oğuz boylarını təmsil edən Üçoqların damğaları relyef formasında təsvir olunmuşdur. "Təkər"-in üst səthində dairələr içində Orxon əlifbası relyef şəklində verilmişdir. Bundan əlavə "Təkər"-in mərkəzindən keçən forma üzərində aşağıda üç ox, yuxarı hissədə isə damğalar həkk olunmuşdur. Materialın rəngini özündə qoruyan bu əzəmətli kompozisiya memarlıq ansanblı ilə harmoniya təşkil etmişdir. Təəssüflə qeyd etməliyik ki, böyük Türk dünyasının tarixini, soy kökünü özündə cəmləşdirən bu əsər 2006-cı ildə qeyri müəyyən yerə götürülmüş və bu günə qədər onun yeri barədə heç bir məlumat verilməmişdir. Rəssamın bu əsərinin geyri keramik materialdan olmasına baxmayaraq, ideya uğurlu şəkildə mövzunu ifadə edə biləcək taxta materialı ilə icra olunmuşdur. Sənətkarın material duyumu bu əsərin uğurunu təşkil edən səbəblərdən ən başlıcasıdır. Buna görə də əsərdə materialın düzgün seçimi və onun yüksək dərəcədə həlli sənətkarın peşəkarlığının göstəricisidir. Bu ideyanın məhz təkər formasının üzərində qurulması Türk dünyasının soy kökünü və onun bu günə kimi "hərəkət" edərək gəlib çıxmasını ifadə etmişdir ki, bu da soy kökün əzəməti və qüdrəti ilə bağlıdır.
Sənətkarın 2001-si ildə Səlcuq Universitetinin şəhərciyində çalışdığı Sənət və Dizayn fakültəsinin binası önündə ucaltdığı hündürlüyü 4,5 metr olan "Xəbərdarlıq" abidəsi Türk dünyasının birliyinin, bərabərliyinin önəmini vurğulamağa xidmət edir. Kompozisiyada rəmzi mənada ağ işıqlı qüvvələri parçalamaq istəyən qara qüvvələr təsvir olunmuşdur. Rəmzi olaraq ümumiləşdirilən bu obrazlarda ağ işıqlı qüvvə Türk dünyasını, onu parçalamağa çalışan qara qüvvələr isə Türk dünyasının düşmənlərini ifadə edir. Kompozisiya ağ sal daşlar üzərində oyulan türk damğa və nişanların təsvirindən və bu daşın arasına keçərək parçalamağa çalışan qara daşdan ibarətdir. Bu kompozisiya forma baxımından mövzunu uğurla ifadə etmişdir. Ağ daşlar üzərindəki oyma şəklində verilmiş damğa və nişanlar kompozisiyanın bədiilyini artırmış, qara rəng təzad yaradaraq klassik fəlsəfəni, xeyirlə şərin mübarizəsini ifadə etmişdir. Bütün bunlarla yanaşı rəssamın əsas məqsədi Türk dünyasına qarşı gözlənilə biləcək istənilən təhlükəyə xəbərdarlıq işarəsi verib, əbədi birliyi, bərabərliyi və əsrlərlə yaranmış qüdrəti qorumaqdır.
Rəssamın müəllifi olduğu "Sarıqamış şəhidlərinə" (2002) adlanan daha bir abidə Konyanın Keyqubad bölgəsində yerləşmişdir. Bu abidə tarixi bir faciənin qurbanlarına çevrilən türk əskərlərinə həsr olunmuş xatirə abidəsidir. 1915-ci ildə Rusiyanın Osmanlıya müharibə elan etdiyi zaman qərbi Anadolu torpaqlarına girən rusları mühasirəyə almaq üçün yola düşən 90 minlik türk ordusu güllə atmadan Sarıqamış dağlıarının mənfi 40 dərəcəyə çatan qarlı, şaxtalı yollarında buz heykəllərə dönürlər. Zəfərləri qədər faciələri də çox olan Osmanlı tarixində bu hadisə misli görünməyən bir faciə kimi yazılıb. Əyinlərinin nazik geyiminə, düşməndən qat - qat zəif olan silah sursatlarına baxmayaraq, bir əmr ilə qarlı-boranlı dağları aşaraq ölümə getdiklərini bilə-bilə torpaqlarını xilasa hazır olan əsgərlər əbədi olaraq azadlıq uğrunda şəhid olurlar. Bu faciədən sonra, 1920-ci ildə Sarıqamış torpaqları düşmən işğalından əbədi olaraq azad olunur. Bu gün ruhları əbədi olaraq azadlıq keşiyində olan Sarıqamış şəhidləri sənətkarın abidəsində əbədiləşdirilmişdir.
Rəssamın 2005-ci ildə işlədiyi "Ovçular", "Rəqs edənlər" kompozisiyası eyni silsilədən olan əsərlərdir. Hər iki kompozisiyada ilk insan məskənlərindən sayılan qədim Qobustan qaya üstü rəsmlərdən istifadə olunmuşdur. Qədim qaya təsvirlərində olan, bəşəriyyətin ilk təsvir nümunələri yeni, daha üslublaşdırılmış formada öz əksini tapmışdır. "Ovçular" kompozisiyasında qədim ov səhnələrini əks etdirən qaya üstü təsvirlər dekorativ formada əks olunmuşdur. "Rəqs edənlər" kompozisiyası Qobustan qaya üstü tərvirlərdə verilən birlik, həmrəylik rəmzinə çevrilən "Yallı" rəqsini özündə əks etdirir. Bu kompozisiyada rəqs edən insanların təsvirləri üslublaşdırılmış, dekorativ formada verilmişdir. Rəqs edən fiqurlar rəqs elementi olaraq əllərini yuxarı qaldırmışdır ki, bu da nəticədə formanın yuxarı hissəsində aypara formasının yaranmasına səbəb olmuşdur. Bildiyimiz kimi aypara hətta ən qədim türk dövlətlərində də müqəddəs sayılan rəmzlərdən biri olmuşdur. Sonradan din və dövlət rəmzlərinə çevrilən aypara bu gün də müxtəlif dövlət rəmzlərində təsvir olunmaqdadır. Qədim sivilizasiyanın beşiyi olan Qobustan qaya üstü təsvirlərə əsəslanan bu kompozisiyalar forma etibarı ilə mövzunu tam ifadə etmişdir. Kompozisiyanın rəng həlli bədii cəhətcə onun zənginləşməyinə xidmət edir. Şamotdan hazırlanan bu kompozisiyaların forma və bədii həlli mövzunu uğurlu şəkildə ifadə etmişdir.
Rəssamın 2008-ci ildə işlədiyi "Xocalı" kompozisiyası ümumilikdə Türk dünyasına, azərbaycanlılara qarşı yönəlmiş əsrin və bəlkədə bəşəriyyətin ən dəhşətli faciəsinə həsr olunmuşdur. Azərbaycana qarşı hər zaman torpaq iddiasında olan və zaman-zaman öz təcavüzkar əməllərini işə salan mənfur ermənilər 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı moto atıcı alayının iştirakı ilə Xocalı şəhərini işğaı edərək, azərbaycanlılara qarşı soy qırım həyata keçirmişlər. Öz xalqının, ümumilikdə Türk dünyasının şanlı tarixini və faciələrini əsərlərinin daş yaddaşına köçürən rəssam dəhşətli Xocalı faciəsini "Xocalı" adlı kompozisiyasında əks etdirərək faciə qurbanlarının xatirəsini əbədiləşdirmişdir. Kompozisiyada bütöv bir forma yuxarı qalxdıqca ayrılan və əyilən dirəklərə parçalanaraq aşağıdan tikanlı məftillərlə sarınmışdır. Fikir etibarı ilə, əyilən dirəklər insanları, məftillər isə amansız düşmənləri ifadə edir. Kompozisiyada şamot materialının metal məftillərlə sintez olunması işin bədiiliyini daha da zənginləşdirmişdir.
Məzahir Ərtuğ Avşar yaradıcılığını izləyərkən belə nəticəyə gəlmək olar ki, müasir Azərbaycan keramikasında tarixi mövzuların böyük faizi məhz bu sənətkarın payına düşür. Bir örnək olaraq müasir gənc sənət ustaları sənərkarın yaradıcılığından geniş şəkildə bəhrələnmək və tarixi mövzulara köklənmək imkanına malikdirlər.
Sənətkarın xalqın soy kökünü, mədəniyyətini və mənəviyyatını ifadə edən sənət əsərləri öz fəlsəfi tutumu ilə keçmiş və gələcək arasında bir körpü rolunu oynayaraq bu yolçuluqda Türk dünyasının şanlı qəhrəmanlıq səhifələrini sərgiləməklə vaxtı ilə Əfsanəvi Türk hökmüdarı Oğuz Xaqanın söylədiyi "Ey Türk Milləti ! Titrə və özünə dön ! Sən özünə dönəndə böyük olursan" ifadəsi ilə çağırış etməkdədir. Xalqının və bütövlükdə Türk dünyasının tarixini əks etdirən Məzahir Ərtuğ Avşar Azərbaycan incəsənət tarixinə bənzərsiz sənət əsərləri bəxş edərək yaratdıqlarının zamansızlığa və məkansızlığa qovuşmasını şərtləndirmişdir .
Məhz buna görədə yaradıcılığında xalqın yaşadığı hər bir tarixi məqamı ifadə edən abidələrin nəinki Azərbaycanın hüdudlarından kənarda, hətta öz şəhərlərimizdə də olması xalqın tarixinin əbədiləşdirilməyinə daha dəyərli töhvə olardı. Ümid edirik ki, yaxın gələcəkdə tariximizi əks etdirən bu abidələr öz əzəməti ilə şəhər və meydanlarımızı bəzəyəcəkdir.

NƏSİBƏ ŞÜKÜROVA
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının disertantı.
Fəxri Mədəniyyət işçisi
Bu xəbər oxucular tərəfindən 534 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed